news Image
2019.11.08
19:10
| A A A
“Mavi gözlü ögey ana” işıq üzü görüb

Tanınmış publisist, BBC radiostansiyasının Azərbaycan xidmətinin aparıcısı, tərcüməçi Zülfüqar Rüfətoğlunun poeziya nümunələrindən və tərcümələrindən ibarət ilk şeirlər kitabı işıq üzü görüb.

“Teas Press” nəşriyyatında çapdan çıxan kitabda müəllifin illərdir qələmə aldığı poetik düşüncələri, Vətən, torpaq, millət, azadlıq, sevgi və ümumilikdə həyat haqqındakı fərqli düşüncələri yer alır.

 “Mavi gözlü ögey ana” adlanan lirik toplusunun “Ön söz”ündə  “özünü heç vaxt şair hesab etməyən, yeganə peşəsi jurnalistika olan, amma elə bu peşə boyunca poeziyanın zaman-zaman onun yol yoldaşı olduğunu” deyən müəllif  oxucularına qürbətdə yaşamaqla vətəni daha böyük məhəbbətlə sevməyin misralardakı fəlsəfəsini açmağa çalışır.

154 səhifəlik kitabın  “Biri vardı, biri yox”, “Vətəndaş lirikası”, “Londonun tənhalığı” və “Hər tərcümə günahdır, günaha batmışam mən…”  bölmələrində  “Unudanlar unudulsa”, “Tez açan zoğal çiçəyi”, “Payız çiskinindən yay yağışına”, “Şuşaya gedirəm”, “Bu şəhərə Allah rəhmət eləsin”, “İsanın atası dedi ki mənə...”, “Dekabr pərvanəsi”, “Etüd”, “Anama”, “Qara və qırmızı”, “Bazar ertəsinə”, “Ox və nəğmə”, “Tufana oxunmuş nəğmə”, “Əgər” kimi nəzm əsərləri “Biri vardı, biri yox...”, “Vətəndaş lirikası”, “Londonun tənhalığı”, “Oyuncaq mağazasında demədiklərim” kimi maraqlı və məzmunlu, ən əsası da səmimi qəlb sətirləri toplanıb.

Qeyd edək ki, Zülfüqar Rüfətoğlu 1958-ci ildə Bakıda anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Uzun illər jurnalist kimi fəaliyyət göstərib. 1984-93-cü illərdə “Azərbaycan qadını” jurnalında, “Sovet kəndi”, “Kommunist”, “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərində çalışıb. 1989-cu ildə nəşrə başlayan “Səhər” qəzetinin yaradıcılarından biri olub. 1991-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb. 1993-cü ildə “Röyter” agentliyinin kurslarında təhsil alıb. 1995-ci ildən “BBC Azərbaycan” xidmətində işləyir, bu media qurumunun prodüseridir. Hazırda Böyük Britaniyada yaşayır.