news Image
2020.02.26
08:54
| A A A
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib (FOTO)
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdən öncə, XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımını özündə əks etdirən kitablar və foto stendə baxış keçirilmişdir. Mövqe.az-ın məlumatına görə, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyev Sarayının direktoru, "Şöhrət" ordenli Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edib və Xocalıda törədilən qanlı hadisələr, dinc sakinlərin amansızca qətlə yetirilməsi, yüzlərlə insanın əsir götürülməsi, şəhərin və evlərin tamamilə dağıdılması barədə ətraflı məlumat verib. Fərhad Babayev faciə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə Fondun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlər göstərdiyini bildirib. Həmçinin, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində hər il dünyanın bir çox dövlətlərində xüsusi layihələrin hazırlandığını və silsilə tədbirlərin keçirildiyini qeyd edib. Keçirilən tədbirlərdə Xocalının ağır tank və digər zirehli hərbi texnikanın gücü ilə yer üzündən silinməsi, körpə, uşaq, qoca, qadına fərq qoymadan insanların amansızlıqla, ağlasığmaz vəhşiliklə qətlə yetirilməsi, əsirlərə görünməmiş işgəncələrlə divan tutulmasını əks etdirən fotosənədlərdən ibarət sərgilərin təşkil edildiyini və ingilis, fransız, alman, rus, macar dillərində bu faciədən bəhs edən bukletlərin təqdim edildiyini bildirib. Bundan əlavə, müxtəlif ölkələrdə tədbirlər, aksiyalar keçirilir, çap olunan kitablar, jurnallar, posterlər və çəkilən sənədli filmlər dünya ictimaiyyətinə təqdim olunur. Tədbirdə digər çıxış edənlər, Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışıblar. Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks edirən sənədli film nümayiş etdirilib.