news Image
2019.07.09
07:23
| A A A
Azərbaycan mədəniyyətinin növbəti UNESCO uğuru
Xalqımızın mənəvi dünyası sənət inciləri ilə zəngin, nümunəvi dəyərlər çeşməsidir

İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatında bildirilir ki, Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Qeyd edilir ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII əsr saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir. 

Şəki ilə bağlı fayl 2017-ci ildə Polşanın Krakov şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya üzrə diqqətlə öyrənilib və müzakirəyə çıxarılıb. Maraqlıdır ki, müzakirələrdə fəallıq göstərən  Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala, Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğulayıblar. Azərbaycan hökumətinin bu tarixi məkanla bağlı ciddi işlər görməsi, ölkəmizdə mədəni irsə isti münasibət bəslənməsi xüsusi olaraq vurğulanıb və təqdir olunub. Bu səbəbdən də üzv dövlətin nümayəndələri faylın qəbulunu məqsədəuyğun hesab edirlər. Dövlətimizin müvafiq qurumları 6 ildir ki, səbirlə bu tarixi abidənin ilkingörkəminin saxlanması və tikilinin ömrünün uzadılması sahəsində səylə çalışır və ICOMOS-un tövsiyələri ciddiyyətlə nəzərə alınır. Sonda beynəlxalq ekspertlər görülən işləri dəyərləndirib və tarixi abidə haqda müsbət rəy bildirib.

“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi xalqımızın bu istiqamətdə yeni nailiyyətidir. Təsadüfi deyil ki, bu münasibətlə Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik  edib: “Əziz həmvətənlər! Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur. UNESCO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm”. 

Dövlət başçısının sevinci respublikamızın hər bir vətəndaşının sevincidir. Axı, bu uğurlar birlikdə qazanılır. Azərbaycan mədəniyyətinin inkişafında və mədəni irsimizin qorunmasında misilsiz xidmətləri olan Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir: “Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm!”.

Heydər Əliyev Fondunun mədəni irsin qorunması sahəsində yaratdığı gözəl ənənə gələcəkdə hələ nə qədər sənət incimizin dünya səhnəsinə çıxarılmasını təmin edəcək. Azərbaycan xalqı əmindir ki, bir gün gələcək Fondun Ümumdünya İrs Komitəsinə bəxş etdiyi bəşəri hədiyyələr arasında işğal altından azad olunan Azərbaycan torpaqlarındakı abidələr də yer alacaq və UNESCO tərəfindən layiq olduğu dəyərə yiyələnəcəklər. Eyni zamanda Atəşgah, Naxçıvandakı movzoleylər, Xəzərin sahilindəki qədim müdafiə istehkamları ümumdünya mədəni irsinin bəzəyinə çevriləcək.

N.NOVRUZ