Əlaqə Arxiv
news Image
2019.06.26
20:25
| A A A
Əbülfəs Qarayev gənc liderlərlə görüşüb - Fotolar

"Gənc liderlər məktəbi"nin üzvləri Mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb.

Movqe.az xəbər verir ki, Milli Kitabxanada keçirilən görüşdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb və nazir Əbülfəs Qarayevə gənclərlə görüş təklifini qəbul etdiyinə görə təşəkkürünü bildirib.

İlk görüş "Heydər Əliyev və mədəniyyət" mövzusuna həsr edilib.

Sonra Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin gənclər siyasəti ilə bağlı fikirlərini bölüşüb. Nazir qeyd edib ki, 25 il əvvəl ulu öndər onu yanına çağıraraq gənclər və idman naziri təyin edəcəyini bildirəndə gənc kadra göstərilən bu yüksək etimad həm özünü, həm də bir çoxlarını təəccübləndirmişdi.

Heydər Əliyevin gənclərə olan diqqət və qayğısından söz açan nazir vurğulayıb ki, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan ulu öndər bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, ölkə həyatının siyasi, iqtisadi, digər sahələrində gənclərin fəal iştirakını təmin edirdi.

Nazir onu da qeyd edib ki, müasir dövrümüzdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində gənclərin iştirakının gerçəkləşdirilməsi, eyni zamanda onlara dövlət qayğısının artırılmasını təmin etmək məqsədilə sərəncamlar imzalayıb.

Əbülfəs Qarayev çıxışı zamanı Mədəniyyət Nazirliyinin gənclər siyasətindən də söz açıb. Nazirlik tərəfindən gənclərin potensialını üzə çıxarmaq üçün gerçəkləşən layihələr haqqında məlumat verilib. Vurğulanıb ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir və gənclərin düşüncəsindən, müasir yanaşmalarından səmərəli istifadə etmək gərəkdir.

Nazir gənc liderlərə tövsiyələrini də verib. Görüş gənclərin ünvanladığı suallara cavablar və müzakirələrlə davam edib.

Sonda xatirə şəkli çəkdirilib.

Sizin Reklam Yeriniz