Əlaqə Arxiv
news Image
2013.04.25
12:32
| A A A
Əli Zeynalov - 100

Aktyorun tamaşada, ya filmdə oyununun təhlili ilkin ədəbi mənbəylə yanaşı, rejissor yozumu ilə paralel həyata keçirildikdə səmərəli nəticə verir. Əli Zeynalovun Süleyman bəy-İmanzadə rolunda oynadığı "Kölgələr sürünür" (ssenari müəllifi Qılman Musayev; rejissorlar Şüa Şeyxov, İsmayıl Əfəndiyev 1958) filminin də mövzu-problem əlaqələrini, strukturun tərkib hissələrini, üslub prinsiplərini və nəhayət janr təyinatını nəzərdən keçirmək gərəkdir. Filmin vətənpərvərliklə bağlı əsas mövzusu problemin tədricən artması ilə mahiyyətini itirir. Belə ki, tarixi fakta söykənməsə də ingilislərin diktəsi ilə Süleyman bəyin geoloqu öldürməsi ilkin hadisəni yaratsa da, arxeoloqlardan Zahidovla Cavadovun qədim Aran şəhərinin ölkənin daxilində, yaxud xaricində mövcudluğu barədə elmi mübahisələrində qohumluq naminə professor Sərdarlının saxta mövqe tutaraq əzab çəkməsi, problemi ikiləşdirir. Sərdarlının qızı Leylaya vurulan Zahidovun müharibəyə getməsi, onu ölmüş zənn edən Leylanın Cavadovla ailə qurması, üstəlik Cəlillə Afaqın sevgi xətti strukturda fabula mexanizmini arxa plana atmaqla süjetə meydan verir. Üstəlik, rejissor cütlüyünün üslub fərqliliyi ilə yanaşı, filmin musiqinin təsiri ilə dəyişən janr təyinatının detektivdən sərgüzəştə, melodramaya keçidi nəzərdən qaçmır... Həmin ərəfədə çəkilişləri bitən "Uzaq sahillərdə" filmində Mixaylo rolundakı Nodar Şaşıqoğlunu dilimizdə uğurla səsləndirən Əli Zeynalov bu personaja ikinci həyat verdi.


Xeyir-şər qarşıdurmasını əbədi mövzuda əks etdirən "Bir qalanın sirri" (ssenari müəllifi Məmmədhüseyn Təhmasib, rejissor Əlisəttar Atakişiyev. 1959) filmində Simnar rolundakı Əli Zeynalov sosrealizmə tabe etdirilmiş nağıl janrının şərtiliklərini yaşadan qrim-geyim məhdudiyyətlərinə baxmayaraq personajının məziyyətlərini, xüsusən Göygöz kosanı oynayan Aleksandr Faytla ünsiyyətdə tamaşaçıya uğurla çatdıra bilir.


Əli Zeynalovun rejissor yozumuna görə Türkmənistan səhrasının ekstrimallığında çəkilən "Leyli və Məcnun" (ssenari müəllifi Ənvər Məmmədxanlı, rejissor Lətif Səfərov.1961.) filmində Leylinin atası Şeyx Haşimi rolundakı Əli Zeynalov qumlu qasırğada at çapmaq məharəti ilə yanaşı, övlad sevgisi ilə mentalitet arasında qalan din xadiminin sərt xasiyyətini göstərməklə aktyor kimi formada olduğunu bir daha təsdiqləyir... Bu filmdən sonra təxminən 15 il ərzində Əli Zeynalovun ekranda görünməməsini, teatrmızda romantizmin parlaq təzahürünə rəvac verən həmin ərəfədə "Azərbaycanfilm" kinostudiyasında direktor olan Adil İskəndərovun keçmiş aktyorlarının digər cərəyana keçidinə qısqanclığı ilə bağlayanlar da vardır...


Əlbəttə ki, "Sən həmişə mənimləsən" tamaşasındakı Həsənzadənin (Əli Zeynalov) səhnəyə gəlişi yeni cərəyanın təzahürü kimi aktyorun peşəkar üslubunda üzə çıxan maneələr ilə müşaiyət olunurdu. "İki ömrüm olsaydı" kitabında bu tamaşasında oynadığı personajla bağlı yazdığı: "Tutaq ki, Nargilə Həsənzadəni müəyyən səbəblərə görə sevə bilər. Yüksək rütbə,


məlahətli görkəm, pul, maşın...Bunlar bir çox yüngül təbiətli qızlar kimi onu da şirnikləndirə bilirdi. Bəs nəcib, təvazökar, nümunəvi işçi sayılan Həsənzadə öz qızı yerində olan Nargiləni nə haqla sevə bilərdi? Nə haqla ona öz intim münasibətlərini izhar edə bilərdi? Buna tamaşaçılar gülməzdilərmi"1 qənaətləri və sualları teatrımızın romantizm mərhələsinin ulduzlarından olan bir aktyorun digər mərhələyə keçiddəki təbəddülatlarıdır. Şübhəsiz ki, ölkədəki ilıqlaşma ilə bağlı modernizm cərəyanının təzahürlərinin üzə çıxması artıq Moskva, Leninqrad və digər şəhərlərin teatr səhnələrində psixoloji dram janrının nümunələrinin tamaşaya qoyulması təcrübəsi ayaq tuturdu. Belə bir şəraitdə "Sən həmişə mənimləsən" pyesinin Bakıda səhnəyə qoyulması teatr prosesində mütərəqqi addım idi. Lakin bu mütərəqqi addımın bərqərar olması "Pasport rejiminin pozulması" kimi maddənin məcəllədə olduğu dövrdə mürəkkəb məsələ idi. Nargilənin anasının telefon şantajlarında şikayətlərini dilə gətirməsi ilə ən azı vəzifədən, partiyadan çıxarılacağı gözü önünə gətirilən Həsənzadənin ona vurulan qızı Qaragilə oxuyan romantik ruhlu gəncə ötürməsi əslində elə romantizmin diqtəsi idi. Əli Zeynalovun bu kitabındakı: "Növbəti məşqlərin birində Tofiq mənə dedi: bəzi səhnələr yaxşıdır, amma bəzi səhnələr bir o qədər də aydın deyil, intim səhnələr, özü də yaddan çıxarma ki, Nargilə çox qüvvətli alınır ha!"2 xatirəsi rejissorun iş metodunu açmaqla yanaşı, sırf modernizm ruhlu gənc qız personajının qarşısıalınmaz vüsətini göstərməklə romantizmin müdafiə mövqeyini səciyyələndirir. Çünki Nargilə rolunda ilk dəfə səhnəyə çıxan tələbə aktrisa Amaliya Pənahovanın səriştəsizliyi, naşılığı informasiyanın fasiləsizliyinin gənclik təravəti, çoşqun ehtiras, ani reaksiya ilə təminatı hesabına qələbə qazanır. Və hissiyat gerçəkliyini önə çəkən romantizmin melodrama janrı, modernizmin düşüncə tərzini, təfəkkürü üzə çıxaran psixoloji dram janrının elementləri qarşısında aciz qalır. Maraqlıdır ki, kitabında rəssamın hamının rastlaşdığı xoruzdansa heç kəsin görmədiyi əjdahanın rəsmini çəkmək asandır pritçasını yada salması həmin ərəfədə Şekspirin "Antonio və Kleopatra" pyesində oynadığı Antoniodan fərqli olaraq hər kəsin həyatda rastlaşdığı Həsənzadəni oynamağın çətinliyini bildirməsi teatrdakı keçid mərhələsinin ziddiyyətini üzə çıxarır.


Aradan uzun illər keçdikdən sonra sənətkar haqqında çəkilən "Alqışlar ən böyük mükafatımdır" sənədli filmində istifadə edilən, vaxtilə AzTV-də Rafiq Hüseynova müsahibəsində: "Sən həmişə mənimləsən"nin ilk tamaşalarına az adam gəlsə də sonralar daima anşlaq olurdu" deyə modernizmin bədii əsəri əmtəəyə çevirmək qüdrətini təsdiqləyən Əli Zeynalovun: "Mən Həsənzadəni oynamırdım, sadəcə yaşayırdım" deyimi modernizmin romantizmi içərisində əritmək gücünü göstərir. Əli Zeynalovun romantizmdən modernizmə keçidini hər kəs alqışlasa da, onu bircə özü bağışlamadı. Həsənzadə kimi parlaq personajdan sonra digər rolları oynamaq çətin idi. Üstəlik kitabında teatrdan getmə səbəbini Ələsgər


Ələkbərov və Kazım Ziyadan sonra "Vaqif" Oynamaq istəmədiyini bildirən Əli Zeynalovun təm-təraqlı romantizmə qayıtmaq istəyinin tükəndiyi üzə çıxır. Beləliklə, yaradıcılığının son illərini Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dublyaj bölməsində keçirən sənətkar dəyərli xarici filmlərin dilimizə çevrilməsində, o cümlədən, Rac Kapurun səsləndirilməsində bir aktyor kimi yaxından iştirak edir.


Nəhayət ki, Həsən Seyidbəylinin "Xoşbəxtlik qayğıları" filmində Zəkiyyənin professor atası rolundakı Əli Zeynalovun oynadığı personaj Həsənzadə obrazının ikinci plandakı leytmotivini, övlad qayğısı missiyasını, üzə çıxardı. Əli Zeynalovun ekranda son rolu ötən əsrin iyirminci illərində Sovet hakimiyyətinin qurulmasında çekstlərin rolu barədə "Birisi gün gecə yarı" (ssenari müəllifləri M. Avdiyev, R. Fətəliyev, A.Donets. rejissor A. Babayev. 1981) filmindəki, sanki "Kölgələr sürünür"dəki Süleyman bəyi təkrarlayan epizodik, müsavatçı Mustafa rolu oldu. "Üzeyir ömrü" (ssenari müəllifi və rejissor Anar. 1981) filmindəki Həsən bəy Zərdabi rolunda Əli Zeynalov personajının məktublarından götürülən sənədli mətn əsasında ictimai fikrin formalaşmasına əngəl törədən maneələrdən söz açır. Həsən bəy Zərdabinin verdiyi sözə rəğmən Üzeyir bəyin "Leyli və Məcnun" operasının premyerasına çata bilməməsi barədə mətnin, onun heykəli ilə dramaturji montajı strukturu zənginləşdirir.


İncəsənət İnstitutunda "Səhnə danışığı" dərslərini aparmaqla radio və televiziya verilişlərində, tamaşalarında iştirakla kifayətlənən Əli Zeynalov audiovizual yaradıcılığının uğurlu finalı, "qu quşu nəğməsi" AzTV-də Aleksey Arbuzovun pyesi əsasında Bünyat Məmmədovun hazırladığı "Köhnə dəbli komediya" teletamaşasında, sanki "Sən həmişə mənimləsən"dəki Həsənzadənin qocalığını xatırladan Radion Nikolayeviç rolu oldu. Kinonun iki həqiəti uzlaşdırmaq və ya uzaqlaşdırmaqla üçüncüsünü doğuran montaj prinsipindən fərli olaraq videolentə çəkilən uzun planlar ustad sənətkar Əli Zeynalov sənəti barədə dolğun təsəvvür yaradır.


                                                     Aydın Dadaşov

Sizin Reklam Yeriniz