Əlaqə Arxiv
news Image
2019.03.12
16:00
| A A A
Mədəniyyətin qayğısını çəkən dövlətin başı həmişə ucadır
Azərbaycan ziyalıları ölkənin mədəni irsinin zənginləşməsində aparıcı rola malikdirlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə martın 1-də keçirdiyi görüş ölkəmizin ictimai həyatında böyük əks-səda doğuran mühüm hadisəyə çevrilib.  Görüşdə iştirak edən sənət adamları böyük təəssüratlarla ondan ayrıldıqlarını dilə gətiriblər. Bu, Azərbaycan incəsənətinə dövlət qayğısının birbaşa və böyük diapazonda ifadəsidir. Prezident İlham Əliyev elə bir il yaxud tarixi hadisə olmur ki, cəmiyyətimizin mədəni həyatının aparıcısı olan musiqiçiləri, teatr adamlarını, yazıçıları, rəssamları, bəstəkarları, ümumiyyətlə incəsənət sahəsində çalışan böyük-kiçikli, cavanlı-qocalı hamını yada salmasın, onlara yeni yaradıcılıq impulsu verən sərəncamlar imzalamasın.

Görüşdə çıxış edən dövlət başçısı görülən işlər, həyata keçirilən tədbirlər barədə geniş danışaraq mədəniyyət xadimlərindən daha nələri görmək lazım gəldiyini soruşub, mədəniyyətimizin inkişafı naminə hansı layihələrin həyata keçirilməsi barədə təklifləri bildirmələrini arzulayıb. Görüşün hərarətini artıran məqamlardan biri odur ki, təcrübəsindən asılı olmayaraq sənətkarlar tərəfindən edilən şəxsi və ictimai təkliflərin demək olar ki, hamısını ölkə rəhbərliyi diqqətlə dinləyib, razılıqla qarşılayıb. Məsələ burasındadır ki, dövlətin qayğısı, ümumiyyətlə mədəniyyətin inkişafına yönəlib. Bu sırada müasir və klassik mədəni irsə fərq qoyulmur və hər bir dövr inkişafımızın bir mərhələsi kimi diqqətdə saxlanılır. Prezident görüşdə deyib: “Yadımdadır, elə ilk qərarlarımdan biri də o idi ki, Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap etdirək. Çünki bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu”.

Bu addımla irsimizin qədimliyi qorunub, indiki və gələcək nəsillərə ötürülüb. Eləcə də digər daha müasir sahələr. Hamısında inkişaf var ona görə ki, sənətkarlar qayğı görürlər, işləmək üçün rahat şərait tapırlar, stimul əldə edirlər. Görüşdən sonra Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahov təəssüratını belə bölüşüb: “Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı haqlı olaraq öz tarixi maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə fəxr edir. Milli irsin qorunması və ölkə mədəniyyəti və incəsənətinin inkişafı işində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səmərəli fəaliyyətini xüsusi qeyd etmək istərdim. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fəaliyyəti sayəsində müxtəlif növ qədim memarlıq, musiqi, rəqs və milli mətbəx nümunələri, milli musiqi alətləri, adət və ənənələr UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Bütün bunlar Azərbaycanın qüdrəti və çiçəklənməsindən xəbər verir”.

 Xalq artisti Samir Cəfərov isə deyib: “Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin qayğılarını, problemlərini hər zaman diqqətdə saxlayır. Dövlətimizin başçısı onlara mükafatların verilməsi, yubileylərinin keçirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq sərəncamlar imzalayır. Prezidentin bu diqqət və qayğısı həmişə sevinclə və rəğbətlə qarşılanır”.

Bu fikirlərin qüvvəti, bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilsin. Bununla da cari ilin əvvəlindən başlayaraq ölkədə elə bir iş sahəsi qalmayıb ki, orada çalışan insanların maaşları artırılmasın. Axırıncı dəfə bu sahə işçilərinin maaşları cəmi bir il əvvəl-2018-ci ilin əvvəlində qaldırılmışdı. Budur, illik dövr başa çatmamış yeni artım oldu. Yəni, bu proses artıq işlək sosial mexanizmdir və daimi olaraq əhalinin rifahına işləyir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz