news Image
2019.05.07
10:58
| A A A
Mayın sonunadək “Yanardağ”da yenidənqurma işləri başa çatdırılacaq

Mayın sonunadək “Yanardağ” qoruğunda yenidənqurma işləri başa çatdırılacaq və ictimaiyyətə təqdim olunacaq.

Movqe.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə yanaşı, Agentliyin tabeliyində olan digər 6 qoruqda bərpa layihələri hazırlanır.

F.Nağıyev bildirib ki, Şəki şəhərinin yeni konsepsiyası üzərində iş başa çatdırılmaq üzrədir. Xınalığın və palçıq vulkanlarının turistlər üçün daha cəlbedici məkana çevrilməsi üçün layihələr hazırlanır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 3 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən hazırlanan “Basqal” qoruğunun yenidənqurulması konsepsiyası artıq ictimaiyyətə təqdim edilib. 2018-2023-cü illəri əhatə edəcək 5 illik bərpa planının əsas məqsədi Basqalın tarixiliyini özünə qaytarmaq və yerli əhalinin rifahını yaxşılaşdırmaqla turizmin inkişafına nail olmaqdır.

“Böyük Basqal” konsepsiyası birinci mərhələdə Basqal və onu əhatə 10 kənd arasında mövcud yolların bərpasını, ikinci mərhələdə tarixi binaların, daş yolların, fasadların, tarixi memarlıq üslubunun bərpası, yerüstü qaz və işıq xətlərin yenilənərək yerin altına salınması və kommunikasiya, su sisteminin yenilənməsini əhatə edəcək.

Layihənin üçüncü mərhələsində kəlağayı istehsalının canlandırılması və turizm məhsuluna çevrilməsi məqsədilə kəlağayı sexinin bərpası və turistlərə tanıdılması, sənətkarlara dəstək göstərilməsi nəzərdə tutulub. Mərkəzi meydanın bərpası və əsas turizm mərkəzinə çevrilməsini əhatə edəcək 4-cü mərhələdə isə əsas məqsəd ərazini yerli əhalinin, xüsusilə də sənətkarların öz məhsullarını sata biləcəyi məkana çevirməkdir.

Layihənin 5-ci mərhələsi infrastrukturun qurulması, tullantıların idarə edilməsi sisteminin yaradılması, “Kürəbənd” adlanan tarixi kanalizasiya və drenaj sisteminin bərpası, bulaqların təmir edilməsi, qəsəbədə bankomat və ödəniş terminallarının quraşdırılması, icma üçün tədbirlər evinin, uşaq meydançasının inşa edilməsi kimi tədbirlər planını əhatə edəcək.