Əlaqə Arxiv
news Image
2020.01.09
13:31
| A A A
Akademik İsa Həbibbəylinin “Ədəbiyyat, zaman və müasirlik” kitabı Moskvada nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin Moskvadakı “Xudojestvennaya literatura” nəşriyyatında “Ədəbiyyat, zaman və müasirlik” adlı kitabı nəşr olunub. “Ədəbiyyat və zaman” adlı giriş məqaləsi ilə açılan kitabın “Ədəbiyyat nəzəriyyəsi” bölməsində Azərbaycan ədəbiyyatındakı ədəbi cərəyanların tarixi təkamül prosesləri, estetikası və poetikasından, habelə əsas yaradıcılarının xidmətlərindən geniş bəhs olunub. Bu bölmədə eyni zamanda ədəbi növlərin və janrların təsnifatı məsələsinə yenidən baxılaraq satiradan ədəbi növlərdən biri kimi söz açılır.

Azərbaycan ədəbiyyatı tarixinə həsr edilmiş portret-oçerklər akademik İsa Həbibbəylinin müəllifi olduğu dövrləşdirmə konsepsiyası əsasında və xronoloji qaydada təqdim edilib. Kitabda intibah dövrü Azərbaycan ədəbiyyatı Nizami Gəncəvi, orta əsrlər İmadəddin Nəsimi, erkən yeni dövr Molla Pənah Vaqif, tənqidi realizm epoxası Cəlil Məmmədquluzadə və Eynəli bəy Sultanov, romantizm Hüseyn Cavid, sovet dövrü ədəbiyyatı isə Səməd Vurğun kimi sənətkarlarla, müstəqillik mərhələsi Rəşad Məcidlə təmsil olunub.

Monoqrafik tədqiqatın “Folklorşünaslıq və mədəniyyət” bölməsində “Kitabi-Dədə Qorqud” dastanlarındakı Təpəgöz boyunun tipologiyası izah edilib, Gəmiqaya-Qobustan mədəniyyəti, Orxon-Yenisey abidələri təhlildən keçirilib.

“Rusiya ictimai-ədəbi mühiti” bölməsində “Mixail Şoloxov və Azərbaycan ədəbiyyatı” oçerki yerləşdirilib, Nobel mükafatı laureatı, məşhur fizik, akademik Jores Alfyorovla müsahibə oxuculara çatdırılıb.

“Dünya ədəbiyyatı” bölməsində Azərbaycan-Çin ədəbi-mədəni və elmi əlaqələrindən, “Oxşar ədəbi talelər” rubrikasında isə türk xalqları ədəbiyyatlarının dövrləşdirilməsindən, Azərbaycan-qazax və türkmən ədəbi əlaqələrindən bəhs edilir, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov “ədəbi mogikan” adlandırılır.

Kitabda Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi və fəaliyyətinin ilk mərhələsinə, fizika və lirikanın qarşılıqlı əlaqələrinə, ədəbiyyatda multikultural dəyərlərin bədii ifadəsinə dair məqalələr “Elmin üfüqləri” bölməsində yer alıb.

“Ədəbiyyat, zaman və müasirlik” kitabının elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Mustafayev, məsul redaktoru isə Azərbaycan Yazıçılar Birliyi Moskva Bölməsinin məsul katibi, filologiya elmləri doktoru Abuzər Bağırovdur.

Kitab Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsinin, görkəmli yaradıcılarının, böyük ənənələrinin rusdilli məkanda elmi səviyyədə təbliği üçün zəngin mənbədir.

Sizin Reklam Yeriniz