Əlaqə Arxiv
news Image
2013.07.03
18:50
| A A A
Şəki dördüncü dəfə beynəlxalq musiqi festivalına ev sahibliyi edir

Cari il iyunun 28-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəkidə "İpək Yolu" IV Beynəlxalq musiqi festivalı başlanıb. İyulun 4-dək davam edəcək sənət bayramına ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Moldova, Ukrayna, Tacikistan, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası və ABŞ-dan musiqi kollektivləri qatılıb. Bu barədə iyunun 28-də Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən mətbuat konfransında ətraflı məlumat verilib.


Festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 2010-cu ildən keçirilən festivalın artıq ənənə halını aldığını vurğulayıb: "Festivalın janr çərçivəsi də ildən-ilə genişlənir və hər il daha zəngin proqramla sənətsevərlərin görüşünə gəlirik. Bu il festivalın açılış mərasimində Azərbaycan Dövlət Opera və Balet Teatrının kollektivi tərəfindən dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq. Festival çərçivəsində Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın iştirakı ilə muğam konserti təqdim ediləcək. Ənənəvi olaraq Şəki Musiqi Kollecinin tələbələri üçün ustad dərsləri keçiriləcək".


Mətbuat konfransında çıxış edən Dövlət Xalq Çalğı Alətləri Orkestrinin rəhbəri, Xalq artisti Ağaverdi Paşayev, Əməkdar artist Tünzalə Ağayeva və digərləri festival proqram haqqında ətraflı məlumat veriblər.

Həmin gün Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda festivala həsr olunmuş "İpək Yolunun sədaları və rəngləri: dodekafon sistemi Qərbdə və Şərqdə" adlı konsert təqdim olunub. Proqramda "Oazis" simli kvarteti tərəfindən Arnold Şönberqin dodekafon janrında yazılmış "2 saylı kvartet"i və Firəngiz Əlizadənin "Dilogiya"sı (solist Əməkdar artist Fəridə Məmmədova - soprano) səsləndirilib. Həmçinin gənc rəssam Lalə Qasımın performansı təqdim olunub.


İyunun 28-də axşam Şəki şəhərindəki yay teatrında MDB ölkələri rəqs qruplarının iştirakı ilə festivalın ilk konserti təqdim edilib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələri Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu çıxış edərək festivalın Azərbaycanın, eləcə də Şəkinin mədəni həyatında əlamətdar hadisə olduğunu bildiriblər. Qeyd olunub ki, festivalda postsovet ölkələrinin musiqi kollektivləri də iştirak edir. Qazaxıstanın "Altınay", Belarusun "Xoroşki", Tacikistanın "Zebo" ansambllarının, Qırğızıstanın "Ak maral" Milli Akademik Rəqs Ansamblının, Moldovanın "Flueras", Özbəkistanın "Ofarin", Rusiyanın "Beryozka" rəqs kollektivlərinin, Ukraynanın "Banduraçılar" duetinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 


İyunun 29-da XIX əsrə aid tarixi-memarlıq abidəsi olan "Aşağı Karvansaray" kompleksində "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib. Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə gözəl ənənəyə çevrilən möhtəşəm musiqi bayramının qədim Şəkidə keçirilməsi təsadüfi olmadığını vurğulayıblar. Çünki ipəkçiliyin qədim məkanı olan Şəki əsrlər boyu tarixi İpək Yolu üzərində mühüm sənət və ticarət mərkəzi kimi tanınıb. Bu gün Şəki orta əsr şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayıb. Musiqi festivalı zamanı konsertlərin tarixi memarlıq məkanlarında keçirilməsi həm də xalqımızın zəngin tarixi-mədəni irsi təbliğ etməyə imkan yaradır. 


Sonra festival çərçivəsində ilk dəfə olaraq Şəkidə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının ifasında böyük bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunub. Balet festivalın qonaqları, şəhər sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Xalq artisti Cavanşir Cəfərovun rəhbərliyi altında simfonik orkestrin müşayiəti ilə nümayiş olunan səhnə əsərinin baletmeysteri Vasili Medvedev (Rusiya), quruluşçu rəssam Dmitri Gerbadji (Rusiya), geyim tərtibatçısı Xalq rəssamı Tair Tairovdur. Əsas rolları xalq artistləri Kamilla Hüseynova və Gülağası Mirzəyev ifa ediblər. 

İyunun 30-da Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, tanınmış pianoçu Yeganə Axundova Şəki Musiqi Kollecinin tələbələrinə ustad dərsi keçib. Kollecin IV kurs tələbəsi Türkan Məmmədli pianoda İ.S. Bax, L.V.Bethoven və T.Quliyevin, II kurs tələbəsi Nigar İsayeva F.List və L.V.Bethovenin əsərlərini ifa edib. İfaları diqqətlə dinləyən professor Y.Axundova tələbələrə tövsiyələrini bildirib.

İyulun 1-də kollecdə növbəti ustad dərsi ustad dərsi BMA-nın professoru, Xalq artisti, tanınmış violin ifaçısı Zəhra Quliyeva tərəfindən aparılıb. III kurs tələbəsi Aysel Lətifzadə skripkada F.Əmirov, M.Mirzəyev və P.Çaykovskinin, II kinci kurs tələbəsi Vüsalə Cabbarlı A.Vivaldi, F.Əmirov və V.A.Motsartın əsərlərini ifa ediblər. Professor Z.Quliyeva ifaçıların yol verdikləri xətaları göstərib, tövsiyələrini verib.


İyunun 29-da Şəkidəki Azadlıq meydanında ABŞ-ın "Filligar" rok-qrupunun konserti olub. Konsertdə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Viktoriya Sluon qrupun fəaliyyəti və ölkəmizə səfərinin məqsədi barədə məlumat verib. Festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Amerika rok qrupunun çıxışının musiqi bayramına xüsusi çalar qatacağını deyib. Bildirilib ki, 2000-ci ildə Çikaqoda Matias qardaşları tərəfindən yaradılan qrupun musiqisi məşhur rok və pop kollektivlərinin yaradıcılığından qaynaqlanıb. Bu il "Filligar" qrupu mədəniyyət və incəsənət dialoqunu, habelə Amerika musiqi mədəniyyətini təbliğ etmək üçün ABŞ Dövlət Departamenti tərəfindən mədəni səfir kimi bir sıra Şərqi Avropa ölkələrinə qastrol səfərləri edib. 


İyunun 30-da və iyulun 1-də tamaşaçılara Cənubi Koreya solistlərinin ifasında qədim musiqi nümunələri və rəqslərdən ibarət maraqlı konsert proqramı təqdim olunub. Yay teatrında və "Aşağı Karvansaray" kompleksində keçirilən konsertlər maraqla qarşılanıb. Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn "İpək Yolu" festivalının mədəniyyətlərarası dialoqa töhfə olduğunu vurğulayıb. Koreya təmsilçilərinin bu festivalda ənənəvi olaraq iştirak etdiklərini bildirən səfir ölkəsinin musiqi mədəniyyətində mahnı və rəqslərin əsas yer tutduğunu deyib. 


Festivalın üçüncü günü "Aşağı Karvansaray"da Türkiyənin TRT kanalının "Axşam səfası" orkestri və solistlərinin konserti isə yay havasında qəlblərə sərinlik gətirib. Konsertdə bildirilib ki, "Axşam səfası" orkestri və xor qrupu dünyanın müxtəlif ölkələrində konsertlər verib. Kollektivin repertuarında xalq musiqisi və bəstəkar mahnıları əsas yer tutur. Bu ilin mayında kollektiv Heydər Əliyev Sarayında möhtəşəm konsertləri ilə bakılıların qəlbini fəth edib. Solistlərin 20 nəfərlik orkestrin müşayiəti ilə yüksək peşəkarlıqla ifa etdikləri türk pop və xalq sənət musiqisi, Azərbaycanın xalq mahnısı "Sarı gəlin", həmçinin "Əziz dost", "Sən gəlməz oldun" və digər Azərbaycan mahnıları festival iştirakçılarının ürəyincə olub.

Cabbar Qaryağdı oğlu adına Azərbaycan muğam üçlüyünün - xalq artistləri Mələkxanım Əyyubova, tarzən Möhlət Müslümov və kamança ustası Fəxrəddin Dadaşovun çıxışı da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

* * * 

Qeyd edək ki, festivala iyulun 4-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsertlə yekun vurulacaq. Konsertdə Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı və Şəki Musiqi Kollecinin xor kollektivi çıxış edəcək.

 


 

Sizin Reklam Yeriniz