Əlaqə Arxiv
news Image
2013.04.10
14:35
| A A A
Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Suraxanı rayonunda tədbir keçirilib

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə silsilə tədbirlər keçirilir. 


 Mövqe.az-ın məlumatına görə, növbəti belə tədbir 10 aprel tarixində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında keçirilib. Tədbir iştirakçıları əvvəlcə, Heydər Əliyev parkında Ulu Ündərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlara məlumat verilib ki, Mərkəzdə Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.


Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən kitab sərgisi ilə tanışlıqdan sonr Mərkəzin Elektron lektoriya zalında öz işinə başlayan tədbirdə əvvəlcə bir dəqiqəlik sükutla Ulu Öndərin əziz xatirəsi yad edilib. Sonra çıxış üçün söz Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasova verilib. Rayon rəhbəri çıxışına Ulu Öndərin mədəniyyətlə bağlı dediyi sözlərlə başlayıb: "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir".Ulu Öndər Heydər Əliyev Azərbaycanın ən böyük sərvəti hesab olunan milli-mənəvi dəyərlər və mənəviyyatımızın sözün böyük mənasında hamisi olmuşdur. 

Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük məhəbbət duyğularıyla yanaşan Ümummilli Lider həm də bu dəyərlərin qoruyucusu idi. Hələ ötən əsrin yetmişinci illərində görkəmli dövlət xadimi, müdrik şəxsiyyət kimi Ulu Öndər, yaxşı bilirdi ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yolgöstərəni və bələdçisidir. Milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf proqramı ola bilər. Heydər Əliyev nəinki bu proqramı yaratdı, həm də onu qəbul etdirdi.


İlqar Abbasov qeyd edib ki, Heydər Əliyevin mədəniyyətimizlə bağlı gördüyü işləri sayıb qurtarmaq çətindir. Nizami Cəncəvinin məqbərəsinin bərpası, Molla Pənah Vaqifə məqbərə tikilməsi, Gəncədə Cavad xan kompleksinin inşa edilməsi, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana gətirilməsi, doğulduğu doğma Naxçıvanda torpağa tapşırılması və müqəddəs Cavidin ruhuna hörmət olaraq məqbərənin ucaldılması, eləcə də Bakıda bu böyük şairin adına ev muzeyinin açılması məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün Azərbaycanda onlarla sənət adamının-yazıçıların, şairlərin, musiqiçilərin, rəssamların, memarların ev muzeyləri fəaliyyət göstərir. Teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi ilk əvvəl Azərbaycan dövlətinin, onun Ümummilli Lideri Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olmuşdur.


Ulu Öndər mədəniyyətə sadəcə qayğı göstərməklə kifayətlənmirdi. İstənilən musiqi əsəri, incəsənət xadiminin yaradıcılığı haqqında elə dəqiq fikirlər söyləyirdi, təhlillər edirdi ki, sənətşünaslar həsəd aparırdılar. Heydər Əliyev hər bir sənət sahibi ilə məhz o sənətin mahir bilicisi kimi söhbət edirdi. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə böyük əhəmiyyət verirdi. Ulu Öndərin milli mədəniyyətə, mənəviyyata göstərdiyi münasibət və mövqe hər birimiz üçün böyük məktəbdir.

Xalqı tarixdə yaşadan onun yetirdiyi böyük şəxsiyyətlərdir.

Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib.

Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.


"Biz öz milli- mənəvi dəyərlərimizlə, adət- ənənələrimizlə fəxr edirik", deyən Ümummilli Liderin ideyaları bu gün də yaşayır və böyük uğurla həyata keçirilir. Ölkəmizdə bu gün bir-birinin ardınca beynəlxalq mədəni tədbirlər keçirilir. Azərbaycanın milli mədəni sərvətləri UNESCO səviyyəsində qorunur, təbliğ olunur. 

Bu gün ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqlarına əsasən tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. Dövlətimizin başçısının bununla bağlı imzaladığı fərman və sərəncamlar, aparılan məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində bir sıra abidələrimizin YUNESCO-nun mədəni irs siyahısına daxil edilməsi, qədim tariximizi yaşadan məbədlərin təmir və bərpası, bölgələrdə aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar bunun ən yaxşı göstəricisidir. 


Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. İndi Bakıda Muğam Mərkəzi fəaliyyət göstərir, Xalça Muzeyi inşa olunur, yeni sərgi salonları yaradılır. 

Rayon rəhbəri qeyd edib ki, belə layihələrdən biri də Azərbaycanın maddi mədəniyyət abidələri sırasında XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESCO-nun "Dünya irsinin ilkin siyahısı"na daxil edilmiş "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda reallaşıb. 

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilən qoruqda 2009-cu il ilin iyulundan ərazinin mühafizəsi və maddi-texniki təminatın gücləndirilməsinə başlanılmış, məbəd və məbədətrafı ərazilərin abadlaşdırılması həyata keçirilib. 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilmiş, yeddi ay ərzində başa çatdırılıb. Qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilib. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunub. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılıb. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur. Muğam evində isə buraya gələn ziyarətçilərin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə ayrıca guşə yaradılıb. Burada Azərbaycan muğamının təbliği məqsədilə müxtəlif konsertlərin təşkili də nəzərdə tutulub. Kütləvi tədbirlərin keçirilməsi üçün  burada hər cür şərait yaradılıb.


Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva bu gün mədəniyyətimizə hamiliyi uğurla davam etdirirlər.

Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev çıxış ediblər. Natiqlər bir daha vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olub. Qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız məhz Ümummilli Liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu Öndər Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı idi. Həyatımızın bütün sahələrində unudulmaz Liderimizin elə qüdrətli və əzəmətli yadigarları var ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətləri qarşısında heyrətimizi, məhəbbətimizi bildirməyi özümüzə borc bilirik.


Sonra mədəniyyət işçılərinin təşkil etdiyi ədəbi hissə olub. Ulu Öndərin şərəfinə yazılmış şerlər, musiqi nömrələri səsləndirilib.


Tədbir bu notlarla yekunlaşdı: Heydər Əliyev siyasəti yaşayır. Azərbayan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi bir lideri var.



Sizin Reklam Yeriniz