news Image
2020.03.16
16:37
| A A A
Koronavirusla əlaqədar “İçərişəhər”dəki muzeylər online ünsiyyət yaradacaq

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq, “İçərişəhər” Muzey Mərkəzinin muzey və ekspozisiyaları #MuseumFromHome heşteqi altında online ünsiyyət yaradacaq.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin  rəhbəri Səfayə xanımın Mövqe.az-a verdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il tarixli qərarına (ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri) əsasən “İçərişəhər” Muzey Mərkəzinin bütün muzey və ekspozisiyaları iş fəaliyyətini dayandırıb.

Covid-19 (Corona virus) virusunun dünyada yayılması səbəbindən əksər dünya və ölkə muzeyləri online iş rejiminə keçib:

"Bununla əlaqədar 16-17-18-19 və 20 mart 2020-ci il tarixlərində “İçərişəhər” Muzey Mərkəzinin muzey və ekspozisiyaları #MuseumFromHome heşteqi altında Sizinlə online ünsiyyət yaradacaq. Gündə 2 dəfə saat 12:00-da və 15:00-da canlı yayımlar, digər vaxtlarda isə 3 D virtual gəzinti, kiçik videoçarxlar, maraqlı fotoşəkillərin tarixçələri təqdim olunacaq. Beləliklə, evdə oturduğunuz halda virtual olaraq İçərişəhərin muzey və ekspozisiyalarını ziyarət edə biləcəksiniz.
Bu zaman Siz “İçərişəhər” Muzey Mərkəzinin mütəxəssisləri tərəfindən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Qala Dövlət Tarix Etnoqrafiya qoruğu haqqında eləcə də bəzi maraqlı və unikal memarlıq abidələri, eksponatlar barədə canlı olaraq sual-cavabda iştirak etməklə məlumat ala biləcəksiniz".