Əlaqə Arxiv
news Image
2018.10.06
09:30
| A A A
Ədəbiyyatda bazar münasibətləri…
Şeirlərimizdə poetika, kitablarımızda yüksək dəyərlər problemi

Müstəqillik illərindən əvvəlki dövrü görmüş insanlar indi həyatımızın bəzi sahələrində baş verən, belə desək, geriliyi, zövqsüzlüyü, yaxud özbaşınalığı haqlı olaraq qəbul edə bilmirlər. Bu olaylardan biri hər gün kitab mağazalarının rəflərini dolduran, məktəblilərin çantalarını ağırlaşdıran bir sıra kitablar barəsindədir. Sovetlər dönəmində dərc olunan hər kitaba diqqət vardı və hər yerindən duranın kitabı çap olunmurdu. İndi bu sahədə xoşagəlməz vəziyyət yaranıb. Yox, taleyin qəzavü-qədəri ilə istedadlıların anomaliyaya bənzər vaxtı keçmiş oyanışlarını nəzərdə tutmuruq. Söhbət ədəbiyyata bazara çevirib sərxoşların kef məclisləri üçün yazdıqları cızma-qaralardan gedir.

Şeir-sənət insanın mənəvi təkamülü, həyatın çətin dönəmlərində düşdüyü psixoloji sarsıntıları dəf etmək üçün mənəvi dəyər kəsb edəndə qiymətli və sevilən olur. Hərcayı ifadələrlə doldurulmuş, üstəlik də poetik dəyərdən məhrum söz yığınından ibarət şeir adına təhqir olan “şeir”lər isə oxucuda şəhvət oyadıb populyarlıq qazanaraq pul əldə etmək məqsədindən o yana getmir. Lakin ədəbiyyatın bu cür bazar, əslində isə alver münasibətlərinə qurban verilməsi millət və xalq, mədəniyyət və dövlət üçün ciddi töhmətdir.

Bu günlərdə belə nümunələrdən biri haqda anons verilib: “Sosial şəbəkədə özünü şair kimi təqdim edən Ziba Hüseynova adlı qadının kitabı müzakirə mövzusuna çevrilib. Ən diqqətçəkən məqam isə qadının şeirlərindən birində +18 ifadələrdən istifadə etməsidir”. Z.Hüseynova bildirib ki, şeiri özünə aid yazmayıb: “Facebook-da yerləşdirilmiş bir videoda gördüm ki, bir qadın mollanın yanına gedib. Molla əvvəlcə nəsə oxuyur, sonra qadını özünə tərəf çəkib əlləməyə başlayır. O qadın da avam adamdır. Həmin şeir də avam qadının dilindən yazılıb”. Belə çıxır ki, başqasının adından hər nə desən yazmaq olar. Halbuki Z.Hüseynova unudur ki, bu misralar onun müəllifliyi ilə yayılır və ictimai təhqir ifadə edir. Bu nüansı anlamağa qadir olmayan təfəkkürdən doığun sənət əsəri gözləmək olarmı? Əsla! Şeirdən də bu görünür.

“Mənə dua yaz, ay molla Edim sənə naz, ay molla” deyən qadın sonra “Allahdan ölüm olsun, Qoy sənə zülüm olsun” deyir, guya mollaya etiraz edir. Yəni süjetdə məntiq yoxdur. Bütün “şeir” boyunca “Götürginən əllərini, Bədənimdən sən, ay molla” antipoetik cümlələr isə oxucunun zəhləsini tökməkdən başqa heç nəyə yaramır. Orfoqrafik səhvləri də bura əlavə etsək, bu vəziyyətin bircə adı var:biabırçılıq!

Və yaxud dərsliklərimizdə uşaqları mənəvi dönüklüyə, əxlaqsızlığa təhrik edən kifayət qədər “əsərlərə” rasy gəlirik. İbtidai sinif şagirdləri üçün nəzərdə tutulan kitabda yer alan nağıl müzakirələrə səbəb olub (“Azxəbər.com” saytı). Nağılda ögey ana ilə övladın münasibətindən söhbət açılır. Kitabdan sitat: “Oğlan yorğanı qaldırdı ki. altına girsin. Orada nə görsə, yaxşıdır. Analığı anadan necə doğulmuşdusa, eləcə çılpaq uzanmışdı onun yatağında. Özü də elə gözəldi, elə gözəldi, elə bil mələkdir”. Biz məktəblilərimizə nə aşılayırıq?!

Yenə də ibtidai sinif şagirdlərinin dərsliyinə salınmış bir şeir: “Barı xəstələnəydim, Qalxaydı hərarətim, Qurtaraydı canımı, Sabahkı dərsdən mənim”. Yeniyetmələrə dərsdən yayınmağın “gözəl” üsulu haqda mənasız söz yığını deyil bu! Başlıcası da uşaqların təfəkkürünə fırıldaçılıq sindromu aşılanır. Bundan isə ailələr və cəmiyyət ziyan çəkir.

Biz nə qədər sovet dönəmini lənətləsək də biz həmin dövrdə milli dəyərlərimizi daha yüksək səviyyədə qoruyub saxlamağı bacarırdıq. İndi isə yox, pul çox adamın və çox təşkilatların gözünü örtüb. Bəla isə gözləmədiyimiz halda gəlir. Halbuki buna biz öz etinasızlığımızla yardım edirik. Buna görə də bu işdə qyda qanun yaratmağın vaxtı çoxdan çatıb. Kitab çapının məsuliyyəti artırılmalıdır. Nəşriyyatlar, istər dövlətin tabeliyində olanlar, istərsə də xüsusi mülkiyyətdə olanlar, hamısı vahid çap reqlamentinə ciddi əməl etməlidir. Kitabların redaktorlarının və korrektorlarının məsuliyyəti qanunla tənzim olunmalıdır. Əks halda olan-qalanımızı da itirəcəyik. İtiriləni olduğu kimi və yaxud onun əsasında dövrün tələblərinə uyğun yaratmaq uzun və məşəqqətli işdir. Halbuki bizdən əvvəlkilər əziyyətə qatlaşıb bu işi götüblər. Onu niyə dağıdaq ki..?!

N.NOVRUZ

 

 

 

 

 

Sizin Reklam Yeriniz