news Image
2018.12.14
13:39
| A A A
Mədəniyyət naziri Hacıqabulda vətəndaşları qəbul edib

Mədəniyyət naziri Əbülfəs Qarayev Hacıqabulda vətəndaşları qəbul edib.

Nazirlikdən Movqe.az-a verilən xəbərə görə, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə  Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı, Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinləri iştirak ediblər.

Qəbuldan öncə nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Qəbulda Şirvan şəhərindən gəlmiş sakinlər tərəfindən Uşaq musiqi məktəbinə yeni dərs vəsaitlərinin, vətənpərvərlik mövzusunda yazılmış əsərlərin notlarının verilməsi, digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Sabirabad rayonundan qəbula yazılan vətəndaşların müraciətləri dövlət teatrlarında istifadə olunmayan səhnə geyimlərinin rayon klub müəssisələrinə verilməsi, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatlarının müasir üslubda qurulması barədə olub.

Hacıqabul sakinləri Uşaq musiqi məktəbinin gənc kadrları üçün ustad dərslərinin keçirilməsi, Kürdəmir sakinləri isə rayonun Şahbəyli kəndi ərazisində yerləşən “Sarıtəpə” abidəsinin dövlət qeydiyyatına alınması barədə nazirə müraciət ediblər.

Beyləqan rayonunun Birinci Şahsevən kəndində yerləşən Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev-muzeyinə fəaliyyəti qənaətbəxş olmayan klub müəssisələrinin maliyyəsi hesabına ştatların verilməsi, Xocavənd rayonunun kənd kitabxanalarının internet şəbəkəsi ilə təmin olunması barədə xahişlər də səsləndirilib.

İmişli rayonundan vətəndaşlar Qızıltəpə yaşayış yerində arxeoloji işlərin aparılması, Füzuli rayonunun sakinləri rayon ərazisində olan XIII əsrə aid Əhmədalılar türbəsinin bərpa olunması və ərazidə arxeoloji işlərin aparılması barədə müraciət ediblər.

Saatlı rayonundan qəbula yazılmış vətəndaşlar rayon ərazisində olan klub, kitabxana və digər mədəniyyət müəssisələrinin regional mədəniyyət idarəsinin balansına keçirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini çatdırıblar.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.