Əlaqə Arxiv
news Image
2013.07.05
16:07
| A A A
Azərbaycanda prokat bazarı «ölüb»
Tariyel Qasımov: «İndi elə texnologiya vasitələri inkişaf edib ki, prokata gərək qalmayıb»

Salam Məmmədəliyev: "Insanlarda filmə, kinoya, teatra maraq azalıb"



Müasir Qərb kinosənayesinin əsas gəlirlərinin önəmli hissəsini prokatlardan əldə etdiyi heç kimə sirr deyil. Xüsusən də Hollivud istehsalı olan filmlərin prokatlardan gəlirləri adətən on milyonlarda dollar olur. Lakin nədənsə analoji təcrübədən ölkəmizdə demək olar ki, istifadə olunmur. Mövqe.az-a açıqlamasında xalq artisti Tariyel Qasımov bununla bağlı bildirir: "Düzdür, əvvəllər prokat yerlərində disklər verilirdi. Ancaq indi internet o qədər inkişaf edib ki, elə şeylərə ehtiyac qalmayıb. Düşünmürəm ki, prokat disklərin verilməsi hansısa dərəcədə kinonun inkişafına necəsə təsir edə bilər. Əvvəlki vaxtlarda müxtəlif filmlər prokata verilirdi. İnsanlarında evində dvd, disklər, filmlər olmadığı üçün prokata üz tuturdular. İndi isə filmlər çox ucuz qiymətə hər bir mağazada disk şəklində satılır. İndi elə texnologiya vasitələri inkişaf edib ki, prokata gərək qalmayıb".


Rejissor Salam Məmmədəliyev isə qeyd edir: "Fikrimcə, filmlərin prokata verilməməsinin səbələri çoxdur. Ən birinci səbəb kimi piratçılığı qeyd edərdim. Əksəriyyəti filmləri, kinoları disklərə çox keyfiyyətsiz, bərbad vəziyyətdə yazırlar. Həmin bərbad vəziyyətdə olan diskləri isə camaata 2-10 manat dəyərində satırlar. Qiymət fərqli olur. Əksəriyyət düşünür ki, filmi prokat götürməkdənsə, elə 1 manat bahasına verib diskin özünü alaram. Həm istədiyim zaman diski seyr edərəm, həm də disk özümə qalar. İkinci səbəb isə texnika və texnologiyanın inkişafı çox geniş yayılıb. İnsanlar istədikləri filmləri internet vasitəsilə izləyə bilirlər. Digər üçüncü, ən faciəvi olan fakt isə bu gün insanlarda filmə, kinoya, teatra marağın azalması ilə bağlıdır. İndi hər kəsin o qədər problemi var ki, heç film yada düşmür. Çünki insanların öz həyatları sanki film kimi keçir".




Sizin Reklam Yeriniz