Əlaqə Arxiv
news Image
2013.07.11
13:56
| A A A
Şəfiqə Axundovanın vəziyyəti pisləşib

Xalq artistini Bakıya gətirirlər.Azərbaycanın Xalq artisti, Şərqin opera yazan ilk qadın bəstəkarı Şəfiqə Axundovanın səhhətində ciddi problemlər yaranıb. ANS PRESS-in verdiyi məlumata görə, hazırda Şəkidə istirahət edən xalq artistinin vəziyyəti dünən axşam saatlarında pisləşib. Dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılan Şəfiqə Axundovanın vəziyyəti ağır kimi qiymətləndirilib.


Xalq artıstinın bacısı Rəfiqə Axundovanın ANS PRESS-ə verdiyi məlumata görə, həkimlər Şəfiqə qanımın təcili Bakıya gətirilməsini məsləhət biliblər və xalq artistinin təcili yardım maşını ilə paytaxta yola salınmasına hazırlıq görülür.


Rəfiqə Axundovanın sözlərinə görə, Şəfiqə xanımın ayaqları tutulub. Nitqində də qüsurlar var. Bundan başqa, Şəfiqə xanımın qidalanmasında da problemlər var. "Bəzən huşu da özündə olmur. İndi onu Bakıya gətirməliyik", - deyə Rəfiqə Axundova bildirib.


Qeyd edək ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.


O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının, simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.


Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə "Gəlin qayası" operası ilə müsiqisevərləri valeh edib. Hazırda 500-dən artıq əsəri olan sənətkar xanım hələ də yazıb yaradır.

Sizin Reklam Yeriniz