Əlaqə Arxiv
news Image
2019.11.19
13:45
| A A A
Sumqayıt şəhərinin 70 illik yubileyi qeyd edilib(FOTO)

Sumqayıtın şəhər statusu almasının 70 illiyi münasibətilə tədbir keçirilib.

Mövqe.az Sumqayıt-Abşeron bürosunun məlumatına görə, tədbirdə rəsmi şəxslər, millət vəkilləri, xarici ölkə səfirliklərinin və Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, eləcə də minlərlə sakin iştirak edib. 

Yubiley tədbirinə səhər saatlarından Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında, Azərbaycan prospektindən start verilib. Belə ki, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi orkestrinin müşayiəti ilə Azərbaycan prospekti boyunca hərbçilərin iştirakı ilə möhtəşəm parad təşkil edilib. Paradda Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahlar nümayiş olunub. Bununla yanaşı, şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri, idarə, müəssisə və təşkilatlar öz kollektivləri ilə bayram əhval-ruhiyyəsində keçid ediblər. 

Daha sonra tanınmış incəsənət ustalarının iştirakı ilə Sumqayıt Dövlət Dram Teatrının qarşısında konsert təşkil edilib. Yubiley tədbiri atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, ötən müddətdə Sumqayıt zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir.

Sizin Reklam Yeriniz