news Image
2020.03.13
09:56
| A A A
“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya Festivalı keçiriləcək

Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, IWS Globe -Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi -IWS Azerbaijan və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 may - Respublika Günü münasibəti ilə 2-5 iyun tarixlərində gərçəkləşəcək.

Mədəniyyət Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, məqsəd akvarel texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərməkdən ibarətdir.

Festivalın iştirak şərtləri:

Mövzu: Azərbaycan

Ölçü: sərbəst

18 yaşdan yuxarı hər bir yerli və xarici akvarelistlər iştirak edə bilər. Əsərlər 90 % akvarel ilə işlənməlidir. Bütün işlər orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. Hər bir iştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin seçimlərdən sonra hər bir müəllifin yalnız 1 əsəri dəvət olunacaq. Festivalda iştirak ödənişsizdir və işlər onlayn olaraq seçiləcək.

Əsərlər facebookda https://www.facebook.com/groups/FestBaku/ qrupunda ad, soyad, ölkə, əsərin adı, texnika və ölçüsü, elektron poçt ünvanı qeyd edilməklə 2020-ci ilin mart ayının 5-dən aprel ayının 15-dək onlayn olaraq (Rəqəmsal təqdim JPEG fayl 300 dpi, 3-4 Mb.) yerləşdirilməlidir.

20 apreldə ilk turu keçmiş əsərlər və müəlliflərinin siyahısı elan ediləcək. Seçilmiş əsərlərin fotoları və təqdim edilmiş anket doldurularaq xsm.2016@mail.ru elektron ünvanına 20-25 aprel müddətində göndərilməli və əsərlərin orjinalları 5 may tarixinə qədər ünvana çatdırılmalıdırlar. Secilmiş əsərlər Azərbaycanda sərgilənmək və II turda iştirak üçün dəvət olunacaq. II turda müsabiqə keçiriləcək və jüri tərəfindən qaliblər seçiləcək.

Əsəri sərgilənən rəssam öz hesabına gəlib festivalda iştirak edə bilər. İşlər satıldıqda işlərin qiymətindən 25% komissiya götürüləcək.

Foto referenslər https://www.facebook.com/groups/FestBaku/ qrupunda yerləşdiriləcəklər. Fotoqrafların adlarını qeyd etməyiniz xahiş olunur.

Festival çərçivəsində demo ustad dərsləri və plenerlər təşkil olunacaq. Sərginin kataloqu hazırlanacaq. Tədbirdən sonra əsərlər bir ədəd katoloqla bərabər geri göndəriləcək. Qalib olmuş əsərlər təşkilatçıların fondunda qalacaq.

Mükafatlandırma fondu

I yer – 500 avro

II yer – 300 avro

III yer – 200 avro

Təşkilatçıların seçdiyi bir əsər – 100 avro

Həvəsləndirici mükafat 5 yer.

Dəvət olunan əsərlərin müəllifləri diplomla təltif olunacaq.

Sərgilənmək üçün göndərilən orjinal əsərlərin qəbul mərkəzi: Azərbaycan Respublikası, Bakı şəhəri, Xocalı pr. 62, AZ1025

Xətai Sənət Mərkəzi: www.xsm.az (+994) 12 490 84 51/52/53