Əlaqə Arxiv
news Image
2018.12.04
19:35
| A A A
Azərbaycan mətbəxi Belarusda nümayiş olunub (FOTO)

Cari ilin 2 dekabr tarixində Belarusda akkreditə olunmuş səfirlərin, diplomatların və xarici təmsilçiliklərin üzvlərinin həyat yoldaşlarının daxil olduğu “Beynəlxalq qadınlar klubu” tərəfindən Yeni il xeyriyyə yarmarka-sərgisi keçirilib.

Movqe.az xəbər verir ki, qeyd olunan sərgi-yarmarkada Belarusda fəaliyyət göstərən bir çox diplomatik missiyalar, o cümlədən Azərbaycanın Belarusdakı Səfirliyi iştirak edib.

Azərbaycan Səfirliyi tərəfindən açılan stend iştirakçılar tərəfindən maraqla qarşılanıb. Milli stendi qadınların hazırladıqları Azərbaycanın ləziz mətbəxinin nümunələrindən – ləvəngi, kükü, plov, dolma və milli şirniyyatlarımızdan – şəkərbura, paxlava, çudu, qoğal, müxtəlif çeşidli mürəbbələr və milli suvenirlər bəzəyib. Azərbaycan stendində alış-veriş edənlərə hədiyyə olaraq “İrs” və “Baku” jurnalları təqdim olunub.

Səfirliyin təşkilatçılığı ilə tədbirin bədii hissəsində çıxış edən Minskdə fəaliyyət göstərən “Sarı gəlin” rəqs qrupunun ifasında Azərbaycan rəqsləri və Səfirlik tərəfindən nümayiş etdirilən ölkəmizin mədəniyyəti, incəsənəti tarixi və təbiəti haqqında sənədli film iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Səfirlik tədbirin hazırlanmasına Minskdə yaşayan diaspor üzvlərini də cəlb edib.

Sərgi-yarmarkadan əldə olunmuş böyük məbləğdə vəsait xeyriyyə məqsədi ilə “Beynəlxalq qadınlar klubu”nun rəhbərliyinə təhvil verilib.

Sizin Reklam Yeriniz