Əlaqə Arxiv
news Image
2019.03.15
09:12
| A A A
Dövlət qayğısı mədəni inkişafda mühüm atributdur
Yaradıcı insanlarla hakimiyyət arasında ünsiyyətin səmimiliyi incəsənətin milli çalarını gücləndirir

Müasir Azərbaycanın nümunəvi reallıqlarından biri də ölkənin  mədəni həyatında güclü canlanmanın olmasıdırr. Zəngin milli irsdən qaynaqlanan mədəniyyətimiz, sözün həqiqi mənasında, dünyanı fəth edir. Son illər ölkəmizin mədəni həyatı əsaslı şəkildə zənginləşib. Çoxsaylı mədəniyyət müəssisələri yenidən qurulub, milli-mədəni irsimizin qorunması, tarixi abidələrimizin bərpası, incəsənətin müxtəlif növlərinin dünyaya inteqrasiyası sahəsində gözəl  nailiyyətlər əldə edilib. Prezident İlham Əliyevin sərəncamları ilə mədəniyyətin bütün sahələri üzrə qəbul olunmuş dövlət proqramları bu sahənin inkişafına güclü stimul yaradıb.

Əksər hallarda dövlət başçısının dünyagörüşündən doğan münasibət xalqın mədəniyyətinin inkişafına real təsir edir. Bu mənada Prezident İlham Əliyevə məxsus olan “Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir” sözləri müasir Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirən tezislərdir.

İki il əvvəl Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda deyilir: “Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət həyata keçirilir. Son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilmiş, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilmiş, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür”. Dövlət başçısının haqqında danışılan sahəyə diqqət və qayğısı böyük ölçüdədir və təsadüfi deyil ki, 15 ildən bir az çox müddətdə onun mədəniyyət və turizmlə bağlı imzaladığı 600-ə yaxın fərman və sərəncam olub. Bu sahədə ölkənin qanunvericilik bazası daim yeni sənədlərlə zənginləşir.

Dövlətin xüsusi qayğısının nəticəsidir ki, milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramı, muğam və aşıq sənətləri, eləcə də xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Reprezentativ Siyahısına daxil edilib, ölkəmiz Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəyə üzv seçilib. Bundan başqa, Azərbaycanın möhtəşəm abidələri Qobustan Milli Tarixi-Bədii Qoruğu və “İçərişəhər” Dövlət Tarix–Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu inkişafda müstəsna xidmətlərini var. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı (2009), Qəbələ Beynəlxalq Musiqi Festivalı (2009), Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı (2010) ənənəyə çevrilərək mədəniyyətimizin müasir salnaməsinə sanballı səhifələr yazır. Bakı Caz Festivalı, Beynəlxalq Rostropoviç Musiqi Festivalı, “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi kimi yerli və beynəlxalq səviyyəli mədəni tədbirlər Azərbaycanın sorağını dünyaya yayır. Azərbaycan musiqi sənətinin, teatrlarımızın, milli kinomuzun uğurları dövlətin bu sahəyə qayğısının aydın təzahürüdür. Azərbaycan dövləti mədəniyyət işçilərinin sosial durumlarının yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirir. Belə ki, mədəniyyət işçilərinə Prezident təqaüdü verilir, onlar mənzillə təmin olunur, əməkhaqları mütəmadi olaraq artırılır və s.

Prezidentin yeni sərəncam ölkəmizdə  mədəni həyatın inkişafına əhəmiyyətli töhfə verəcəyi şübhəsizdir. Belə ki, bu sahənin inkişafı məqsədilə müvafiq sərəncamla yaradıcılıq ittifaqları və birliklərinə 3 milyon manata yaxın vəsait ayrılıb. Ölkənin mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, habelə Azərbaycanda mədəniyyətin, incəsənətin təbliğində, memarlığın inkişafında yaradıcı kollektivlərin rolu əvəzsizdir. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat, Azərbaycan Memarlar İttifaqına 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 min manat ayrılsın. Bu qərar 2019-cu ildə cəmiyyətimizin iqtisadi-siyasi inkişafı ilə yanaşı mədəni inkişafının da yeni zirvələr fəth edəcəyinə səbəb olacaq amildir.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz