Əlaqə Arxiv
news Image
2019.07.04
15:25
| A A A
Zabil Müqabiloğlunun “Son zəng”i “çalındı”

Bu gün Bakı Beynəlxalq Mətbuat Mərkəzində mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş “Son zəng” kitabının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, mərasimdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, tanınmış jurnalistlər Qulu Məhərrəmli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Arzu Nağıyev, Yadigar Məmmədli iştirak edib.

Tədbiri giriş sözüylə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, kitabda mərhum jurnalistin şeirləri ilə yanaşı həmkarlarının xatirələri də yer alıb:

“Bu onun həyata son zəngidir. Onunla bağlı xatirələr dostlarının qəlbində hər zaman yaşayacaq. Xatirələrin bir hissəsi bu kitabda öz əksini tapıb. Sevinc xanımın simasinda bacının qardaşa dərin sevgisinin şahidi oluruq. Bu gün mərasimdə iştirak edən bir çox şəxsin bu kitabda xatirələri dərc olunub. O, çox istedadlı jurnalist idi. Müxtəlif mətbu orqanlarda çalışıb. Tale ona 40 yaşdan artıq yaşamağa icazə vermədi. Allah ona rəhmət etsin, balasını qorusun”.

Kitabın redaktoru professor Qulu Məhərrəmli isə kitabın ərsəyə gəlməsinə görə Mətbuat Şurasına təşəkkür edib:

“Kitabda bir dənə olsun saxta not yoxdur. Çünki Zabilin özü də səmimi, təbii insan idi. Bu kitabda enerjili, səmimi cümlələr çoxdur və bu, Zabilin ömrünü, hisslərini, yaşantısını uzatmaq üçündür. Kitabın ərsəyə gəlməsində başda Mətbuat Şurası olmaqla əməyi olan hər kəsə təşəkkür edirəm. Bu kitab onun ruhuna ithaf kimidir”.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə onunla uzun müddət birlikdə çalışdığını və enerjili və səmimi insan olduğunu bildirib.

Daha sonra Yadigar Məmmədli, Umud Rəhimoğlu və digərləri çıxış edərək, mərhum jurnalist Zabil Müqabiloğlu barədə xatirələrini bölüşüb.

Zabil Müqabiloğlunun bacısı Sevinc Əliyeva tədbirdə iştirak edənlərə və kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib.

Tədbirin sonunda mərhum jurnalistin müxtəlif illərdə çəkilən fotolarından hazırlanan video-çarx nümayiş olunub.

Sizin Reklam Yeriniz