Əlaqə Arxiv
news Image
2019.04.02
08:00
| A A A
Mədəni irsimizə kimlər təhdid yaradır?
Şou-biznes xalqın mənəviyyatının inkişafına nəyi verir, nəyi alır?!

Azərbaycan zəngin mədəni irsə sahibdir. Bizim bununla fəxr edib öyünməyə tam haqqımız çatır. Ona görə yox ki, biz bu sərvətə malikik. Əslində, bütün xalqların mədəni irsi var. Lakin bizim indiyədək toplanmış mədəni irsimizin mahiyyətində çox böyük arealda xalqların qəbul edə biləcəyi və artıq qəbul etdiyi nümunələr var. Yəni, Azərbaycanın incəsənət və ədəbi əsərləri böyük miqyasda ümumiləşdirici keyfiyyətə malikdir və bu anlamda milliliklə yanaşı özündə beynəlmiləl dəyərləri ehtiva edir. İrsimiz dili, dini və milliyyəti müxtəlif olan insanlar tərəfindən eyni rahatlıqla sevilir, qəbul və təqdir edilir. Elə təkcə bu keyfiyyətinə görə Azərbaycan xalqının milli mədəni irsi qorumaq üzrə məsuliyyəti böyükdür.

Respublikamızda mədəni irsimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi sahəsində kifayət qədər qayğıkeş tədbirlər görülür. Xüsusilə, Heydər Əliyev Fondu və Azərbaycanın Birinci vitse-prezidenti, fondun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti qədirbiləndir. Söhbət təkcə indiyədək toplanmış irsimizin qorunmasından yox, həm də onun milli qaynaqlar üzərində inklişafından gedir. Bizim muğamımız, xalçaçılığımız, təsviri incəsənətimiz, musiqimiz, hətta mətbəximiz dünyanın geniş dünyagörüşünə və zövqünə yiyələnmiş xalqlar arasında rəğbətlə qarşılanır.

Musuqişünasların təhlilinə görə, Azərbaycan musiqinin diapazonu musiqi nəzəriyyəsinin qaydalarına görə 7 laddan ibarətdir. Halbuki, bütün dünyada məşhur olan Avropanın müsiqi əsərləri cəmi iki lad üzərində bəstələnir. Bu fərq Şərq musiqisi cərgəsində dayanan Azərbaycan musiqi çeşməsinin nə qədər zəngin olduğunu sübut edən faktdır. Bizim tar musiqi alətimizdə bir bütöv notun dörddə birini ifadə edən çərək notların səsləndirilməsi üçün pərdələrin olması avropalı musiqiçiləri heyrətləndirir. Bunlar heyrətamiz dərəcədə fərəhləndirici faktlardır.

Ancaq məqsədimiz belə faktları sadalamaq deyil. Təbii ki, istənilən sayda bu tip faktları misal çəkmək olar. Lakin əsəs məsələ bu gün mədəni irsimizin sanbalına xələl gətirən problemlərin vaxtaşırı gündəmə gəlməsidir. Bunlardan biri və ən biabırçı olanı Nəsiminin dillər əzbəri olan məşhur qəzəlinin guya “yeni ruhda” improvizasiya olunaraq oxunmasıdır. Təbii ki, məsələ kiminsə, hansısa mahnını yaxud qəzəli oxumasında yox, prisipial olaraq, necə oxumasındadır. Əgər, oxunan mahnı yaxud qəzəl yeni olsa idi, onun necə oxunması və qəbul edilməsi sual doğurmazdı. Lakin mədəni irsimizin gözəl nümunəsini götürüb çox naşı və könülləri bulandıran  formada ifa etmək yolverilməzdir. Bu, milli sərvət hüququnu qazandığı üçün heç kimin onu korlayıb gözdən salmağa mənəvi ixtiyarı yoxdur.

Bəs, günah kimdədir? Hüquqi cəhətdən heç kimdə, mənəvi cəhətdən isə cəmiyyətimizin özündə. Ona görə ki, mədəniyyət və incəsənətimizə ictimai nəzarət yox səviyyəsindədir. Qəribədir, indi gündə biri səhnəyə çıxıb bir nəğmə oxuyur və soruşanda pafosla deyir ki, bu mahnını filan bəstəkardan filan qiymətə almışam, ixtiyarı özümdədir. Bəs, ixtiyarı xalqda olan Nəsiminin qəzəlini hansı hüquqla özbaşına götürüb bərbad halda xalqa sırımaq istəyirlər?!

Buna görə də son vaxtlar yaradıcı təşkilatlarda, o cümlədən radio və televiziyalarda bədii şuraların yenidən yaradılması prosesi başlanıb. Bu, haqlı addımdır. Həm də demokratiyanın qorunması və inkişafına xidmət edir. Çünki, demokratiyanı özbaşınalıq kimi qələmə vermək yüngül yolla pul qazanmaq istəyənlərin adətidir.

Bu səbəblərdən milli-mədəni irsimizin qorunması üçün şou-biznes aləminə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac böyükdür. Xalqın mənəvi aləmini alverə çevirmək yolverilməzdir. Demokratiya bütün sahələrdə olduğu kimi incəsənətimizdə də kütləviliyi gücləndirib. Ancaq bu, azadlıq demək deyil, əksinə, azad istifadə edə biləcəyimiz mədəni irsimizin fürsətçilər tərəfindən korazehinlik inhisarına alınaraq xalqın fərdi zövqünün bir qrup şou əhli tərəfindən dar bir çərçivədə buxovlanmasıdır. Biz bu buxovdan öz gücümüz, zövqümüz, ictimai mövqeyimizlə qurtulmalıyıq.

N.NOVRUZ        

Sizin Reklam Yeriniz