Əlaqə Arxiv
news Image
2018.07.20
15:15
| A A A
Yeni nəşrlər: Oxuyun, bəhrələnin

Bu ilin may ayının sonlarında “Elm və təhsil” nəşriyyatı tərəfindən buraxılmış tanınmış şəxsiyyət, III dərəcəli “Vətənə xidmətə görə” ordenli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatçısı həmyerlimiz Ələşrəf Niftiyevin eyni vaxtda “Seçilmiş hekayələr” və “Uşaqlar üçün hekayələr” kitabları yenicə işıq üzü görmüşdür.
Açığını deyim ki, zəngin həyat təcrübəsi və mənalı ömür yaşamış, müdrik və təfəkkürlü, yüksək intelektə malik olan insanlardan, istər qüdrətli söz və kəlam, istər məsləhət və tövsiyələri, istərsə də qələmə aldıqları xeyirxah məqsəd güdən məqalə və ya kitablarından oxucular həzz alır, müəllifə sevgi və sayğıları artır. Ona görə ki, qələmə alınan olaylar, epizodlar əsasən həyatdan götürülür. Bu da hər bir oxucunun müsbət qəhrəmanlardan və nümunələrdən yararlanmağına xidmət edir. Həm də kiçiklərə və gənclərə, böyüklərə köməkçi vasitə rolunu oynayır. Bu mənada hər iki kitabı böyük maraqla oxudum. Əlbəttə, nüfuzlu söz sahibindən yalnız oxunaqlı, yaddaqalan belə sətirləri gözləmək olar. 
Elə “Uşaqlar üçün hekayələr” kitabına giriş kimi seçilmiş Məhəmməd peyğəmbərimizin “Kiçiklərimizə mərhəmət və sevgi, böyüklərimizə hörmət göstərməyən bizdən deyil” kəlamı ilk baxışdan diqqətimi cəlb etdi. İkinci kitabı da vərəqləyib oxuduqdan sonra nəticəyə gəldim ki, müəllifin oxuculara iki tövsiyəsi birbaşa uşaqlarla və böyüklərlə yaşanan problemlərdə, təmaslarda və münasibətlərdə, cəmiyyəti ciddi düşündürən məsələlərdə Peyğəmbərimizin (s) artıq aforizmə çevrilmiş sözlərini uca pafoslasöyləməklə əsərin dəyərini və qiymətini artırır. Oxucu da bundan yararlanır, bəhrələnir, mənəvi zövq alır.
“Nə əkərsən, onu da biçərsən” hekayəsində yaşlı bir adamın düşünülməmiş şit zarafatı əsnasında mənəvi və fiziki zərbə almış Saməddin əziyyət çəkir. Dost-tanışlarının atmacalarından utanıb xəcalət çəkir. Onsuz da kasıbçılıq, nəzarətsiz şəraitdə xırda alverlə ailəsini güclə dolandıran bu yeniyetmə əvvəl dostu Əmən tərəfindən yaşlı kişidən qisas almaq və pislik etmək təklifini əqidəsinə sığışdırmasa da dostunun “kişi ol” bu hiyləgər Əslana biz də nəhayət bir dəfə dərs verməliyik. “Səndən toxum istəməmişdi? Tərəvəz toxumlarını qaynadaq verək. Başıma dönsün yaxşı bir şey hasil olar” sözləri barədə xeyli götür-qoy edirlər. Belə də edirlər. Nəticədə qoca qəzəblənir, Saməddini hər gün axtarır, əlinə düşmür. Nəhayət bir dəfə bazrda onu arxadan yaxalayır. “Əyə, vələdüzina, mənə kəf gəldin?” – deyə haqq-hesab çəkmək istəyir...
Saməddin isə cavabında “Qoca, atalar demişkən qisas qiyamətə qalmaz. Nə əkərsən, onu da biçərsən,”   – deyir.   
Hekayənin sonu və kulminasiya nöqtəsi görün uşaqlara, oxucuya   nə qədər sevinc gətirir ki, hamı başa düşür: bədxahlıq, pislik, xəbislik və xəyanət cavabsız qalmır. 
“Sizə əsa alacağam” başlıqlı hekayədə uşaqların erkən çağlarından tərbiyəsi ilə ciddi məşğul olmaqla onlarda əməksevərlik, böyüklərə hörmət hislərinin aşılanmasında doğru məsləhətlərə, düzgün yol göstərənlərə qulaq asmaq, valideynlərin əməyini və zəhmətini qiymətləndirmək kimi meyarları gözləmək tövsiyə olunur. Qocalmış və artıq taqətdən düşmüş baba və nənə nəvələrinə şikayətlənirlər ki, əl-ayaqlarında güc yoxdur. Övladlarına ev-eşik salıblar, bağ-bağat yaradıblar. -Bəs onlar nə vaxt qocalara kömək edəcəklər? - sualına balaca Əli gücənə-gücənə cavab verir ki, böyüyəndə, işləyəndə onlara əsa alacaq. 
Heç olmasa övladlarından fərqli olaraq nəvəsinin bu cavabı qocalara bir az təsəlli və ümidverici görünür. 
Geniş oxucu kütləsi üçün yenicə çapdan çıxmış “Seçilmiş hekayələr” kitabında cəmiyyətə zidd hərəkətlərə yol verənlərə sərt sifət göstərmək, ailə-məişət məsələlərində insani münasibətlərdə bəzi xoşagəlməyən olaylarda belə hallara qarşı mübarizədə sayıq, gözüaçıq, gərəkli və xeyirxah olmaq amalı önə çəkilir. Mərhəmətlə, sağlam tənqidlə pis vərdişlərə və məşğulluqlara qarşı ictimaiyyətin təsir vasitəsini gücləndirmək pafosu ilə səslənən sətirlər oxucunu dərindən düşünməyə vadar edir. Bu ürək yanğısı, vətəndaş narahatlığı, ağsaqqal təəssübkeşliyi ilə düzənlənən səmimi sözlər həqiqət hamını narahat etməlidir. 
“Xeyirli müdir təyinatı” ədəbi nümunədə yaxın keçmişin idarəetmə üsullarındakı bəzi mənfi halları göstərməklə elə həmin quruluşun tərbiyəsini və qaydalarını görüb-götürmüş Əliağa kişinin şakərlərini sadalamaqla onun nəhayət vəzifəyə irəli çəkilməsi və gələcək fəaliyyətində az da olsa müsbət tərəfə istiqamət götürməyinə müəllif real gedişlərlə işarə edir. Hər bir dövlət məmuruna və   kollektiv rəhbərinə, ailə başçısına ölçü və əndazədə çərçivəsində   xalqa, el-obasına, ailəsinə xidmətdə uca, nüfuzlu, qadir görmək istəyi oxucunun ürəyindən elə bil tikan çıxarır. 
Heç şübhə yoxdur ki, “Yeməkdən xeyli çox çay pulu” hekayəsi ilə təsvir olunan o vaxtkı bir olay indi də artıq məsrəflərə yol verilməsi, lüzumsuz və dəbdəbəli mərasimlər keçirmək, tez-tez mənasız və yersiz oturub-durub kampaniyalar təşkil etməklə heç kəsə fayda gətirməyən belə tədbirlərə son deməyin vaxtının çatdığına işarə edir. Bununla müəllif milli adət-ənənələrimizin əndazə və ölçüdə qorunub saxlanılması və yaşanmasında hamını nümunə göstərməyə səsləyir. 
Bütün kitablarında, yüzlərlə məqalələrində olduğu kimi tanınmış yazıçı –publisist bütün hallarda haqq-ədalətin tərəfində durmaqla tərəzinin gözünü düz tutmağa çalışır.
“Axtarma məni”, “Hədiyyələr qismət olmadı” hekayələrində məntiqi düşüncə ilə içkiyə aludəçilik, nəticədə ailəsinin, dost-tanışının nifrətinə səbəb olan belələrinin ümumiləşdirilmiş obrazı yaranıb. Müəllif uca səslə “baxın bunlara” sözləri ilə qəzəblənir, hiddətlənir. Ailələrin dağılması mənəviyyatsızlıq, uşaqların və hər bir kəsin ovqatına, durumuna utanclıq gətirən düşkünlərin və antipodların hərəkətləri ifşa olunur. Belələrinin sağlam həyat təzrzinə qayıtması məqsədilə personajların dili və onlara yanaşma tərzi ilə tərbiyəvi təsir vasitələrindən istifadəsi və təbliği də əsərdə unudulmayıb. Baş verən mənfi halların qarşısına sipər çəkilməsi, cinayətə aparan yollardan çəkinmək sayəsində valideyn, ağsaqqal, ziyalı nümunəsi şübhəsiz bütün hallarda mühüm rol oynamalıdır.
Ə. Niftiyev növbəti dəfə oxuculara təqdim etdiyi ikinci kitabındakı “Toy başlamamış dava”, “İddiadan imtina”, “Toydan bəhrələnmiş ağamız” və digər hekayələrdə insanlar arasında həqiqi dostluq və şəxsi mənafe güdülməyən, faydalanmaq, sui-istifadə əsasında qurulmayan, saf, mənəvi münasibəti faydalı və düzgün sayır. 
Qulluq, yaxud vəzifə başında olanlara girişib onlardan şəxsi məqsədləri üçün istifadə edənlər tez-tez peşimançılıq çəkib bu düzgün qurulmayan münasibətlərdə uduzmalıdırlar. Həqiqətin qanunu belədir. Bizə verilən abır-həya, ləyaqət və kişilik əmanəti saf və təmiz qorunmalı, ona xəyanət bağışlanılmamalıdır. 
Hesab edirəm ağsaqqal yazarımız Ələşrəf müəllimin nəşr olunan bu iki kitabındakı süjet xətti, olaylar, obrazlar həyatdan götürülüb, ümumiləşdirilmiş personajlar silsiləsi və aktual mövzu kimi təqdim olunub. Əminəm ki, o biri əsərləri kimi müəllifin oxucularımıza ərmağan etdiyi bu töhvəsi də geniş auditoriyaya hesablanmaqla hər bir oxucunun rəğbətini qazanacaqdır. Oxuyun, bu kitablardan bəhrələnin. 
 
Əlihüseyn ŞÜKÜROV,
  Masallıda çıxan   “Yeni həyat” qəzetininn Baş redaktoru.

Sizin Reklam Yeriniz