Əlaqə Arxiv
news Image
2018.08.06
15:49
| A A A
Naxçıvanda brayl əlifbası ilə kitab və jurnallar çap olunur

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının təmin olunması, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır. Bu qəbildən olan uşaqlara qayğının nəticəsidir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq olunub və uğurla həyata keçirilir.

Dövlət proqramının icrası həmin kateqoriyadan olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına hərtərəfli şərait yaradıb. Bu vəzifələrin yerinə yetirilməsində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin xüsusi rolu var. 2010-cu ildən fəaliyyət göstərən mərkəzdə məhdud fiziki imkanlı şəxslər üçün informasiya texnologiyaları tədris olunur. Bu, görmə qabiliyyəti məhdud olan uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanması ilə yanaşı, həm də bu qəbildən olan uşaqların təhsil səviyyəsinin yüksəldilməsi, mütaliə bacarıqlarının artırılması, eləcə də dünyagörüşünün formalaşdırılması istiqamətində mühüm rol oynayan brayl əlifbasının tətbiqinə də şərait yaradır. Hazırda bu əlifba ilə bir sıra kitab və jurnallar çap edilir. “Könül işığı” adlı brayl jurnalının nəşri də bu istiqamətdə görülən işlərin davamıdır.

Mərkəzin əməkdaşı, brayl üzrə redaktor Elməddin Kərimov AZƏRTAC-ın Naxçıvan bürosuna bildirib ki, görmə qabiliyyəti məhdud şəxslər üçün “Könül işığı” adlı brayl jurnalının ilk nömrəsi 2014-cü il mart ayının 14-də işıq üzü görüb. Jurnalın nəşrində əsas məqsəd görmə qabiliyyəti məhdud şəxsləri gündən-günə yeniləşən muxtar respublikamızın dinamik inkişafı barədə məlumatlandırmaq, xalqımızın tarixini, milli dəyərlərini təbliğ etməklə onların bu sahədə biliklərini artırmaqdır.

Ölkəmizdə ilk dəfə muxtar respublikada işıq üzü görən brayl jurnal ayda bir dəfə oxucuların görüşünə gəlir və onlara pulsuz çatdırılır. Eyni zamanda, jurnalın hər nəşrindən sonra onun audio versiyası hazırlanır və audiokitabxana xidmətinin kataloquna daxil edilir. Bu isə görmə qabiliyyəti məhdud şəxslərin həm də bu imkandan istifadə etmələrinə şərait yaradır. Jurnalın bu il üçün 6-cı nömrəsi hazırlanıb və yaxın günlərdə 7-ci nömrəsi oxuculara təqdim olunacaq.

Elməddin Kərimov qeyd edib ki, jurnal “Şərq qapısı” qəzetində dərc olunmuş müvafiq materiallar əsasında hazırlanır. Həmin materiallar, əsasən, muxtar respublikanın tarixinin, mədəniyyətinin, adət-ənənələrinin zənginliyini özündə əks etdirir.

Müsahibimizin sözlərinə görə, 2017-ci ildən fiziki imkanları məhdud balacalar üçün “Şəfəq” adlı brayl jurnalı da nəşr olunur. Bu jurnalda atalar sözləri, yanıltmaclar, tapmacalar, balaca dostlar üçün vətənpərvər ruhda yazılan hekayə və şeirlər, milli atributlar haqqında məlumatlar öz əksini tapır. Jurnalın artıq bu il üçün iki nömrəsi oxuculara təqdim edilib.

Mərkəz tərəfindən brayl əlifbası ilə çap olunan jurnallarla yanaşı, kitablar da nəşr edilir. Misal kimi Azərbaycan Respublikasının Konstitusiyasını, eyni zamanda Əzizə Cəfərzadənin, İlyas Əfəndiyevin, Məmməd Arazın və bir çox tanınmış simaların seçilmiş əsərlərini göstərmək olar.

Son illərdə bu qəbildən olan insanlar üçün mərkəz tərəfindən həyata keçirilən bu tədbirlər sağlamlıq imkanları məhdud insanların cəmiyyətin aktiv üzvünə çevrilməsinə geniş imkanlar açıb. Yaradılan şərait onların maraq göstərdikləri sahələrdə uğur qazanmalarında əvəzsiz rol oynayır.

Sizin Reklam Yeriniz