news Image
2013.04.11
17:16
| A A A
Unudulan xeyriəyyə konsert və tamaşaları
Ötkəm İsgəndərov: «Tez-tez bu cür tədbirlər həyata keçirilməlidir» Naibə Allahverdiyeva: «Qulağıma çatdı ki, o konsertləri təşkil edənlər özlərinin maddi baxımdan təminatına çalışırlar»

Elçin Cəfərov : "Demək olar ki, bütün tamaşalarımızda kimsəsiz uşaqlar, əlillər üçün biletlər ayrılır"


Xeyriyyə məqsədilə keçrilən konsert və tamaşalara əvvəlki dövrlərdən fərqli olaraq indi daha az rast gəlinir. Mövqe.az bunun səbəblərini araşdırmağa çalışıb. Görəsən ölkəmizdə niyə əvvəlki illərdəki kimi xeyriyyə konsertləri və ya tamaşaları keçirilmir?

Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aktyor sənəti" fakültəsinin dekanı Ötkəm İsgəndərov bununla əlaqədar öncə tələbələrinin tez-tez xeyriyyə konsertəri təşkil etdiyini bildirib: "Mənim tələbələrim tez-tez gedib xeyriyyə konsertləri, xeyriyyə tamaşaları göstərirlər. Uşaq evlərində, qocalar evində və s. məkanlarda belə konsertlər həyata keçirirlər. Teatra getməyə vaxtım olmasa da, deyə bilərəm ki, tez-tez bu cür tədbirlər həyata keçirilməlidir".

Maraqlı obrazları ilə teatrsevərlərin rəğbətini qazanmış əməkdar artist Naibə Allahverdiyeva isə əvvəllər tez-tez xeyriyyə konsertlərinə getdiyini qeyd etdi:

" İndi xeyriyyə konserti təşkil edilən konsertlərin adı xeyriyyə konsertidir. Mən şəxsən əvvəllər tez-tez çıxış edirdim. Sonra qulağıma bəzi şeylər çatdı ki, o konsertləri təşkil edənlər özlərinin maddi baxımdan təminatına çalışırlar. Şəxsən mən bundan uzaqlaşdım. Amma yenə də hərdən olur ki, o cür konsertlərə gedirəm və sonrakı məsələləri o təşkilatçıların vicdanına buraxıram. Qocalar evində, internatlarda belə tədbirlər olur. İyunun 1-i restoranda uşaqlara aid xeyriyyə konsetri olacaq, ora gedəcəyik.

Bəli, əvvəllər belə konsertlərin sayı daha çox olurdu. Biz sənət adamları belə işlərdən qalmırıq. Mən o cür konsertlərdən heç bir maraq güdmürəm. Bu yaxınlarda 1 ay heç olmaz ki, biz Mədəniyyət Nazirliyinin xətti ilə Laçın, Goranboyda bu cür konsertlərdə iştirak etmişik. Nazirlik xətti ilə gedəndə bizə qonarar da yazılır. Amma başqa insanlar vasitəsilə gedəndə heç bir maddi bir şey olmur. Ümumiyyətlə bu cür xeyriyyə konsertləri sadəcə mənəvi cəhətdən insanların ruhunu oxşamaq üçün təşkil olunmalıdır. Digər məqsədlər güdülməməlidir".

Azərbaycan Dövlət Akademik Milli Dram teatrının mətbuat katibi Elçin Cəfərov Mövqe.az-a məhz teatrda xeyriyyə məqsədi ilə təşkil etdilən tamaşalardan danışdı: "Demək olar ki, bütün tamaşalarımızda kimsəsiz uşaqlar, əlillər üçün biletlər ayrılır. Əllilər Cəmiyyətindən, uşaqlar evindən müraciət olanda birgə əməkdaşlıq üçün biz heç vaxt imtina etmirik. Onlara pulsuz dəvətnamələr verilir. Elə vaxtlar olur ki, biz də açıq qapı günü olur. 20 yanvar günlərində bizdə 2 tamaşa oldu. Heç birində də biletlər satışa çıxarılmır. Bizdə bu tipli tədbirlər mütamadi olur.

Azərbaycan Dövlət Akademik Milli Dram teatrının tamaşalarının başqa yerlərdə oynanılması çətindir. Çünki bizim dekorasiyalar böyükdür, heyət çoxdur. Buna görə də gedib xeyriyyə məqsədi ilə bütöv bir tamaşa göstərə bilmirik. Ancaq 3-4 aktyor yığışıb hərdən uşaq, əlillər evlərinə tədbirlərə gedirlər, qısa səhnəciklərdə oynayırlar.

Tamaşadan-tamaşaya fərq var. Vətənpərvərliklə bağlı olan tamaşalarda ("Qarabağnamə", "Xəcalət) daha çox əlilərə, məktəblilərə, internatdakı uşaqlara biletlər verilir. Təşkil olunan tamaşalarda 40-50 nəfərlik, bəzən isə 100 nəfərlik yerlər ayrılır və o cür insanlar gəlib tamaşalarımızı seyr edirlər. Yetər ki, bizimlə bir-iki gün öncə əlaqə saxlasınlar və neçə nəfər gələcəklərini desinlər".