Əlaqə Arxiv
news Image
2019.02.06
09:00
| A A A
Azərbaycan mədəniyyətlərarası dialoqa növbəti böyük töhfəsini verir
Mədəniyyətlərarası dialoq xalqların yaxınlaşması üçün gözəl vasitəyə çevrilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu il mayın 2-3-də keçiriləcək.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESCO-nun dəstəklədiyi təşəbbüsdür. Bu təşəbbüs dünyada bərqərar olmuş müxtəlif mədəniyyətlər arasında dialoq yolu ilə inteqrasiya və qloballaşma prosesinin uğurlu gedişini təmin etməyə hesablanıb. Beynəlxalq aləmdə baş verən proseslər bu vəzifənin nə qədər vacib və təxirəsalınmaz olduğunu gündəmə gətirib.

Mədəniyyətlərarası forumun maraqlı yaranma tarixi var. Azərbaycan öz sürətli inkişaf yoluna qədəm qoyaraq özünü sözün həqiqi mənada tam müstəqil dövlət kimi hiss etdiyi və müstəqil siyasətini gücləndirdiyi illərdə, konkret olaraq 2008-ci ildə Bakıda Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin toplantısı təşkil olunur və ölkəmizin təşəbbüsü ilə beynəlxalq inteqrasiya peoseslərində yeni mərhələ açan cəsarətli bir addım atılır: toplantıya İslam ölkələrinin nümayəndələri dəvət olunur və birgə keçirilmiş tədbirdə çox səmimi və açıq fikir mübadiləsi aparılır. İlk dəfə olaraq, bu formatda keçirilən beynəlxalq tədbirin sonunda “Bakı bəyannaməsi” adlı birgə sənəd qəbul edilir. Bir il sonra, 2009-cu ildə isə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısında Avropa ölkələrinin nümayəndələri dəvət olunur və Azərbaycanda ümumdünya multikulturalizminin əsası qoyulur. Bununla da xalqları dostluğa və həmrəyliyə, dinc yanaşı yaşamağın yeni mərhələsinə səsləyən beynəlxalq “Bakı prosesi” başlayır.   

2011-ci ildən başlayaraq hər iki ildən bir keçirilən Mədəniyyətlərarası Dialoq Forumu artıq “Bakı prosesi”nin davamı  kimi böyük əks-səda yaradan adla keçirilən ənənəvi tədbirə çevrilib. Bakı Forumunda mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunur, dialoqa yönələn maneələr nəzərdən keçirilir və onun müxtəlif mühitdə ən yaxşı formada aparılması konkret şəkildə müzakirəyə çıxarılır. Forum, həmçinin təcrübə mübadiləsi, eləcə də yeni təşəbbüslərin irəli sürülməsi baxımından əlverişli imkanlar yaradır. Terrorizmə yol açan ekstremizm, irqçilik, ksenofobiya ilə mübarizə məqsədilə mədəniyyətlər və dinlərarası dialoqun vacibliyi, “Bakı prosesi”nin əhəmiyyəti, həmçinin bu istiqamətdə Azərbaycanın müsbət təcrübəsinin BMT səviyyəsində təqdir olunması ictimai xadimlər və dövlət başçıları tərəfindən təqdir olunur.  II Forumda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”, III Forumda  “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq”, IV Forum çərçivəsində “Dinc münasibətlərin mədəniyyətlərarası dialoq yolu ilə inkişafı” mövzularında ciddi və səmərəli müzakirələr baş tutub. Bu il keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində terrorizmi yaradan səbəblərin aradan qaldırılması ilə bağlı birgə panelin təşkil olunacaq.

Dünyanın bütün qitələrindən gələn insanların təmsil olunduğu forumda siyasi liderlər və ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, mədəniyyət nazirləri və mədəniyyət məsələləri üzrə səfirlər, deputatlar, diplomatlar, merlər və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, mədəniyyət üzrə ekspertlər və tanınmış ziyalılar iştirak edirlər. “Euronews” telekanalı media tərəfdaşı kimi öz yayım şəbəkələri ilə forumu təşviq edir.
Dünyada mədəniyyətlərarası dialoq sahəsində mövcud olan çoxsaylı ideyaların, perspektivlərin və yanaşmaların müzakirə edildiyi Mədəniyyətlərarası Dialoq Forumu sərhədsiz dünyanın formalaşmasına böyük töhfələr bəxş edir. Belə bir təşəbbüsün sahibi kimi Azərbaycan bu tədbir sayəsində dünyada daha yaxından və geniş miqyasda tanınır. Ölkəmizə gələn zəka sahibləri buradan zəngin təəssürat və gözəl əhval ruhiyyə ilə qayədaraq xalqımızda kəşf etdikləri yüksək dəyərləri də özləri ilə aparır, yayır və ruhumuzun əsl mahiyyətinin hamı tərəfindən düzgün qavranılmasına yardım edirlər.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz