Əlaqə Arxiv
news Image
2019.05.21
10:41
| A A A
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq

Mayın 22-də Heydər Əliyev Mərkəzində tanınmış rəssam Zurab Seretelinin “Mümkün ölçülər” (Possible Dimensions) adlı sərgisi açılacaq.

Mərkəzdən Movqe.az-a verilən məlumata görə, Moskva Müasir İncəsənət Muzeyi və Rusiya Rəssamlıq Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə müəllifin 85 illik yubileyinə həsr olunmuş sərgilər seriyasının davamıdır.

Ekspozisiyada Moskva, Tbilisi və Londondan gətirilmiş 30-dan çox əsər - rəssamın yaradıcıq yolunu əks etdirən rəsmlər və heykəllər nümayiş olunacaq.

Zurab Sereteli 1934-cü ildə Tbilisidə anadan olub. 1958-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1960-cı illərin sonlarında geniş dairədə tanınmağa, dövlət sifarişləri almağa başlayır. Monumentallıq onun müxtəlif ölkələrdə ictimai sifarişlər əsasında yaratdığı heykəllərdə də diqqəti çəkir. Seretelinin müəllifi olduğu möhtəşəm heykəllər London, Moskva, Nyu York, Paris, Roma, Tokio və digər şəhərlərdə ucaldılıb.

Seretelini dünya vətəndaşı adlandırmaq olar. Onun emalatxanaları doğulduğu Tbilisi şəhərində, Moskva, Paris və Nyu-Yorkda yerləşir. Bu dörd şəhərin hər birində işləmək onun fərdi üslubunun formalaşmasına səbəb olub. Rəssamın sözlərinə görə, 1946-cı ildə Fransada Pablo Pikasso və Mark Şaqalla görüşü onun yaradıcılıq prosesinə baxışlarını köklü surətdə dəyişib. Ustadların rəssamlıq və qrafikadan keramika və heykəltəraşlığa asanlıqla keçmələri onu yeni əsərlər seriyası yaratmağa ilhamlandırıb. Parisdə Pikassonun emalatxanasını ziyarət etdikdən az sonra çəkdiyi “İnessa” (1968) əsərində Pikassonun təsiri aydın nəzərə çarpır. Seretelinin “Mənim sevimli rəssamlarım” (2009) adlı məşhur heykəli Pablo Pikasso, Amedeo Modilyani, Mark Şaqal və Vinsent Van Qoqu təsvir edir, bundan bir il əvvəl isə o, Niko Pirosmani və Anri Russonun heykəltəraşlıq obrazlarını yaratmışdı.

Seretelinin yaradıcılığına rus rəssamları da təsir göstərib. Vasili Kandinskinin abstrakt ekspressionizmi və ya Kazimir Maleviçin suprematizmi Seretelinin tanınan qırmızı və göy boyalarının zəngin palitrasına transformasiya edib.

Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgi avqustun 25-dək davam edəcək.

Sizin Reklam Yeriniz