news Image
2013.07.15
16:46
| A A A
Mahnılarımz yenə oğurlanır
Gövhər Həsənzadə: «Əgər ifa olunan mahnının bəstəkarı həyatdadırsa, heç olmasa, ondan icazə alınmalıdır»

Baba Vəziroğlu: "Bizim mahnıların oğurlanıb, anonim yazılması halı təbii ki, müsbət qarşılanmır"


Məlum olduğu kimi bəstəkar Gövhər Həsənzadənin populyar "Pəncərəndə" mahnısını bu dəfə Dağıstanın gənc müğənnisi Samira ifa edib. Gənc müğənni mahnını rus dilində, "Polovinki" adı altında oxuyub. Hazırda Samiranın repertuarını bəzəyən bu mahnını müğənni ötən il ilk solo konsertində səsləndirib. Məsələ ilə bağlı Mövqe.az-a danışan Gövhər Həsənzadə bildirib: "Təbii, hər bəstəkar istər ki, onun mahnısı vətənindən uzaqlarda da səslənsin. Müəllif hüquqları pozulmadan istənilən ölkənin müğənnisi mahnımı oxuya bilər. Yəqin ki, artıq bu məsələ ilə ciddi məşğul olmağın zamanı çatıb. Artıq bu informasiya gedib. Mən materiallarla tam tanış deyiləm. Hələ o müğənni haqqında məlumat toplanılmasını tapşırmışam. Burada bir aqressiyadan və ya qərəzlilikdən söhbət getmir. Sadəcə saymamazlığı qəbul etmirəm. Əgər ifa olunan mahnının bəstəkarı həyatdadırsa, heç olmasa, ondan icazə alınmalıdır. Və yaxud da ki, ifaçı ifasının səviyyəsini mənə göstərməlidir. Bəlkə heç mən mahnımın o cür ifa olunmasını və yaxud da ki, o sözlərin həmin musiqi üzərinə qoyulmasını istəməyəcəm və ya qəbul etməyəcəm. Heç olmasa, hesablaşmaq, məsləhətləşmək lazımdır. Bu, mənim başıma gələn birinci iş deyil. Bir dəfə də tacikistanlı bir qız çıxıb mənim mahnımı oxumuşdu. Həmin "Bir gecəlik" mahnımı hətta anonim adlandıraraq diskə də əlavə etmişdilər. Ancaq bu işin sonu məhkəmədir. Əsas səbəbləri aydınlaşdırıb, üz-üzə münasibət qurmağa çalışırıq. Əgər olmasa və ya səbəblər göstərilməsə, mütləq məhkəməyə müraciət edəcəm. Bəlkə bu mahnını mənim adımdan onlara satıblar.Görsək ki, bizimlə kontakta girmirlər, əlbəttə, məhkəməyə müraciət edəcəyəm".


G. Həsənzadə bu işlərlə dövlət orqanlarının məşğul olmasına baxmayaraq, müğənni, bəstəkar, şairlərin məsuliyyəti barədə də danışdı: " Əlbəttə bu işlə müəllif hüquqlarını qoruyan agentlik məşğul olmalıdır. Mən bir vətəndaş kimi qanunlarımıza arxalanaraq bu işi görməliyəm. Kiməsə arxalanmamalıyam və ya kiminsə boynuna öz yükümü yıxmamalıyam. Mən müraciət etməsəm, etirazımı bildirməsəm, evdə oturub "aaa, mənim mahnımı yenə oğurrladılar" deməklə kim mənim hüququqmu müdafiə etməyə çalışacaq ki?! Necə lazımdısa, addımımı elə atacam!"


Şair Baba Vəziroğlu isə bu işlərdə yalnız dövlət orqanlarının məsuliyyət daşıdığını deyir: "Bizim mahnıların oğurlanıb, anonim yazılması halı təbii ki, müsbət qarşılanmır. Mən özüm belə hallarla çox rastlaşmamışam. Ancaq rastlaşanlar var. Onlar heç yerə müraciət etmir. Çünki bu işlə məşğul olan agentlik, dövlət qurumu var. Bu işi görməyə borclu olan dövlət qurumudur. Bu məsələlərlə bağlı şairlər, bəstəkarlar heç nə etməməlidir. Dövlətin missiyasını, hər hansı bir müəllif reallaşdırmamalıdır".