news Image
2020.02.17
22:51
| A A A
“Toya bir gün qalmış” nümayiş olunub

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası ilə növbəti dəfə teatrsevərlərin görüşünə gəlib.

Mövqe.az xəbər verir ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov olan tamaşada əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlili, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov və Ağaxan Şərifov canlandırıblar.

Tamaşanın baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.

Tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı isə Emin Həsənovdur.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir.