Əlaqə Arxiv
news Image
2019.06.24
15:48
| A A A
Mirzə Şəfi Vazeh irsi xalqın əmanətinə çevrildi-Fotolar

Lirikası ilə Avropanın qəlbini çoxdan fəth etsə də, yazdığı qəzəlləri qərbdə dillərdə dastan olsa da, biz bütövlükdə Mirzə Şəfi Vazeh yaradıcılığının inciləri ilə çox gec tanış ola bildik. Yazdığı məsnəviləri, qəzəlləri neçə-neçə əcnəbi dillərə tərcümə olunan şairin taleyinə öz doğma dilinə tərcümə olunaraq nəşr edilmək təxminən iki əsrə yaxın vaxt apardı. Şərqdə “ Gəncəli müdrik”, qərbdə “Məhəbbət adam” kimi tanınan Mirzə Şəfi Vazehin nəğmələri ötən gün “Xalq Əmanəti” layihəsi çərçivəsində çap olunaraq ictimaiyyətə təqdim edildi. Elə ötən gün ölkənin ədəbi mühitinin tanınmış simaları da, Mirzə Şəfi Vazehin işığına yığışmışdılar. Tədbir başlayanadək biz də fürsətdən yararlanıb hər kəsin əlində vərəqlədiyi “Mirzə Şəfi Vazeh-Bütün Əsərləri” kitabının ərsəyə gəlməsində əməyi olan filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli ilə söhbətləşdik. Fəxrəddin müəllimlə söhbətə  “Mirzə Şəfi Vazeh-Bütün Əsərləri” kitabı ilə körpü salsaq da, professorla unikal şəxsiyyətlə bağlı xeyli söhbətləşdik. F. Veysəlli deyir ki, Mirzə Şəfi Vazeh irsi ilə 4 ilə yaxın məşğul olduqdan sonra şərqin sözün əsl mənasında böyük mütəfəkkirinin sirrlərinin hələ çözülmədiyi qənaətinə gəlib: “Mən  alman dili mütəxəssisəyəm. Elə Almaniyada oxuyanda Mirzə Şəfi Vazehin yaradıcılığı ilə dərindən tanış olmuşam. Bu barədə ayrıca bir kitab yazmışam-"Vazeh və Bodenştedt: "Yozmalar və faktlar"... Amma Vazeh irsi uzun illər öyrənilməlidir”.
Həmsöhbətimiz deyir ki, F.Bodenştedtin plagiator kimi qələmə verilməsi, onun Azərbaycan şairinin dünya şöhrəti qazanmasındakı rolunun qiymətləndirilməməsi düzgün deyil: “Mən Vazeh irsini araşdırdıqda gördüm ki, əslində F.Bodenştedtin Mirzə Şəfi irsinin nəinki Almaniyada, bütün dünyada yayılmasına vəsilə olub”. 
Kitab haqqında məlumat verən F. Veysəlli deyir ki, Mirzə Şəfi Vazehin “Bütün əsərləri” Xalq Əmanəti” adlı kitab ən mürəkkəb işlərdən biridir. Onun sözlərinə görə, beş ildən çox müddət ərzində üzərində müxtəlif ölkələrin çoxsaylı mütəxəssislərinin çalışdığı, zərrə-zərrə toplanaraq üç dilə tərcümə edilən külliyyatın Gəncəli müdriki və onun yaradıcılığını xalqımıza yenidən qaytaracağı şübhəsizdir: “Azərbaycan, rus və alman dilərində işıq üzü görən kitabda böyük şairin bütün əsərləri yer almışdır. Mirzə Şəfi Vazehin alman dilindəki irsi – Fridrix fon Bodenştedtin çap etdirdiyi üç kitabda yer alan bütün poetik mətnlər nəzərə alınarsa 351 şeirdən ibarətdir. Şairin əsasən N.Qrebnev və L.Maltsev tərəfindən rus dilinə tərcümə olunan əsərlərinin sayı 400-ə yaxındır. Bu şeirlərin yarısından çoxunu eyni şeirlərin müxtəlif tərcümələri təşkil edir. Orijinal şeirlərlə birlikdə ana dilimizə tərcümələrin ümumilikdə sayı isə heç vaxt 100-ü ötməyib. Yaradıcı qrup ilk növbədə əski alman əlifbasında olan bütün şeirləri yeni alman əlifbasına keçirdi. Bu şeirlər Mirzə Şəfinin Azərbaycan və rus dillərində indiyədək mövcud şeirləri  ilə tutuşduruldu və hər üç dildə çatışmayan şeirlər müəyyənləşdirildi. Bu şeirlərin Azərbaycan və rus dillərində sətri tərcümələri hazırlandı. Eyni zamanda Azərbaycan və rus dillərində mövcud olan şeirlər bir-biri ilə tutuşdurularaq bu istiqamətdə də boşluqlar müəyyənləşdirildi - Azərbaycan dilində çatışmayan 270, rus dilində 180, alman dilində isə 15 şeirin sətri və bədii tərcümələri hazırlandı.Bu prosesdə alman dilinin tanınmış mütəxəssisləri, alimlər və eləcə də Mirzə Şəfi yaradıcılığının azərbaycanlı tədqiqatçıları prof. Akif Bayram, mən, Vilayət Hacıyev, Yusif Savalan yaxından iştirak ediblər. Almaniyadan tərcüməçi-ədiblər Orxan Aras və Karl H.Kiel mətnləri əski alman əlifbasından yenisinə keçirimiş və alman dilində bədii tərcümələri hazırlamış, görkəmli rus şairi Mixail Sinelnikov, istedadlı şair-tərcüməçilər - Nicat Məmmədov və Alina Talıbova mətnləri rus dilinə çeviriblər. Adları çəkilən rus dili tərcüməçilərinin işləri ilə yanaşı kitaba əsasən N.Qrebnev və L.Maltsevin tərcümələri olmaqla F.Kaluqin, B.Markov, S.Nadson, İ.Prodan, İ. və A.Txorjevskilər, P.Çaykovksi, N.Eyfert, P.Yakuboviç, A.Şeller-Mixaylov və V.Luqovskoyun tərcümələri salınıb. Oxucular Mirzə Şəfi Vazehin “Bütün əsərlərini” Azərbaycan dilində, ana dilimizdə olan orijinal şerlərdən başqa, Xəlil Rza Ulutürk, Balaş Azəroğlu, Aslan Aslanov, Azad Yaşar, Pünhan Əzimli və Yusif Savalanın tərcümələrində oxuyacaqlar. Tərcümə və mətnlər üzərində işlər bitdikdən sonra şeirlərin sıralaması, yaxud Mirzə Şəfi Vazehin ilk “Bütün əsərləri”nin tərtibi prinsipləri müəyyənləşdirməli idi. 4 şərti kitabda toplanan şeirlərin, I kitabında əlbəttə ki, Vazehin ana dilində, sonra isə fars dilində olan şeirləri yer alıb. II kitabda Mirzə Şəfinin “Şərqdə min bir gün” kitabına daxil edilmiş,şairin şeirləri toplanmış və Almaniyada çap olunan ilk kitabından olan şeirləri toplanıb. Bu kitabın ilk nəşrində şeirlərin sayı 40-dan artıq olsa da sonradan həmin şeirlərin böyük hissəsi Bodenştetdin nəşr etdiyi digər kitablara salındığı nəzərə alınaraq bu hissəyə yalnız 18 şeir daxil oldu. III kitaba “Nəğmələr”dəki şeirləri, IV kitabda isə “Mirzə Şəfinin irsindən” kitabındakı şeirləri daxil edilib”.
Tədir iştirakçıları da kitabın nəşrinin şairin anadan olmasının 225-ci ildönümünə təsadüf etməsini ən böyük hədiyyə kimi qiymətləndirirlər. 

Artıq on ilə yaxındır ki, məmləkətimizin mədəni həyatında əsl hadisəyə çevirilən “Xalq Əmanəti” layihəsi mütəmadi olaraq bizi sevindirir . Dövlətimizin Azərbaycan xalqının mədəniyyətini dünyaya tanıtmaq işinə bir Azərbaycan bankı olaraq öz töhfəsini verən Xalq Bank iyun ayının 21-də yenidən ölkəmizin aydınlarını bir araya toplamışdı. Səbəb isə Mirzə Şəfi Vazeh idi, layihənin on səkkizinci nəşri böyük Azərbaycan şairi, mütəfəkkirinin yaradıcılıq irsinə həsr olunmuşdur. Tədbirdə ölkəmizin elm və mədəniyyət xadimləri iştirak etmiş və görülən işi yüksək qiymətləndirmişlər. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Millət vəkili, akademik İsa Həbibbəyli “Xalq Əmanəti” layihəsinin Mirzə Şəfi Vazeh irisinə, eləcə də Azərbaycan ədəbi-mədəni həyatına böyük ərmağan olduğunu söyləyib: “Biz bu kitaba qədər Mirzə Şəfi Vazeh haqqında çox şey bilmirdik. Mən AMEA-ya yeni gələndə professor  Fəxrəddin Veysəlli bir ay Almaniyada Vazeh irsini araşdırdı.  Buna baxmayaraq, o istədiyi məlumatları əldə edə bilmədi. Bu gün isə Xalq Bank mümkün olan hər şey ilə bizi təmin etdi. Mirzə Şəfi Vazehin  dünyanın müxtəlif ölkələrində olan əlyazmalarını tapmaqda bizə yardımçı oldu. Bu günə qədər Mirzə Şəfi Vazehin bu həcmdə  kitabı olmamışdı. Mirzə Şəfi Vazehin indiyə kimi ən çox 50-60 şeiri əlimizdə olub. Bu kitabın həcmindən də görsənir ki, burada Vazehin kifayər qədər çox əsəri var”.
Daha sonra çıxış edən akademik, millət vəkili, Atatürk Mərkəzinin sədri Nizami Cəfərov isə  “Xalq Əmanəti” layihəsinin növbəti nəşrini təqdirəlayiq və vaxtında atılmış addım olaraq dəyərləndirdi və Mirzə Şəfi Vazehlə bağlı bir çox mətləblərə işıq saldığını söylədi: “Nizami Gəncəvidən sonra 700 il Gəncə poeziyasında sükut oldu. Sonra isə dahi Mirzə Şəfi Vazeh dünyaya gəldi. XIX əsrin birinci yarısı Mirzə Şəfi dövrü kimi qiymətləndirilir. Bu dövrdə poeziya və ədəbiyyat sahəsində mistik bir irəliləyiş baş verdi. Uzun illər ədəbiyyatşünaslar arasında Mirzə Şəfi Vazehin əsərlərinin ortaya çıxması gözlənilirdi. Mənə elə gəlir ki, bu məsələ öz həllini indi tapdı. Amma inanıram ki, Vazehin yaradıcılığının öyrənilməyən məqamları çoxdur. Mirzə Şəfinin miqyasını göstərmək lazımdır”.
Akademik, millət vəkili Rafael Hüseynov isə bu kitabın  mədəni həyatımıza və ədəbiyyatımıza verilən töhfə olduğunu söyləyib: “Azərbaycan ədəbiyyatının müxtəlif simaları haqqında çoxlu kitablar çap olunub. Düşünürəm ki, bu nəcib və faydalı addım gələcəkdə də davam etdiriləcək. Rafiq Həşimovun bu istiqamətdəki işləri diqqətə və təşəkkürə layiqdir. Bu işləri görmək üçün ətrafa faydalı və səmərəli insanlar yığılıb. Bütün bunlar təşəbbüskar və iş bacaran insanların səyi nəticəsində baş verib.
 
Mirzə Şəfi Vazehin  əsərləri olduqca qiymətləndirməyə layiqdir.
 
Bu gün Nizami Gəncəvi, İmadəddin Nəsimini də öz yazıçısı olaraq adına çıxaran bir çox xalqlar var. Əslində isə onlar bütün dünyanın şairləridir. Bu sözlər Mirzə Şəfi Vazehə də aiddir”.
Akademik Muxtar İmanov, professorlar Fəxrəddin Veysəlli və Hamlet Isaxanlı, ədəbiyyatımızın xaricdə təbliatçısı Orxan Aras və başqaları da öz çıxışlarında  Xalq Bankın “Xalq Əmanəti”layihəsi çərçivəsində gördüyü işləri yüksək qiymətləndirdilər. 
Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi ASC Xalq Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə – azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Ələkbər Rzaquliyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı və üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” işıq üzü görüb.

Sizin Reklam Yeriniz