Əlaqə Arxiv
news Image
2019.04.04
12:17
| A A A
Bakıda “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfrans keçirilib
Prezident İlham Əliyevin Azərbaycanda “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə İlahiyyat İnstitutunda tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfrans keçirilib.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, Aİİ-nin rektoru Ceyhun Məmmədov konfransı giriş nitqi ilə açaraq, ali təhsil müəssisəsində güclü elmi mühitin yaradılmasına, gənc nəslə elmə marağın artırılmasına və elmi fəaliyyətin stimullaşdırılmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. O, həmçinin elm və təhsilin inkişafında ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətləri olduğunu vurğulayıb.

C.Məmmədov müasir dövrdə ilahiyyat sahəsində görülən işlər, qarşıda duran hədəflər haqqında ətraflı məlumat verib. Aİİ rəhbəri gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması məqsədilə elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamı ölkədə elmə göstərilən diqqət və qayğının təcəssümüdür. T.Kərimli elmi-tədqiqat müəssisələrində gənc alimlərin elmi axtarışlara qoşulduqlarını, AMEA-nın ictimai-siyasi həyatında gənclərin rolunun yüksəldiyini xüsusi vurğulayıb, Azərbaycan elminin inkişafında böyük rol oynadıqlarını diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı İslam və elmin qarşılıqlı münasibətlərindən danışıb. “Qurani-Kərim”də elmə böyük əhəmiyyət verildiyini, biliyin önəminə dair çox sayda ayənin olduğunu vurğulayıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov gənclərin elmə cəlb olunması, ölkəmizdə ziyalı potensialının artırılması, dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin qazanılması məqsədilə görülən işlərdən bəhs edib.

Daha sonra fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Elm anlayışı: müasir Qərb və müsəlman nöqteyi-nəzərlərinin təhlili”, tarix üzrə fəlsəfə doktoru Elnur Həsənovun “Gəncə şəhərinin tarixi-dini memarlıq abidələri multikulturalizm və tolerantlıq ənənələrinin mühafizəçisidir”, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirovanın “İslam dininin tətbiqi sənət nümunələrinə təsiri”, Nərgizxatun Həsənovanın “Beytülhikmət və Darülhikmət nümunəsində islamda elmi və fəlsəfi institutlar”, Zeynəb Həcəmovanın “İslam dünyasında elm və fəlsəfə məktəbləri” mövzularında məruzələri dinlənilib.

Konfrans məruzələr ətrafında müzakirələrlə davam etdirilib.

Sizin Reklam Yeriniz