Əlaqə Arxiv
news Image
2013.07.09
15:18
| A A A
Uşaqları teatrlardan uzaq salanlar…
Baba Vəziroğlu: «Bu gün uşaq tamaşaları elə bil böyüklər üçün hazırlanır»

Vüsal Nuru: "Hazırda bizdə uşaq tamaşaları yazılmır, səhnəyə qoymağa bir şeyimiz yoxdur"

Vahid Orucoğlu: "Uşaq tamaşalarına maraq azlığı teatrlardan aslıdır"

Bayram günlərindən fərqli olaraq adi günlərdə uşaqlar üçün hazırlanan teatr tamaşalarına üz tutanların sayı elə çox olmur. Daha bir maraqlı cəhət odur ki, xaricdən uşaqlar üçün ölkəmizə teatr tamaşaları göstərməyə gələnlərin hazırladıqları premyeralar daim anşlaqlı keçir. Bütün bunların nədən qaynaqlanmasına gəlincə, Mövqe.az-aaçıqlamasında şair Baba Vəziroğlu qeyd edir: "Əsas səbəb odur ki, teatr ötən əsrin əyləncəsi idi. Təəssüf ki, teatr bu günə gəlib çıxmadı və belə demək mümkünsə, "rəhmətə getdi". Bu günün isə öz əyləncələri var. O ki, qaldı xaricdən gəlib burada hər hansı bir tamaşa göstərən zaman zalın dolmağına, tamaşaların anşlaqla keçməsinə, müəyyən mənada marağın olmasına, bu sadəcə marağın əlamətidir. Necə deyərlər, "özgə qanqalı qəşəng görünür bizə"... Həmçinin, dediklərim uşaq tamaşalarına da aiddir. Bu gün uşaq tamaşaları elə bil böyüklər üçün hazırlanır. Ona görə də uşaqların marağına səbəb olmur və sevilmir".

Ssenarist Vüsal Nuru isə bildirir: "Mən deməzdim ki, valideyinlər uşaqlarını yalnız xarici tamaşala aparırlar. Mən hər həftənin bazar günü Kukla Teatrına gedirdim, təbii, qızımı aparırdım və ordakı izdihamı görürdüm. Gün ərzində üç seans keçirilir, üçün də zal dolu olur, əlavə oturacaqlar qoyulurdu.

O ki qaldı xarici tamaşalara, doğrudur, xarici tamaşalar daha çox maraq oyadır. Çünki, yeni bir şey ortaya gəlir və onu görmək istəyi var. Bu, olduqca normaldır. Bir böyük problemimiz var ki, hazırda bizdə uşaq tamaşaları yazılmır, səhnəyə qoymağa bir şeyimiz yoxdur. Bəzən rejissorlar nəsə nağıllardan, dastanlardan düzəldirlər, amma bu fundamental deyil. Professional səviyyədə alınmır, uşaq pyeslərinin öz sənətkarı olmalıdır. Xarici ölkələrdə bu daha yaxşı inkişaf edir. Uşaq teatra aparmaq çox vacibdir. Amma tamaşa da gərək tamaşa ola. Teatrda gördükləri uşağın psixoloji-emosional dünyalarına təsir edir, odur ki, bu təsiri yaxşıca ölçüb-bicmək lazımdı. Uşağa nəyi, necə aşılamağı düzgün təyin etmək lazımdır".

Uşaq tamaşalarında oynayan, uşaqların sevimlisi, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Orucoğlu isə bildirir: "Uşaq tamaşaları həmişə olduğu kimi bu gün də var. Ancaq bu gün belə tamaşalara maraq azlığı teatrlardan aslıdır. Təbii ki, təbliğatdan çox şey aslıdır. Bizim teatra xaricdən 2 rejissor gəldi. "Buratino" və "Karlson" uşaq tamaşaları hazırlandı. Hər iki tamaşanın premyerası zamanı zal doldu. Adminstirator istəsə, zal həmişə dolur. Yenə də deyirəm ki, adminstrator hansı tamaşanın istəsə, biletini satır".

V. Orucoğlu Gənc Tamaşaçılar Teatrında göstərilən uşaq tamaşalarından da danışdı: "Bizdə teatrda uşaqlardan ibarət komissiya yaradılıb. Tamaşa bitəndən sonra uşaqlar öz təklif və iradlarını birbaşa deyirlər. Bu mərhələdən sonra isə uşaqlara sual verilir ki, bu tamaşanı bəyəndiniz, yoxsa yox? Əksər vaxtlar uşaqlar xorla "bəli" deyə cavab verir... Bizim uşaq tamaşalarımızda zal təsadüfən olar ki, boş qalsın".

Sizin Reklam Yeriniz