news Image
2019.11.01
17:43
| A A A
BANM-də Nəsiminin 650 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib

Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə Nəsiminin 650 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirib.

Mövqe.az xəbər verir ki, tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin klassik Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən, anadilli poeziyanın inkişafında müstəsna xidmətləri olan söz ustadı olduğunu bildirib.

Rektor qeyd edib ki, Nəsimi yaradıcılığında insanın əzəməti, şəxsiyyətin azadlığı və məhəbbət ideyası mühüm yer tutur: “Onun müxtəlif ideyalarla zəngin bədii irsi özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərib. Biz çox qürur duyuruq ki, ölkə səviyyəsində geniş miqyasda qeyd olunan “İmadəddin Nəsimi ili” çərçivəsindən keçirilən tədbirlərin tərkib hissəsinə çevrilə bildik. Bu gün həm Bakı Ali Neft Məktəbinin, həm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimləri dahi Nəsimi yaradacılığından qəzəl, kompozisiya, şeir və bəstələr ifa edəcəklər”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova isə rəhbərlik etdiyi ali təhsil müəssisəsində “İmadəddin Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Tədbirdə çıxış edən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli Nəsiminin yaradıcılığı barədə geniş danışıb. O qeyd edib ki, bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi açılıb: "Bu hər bir azərbaycanlının qürur mənbəyinə çevriləsi bir hadisədir".

Daha sonra hər iki ali təhsil müəssisəsinin tələbə və müəllimlərinin ifasında Nəsiminin qəzəllərindən ibarət kompozisiyalar, “Məndə sığar iki cahan" Şur təsnifi tamaşaçılara təqdim olunub.

Tədbir Sami Yusifin “Sığmazam” kompozisiyasının video-rekviyemi ilə yekunlaşıb.