Əlaqə Arxiv
news Image
2018.11.15
15:19
| A A A
Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Qırğızıstanda keçirilən beynəlxalq teatr festivalında ölkəmizi təmsil edib.

Teatrın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, yaradıcı kollektivin festivalda iştirakı Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və ölkəmizin Qırğızıstandakı səfirliyinin dəstəyi ilə reallaşıb.

Böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” festivalında Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan teatrları da iştirak ediblər.

Festivalda sənət ocağının yaradıcı kollektivi “Manqurt” tamaşası ilə teatrsevərlərin görüşünə gəlib. Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva, Mehman Fətullayev rol alıb.

Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə tədbirlər keçirilir.

Sizin Reklam Yeriniz