Əlaqə Arxiv
news Image
2018.11.08
08:00
| A A A
Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi böyük sərvəti
Ölkəmizin mədəni irsi bəşər mədəniyyətinin ən zəngin qollarından biridir

Azərbaycan torpağı bəşəriyyət tarixinin və mədəniyyətinin ən yaddaqalan səhifələrini yaratmağa nail olub. Tariximiz boyu təbii və milli-mədəni sərvətimiz dünya xalqlarının diqqətini özünə cəlb edib. Böyük zəhmət hesabına YUNESKO-nun qeyri-maddi irs siyahısına salınan qiymətli arxeologiya, mədəniyyət, mənəviyyat örnəkləri dünyada Azərbaycanın mədəni xəritəsinin zəngin elementləridir. YUNESKO-da Azərbaycan xalqının və Azərbaycan məmləkətinin döyünən qəlbi olan xalçalarımız, muğam və aşıq sənətimiz, İçəri Şəhərimiz, Qobustanımız bir möcüzə kimi insanların yaddaşına həkk olunur. 

Qədim və zəngin mədəniyyətimizin dünyaya səs salan qollarından biri musiqimiz və onun şah əsəri olan muğamdır. Azərbaycan muğamlarında milli mədəniyyətin palitrası, hər bir azərbaycanlının mənəvi və ruhi dünyası əks olunur. Xalqımızın mənəvi yassaşı olan muğamın təbliğinə son 15 ildə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət göstərilir. Muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından son dövrlərdə yaradılan Muğam mərkəzlərinin müstəsna əhəmiyyəti var. Bu məsələdə Heydər Əliyev Fondunun, fondun sədri Mehribam xanım Əliyevanın xidmətləri misilsizdir. M.Əliyevanın təşəbbüsü ilə bu günlərdə Ağdam rayonunda yaradılan növbəti Muğam Mərkəzinin açılışı olub. 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzulidə inşa olunan Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına mühüm töhfələr verib. 
Bəşəriyyətin şifahi və mənəvi irsinin incilərindən olan muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən sanballı işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da tarixi töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, 2003-cü ildə UNESCO həm milli, həm də bəşər mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyərini etiraf etdi. Muğam UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb. Ötən illərdə Heydər Əliyev Fondu ilə Azərbaycan Televiziyasının birgə layihəsi əsasında “Muğam televiziya müsabiqələri”nin keçirilməsi bu əvəzsiz sənət nümunəsinin yaşadılması, xalqımızın qədim yaddaşından gələn muğamlarımızın qorunması istiqamətində mühüm hadisələr kimi tarixə düşüb. 
Ağdam Muğam Mərkəzinin açılışında çıxış edən Prezident İlham Əliyev mədəni irsə münasibət barədə deyib: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət, hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür. Doğrudan da ənənəvi muğam müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var”. 
Heydər Əliyev Fondu yaranan gündən mədəni irsimizin yeni inkişaf dövrü başlayıb. Dövlətçilik tariximizin, mədəniyyətimizin nümunəsi olan abidələrimizin hər biri Fondun təşəbbüsləri sayəsində Azərbaycanın beynəlxalq aləmdə tanınma rəmzinə çevrilib. “Azərbaycanın xalçası” sənəti 2010-cu il 15-18 noyabr tarixlərdə Keniya Respublikasının Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin X sessiyasında Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Bu hadisə Prezident İlham Əliyevin xalqımızın mədəni irsinə böyük qayğısı, həmçinin, Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub. Azərbaycan muğamının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində də Mehriban Əliyevanın müstəsna xidmətləri var. Bir vaxtlar diqqətdən kənarda qalan muğam sənətimiz, tar ifaçılığı, sazımız, kamançamız Mehriban xanımın gərgin əməyi, fəallığı və nüfuzu hesabına qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Qeyri-maddi mədəni irs Azərbaycan xalqının tükənməz sərvətidir və dövlətimizin qatğısı sayəsində bu irs gündən-günə zənginləşir mədəniyyət tariximizə şanlı səhifələr yazılır.
N.NOVRUZ

Sizin Reklam Yeriniz