Əlaqə Arxiv
news Image
2012.05.12
14:34
| A A A
Azərbaycanda ilk dəfə “Univision” mahnı müsabiqəsi keçiriləcək
Mahnı müsabiqəsinin püşkatma mərasimi olub

Bakıda tələbələr arasında ilk dəfə keçiriləcək "Univision" mahnı müsabiqəsinin püşkatma mərasimi olub. Movqe.Az xəbər portalının məlumatına görə, mərasimdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov, Respublikanın Əməkdar artisti Tünzalə Ağayeva, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova və Muz tv-nin nümayəndəsi Tamara Çayxorskaya iştirak ediblər. Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında keçiriləcək "Univision" mahnı müsabiqəsinin yarımfinal mərhələsi 15 may, final mərhələsi isə 17 may tarixlərində Heydər Əliyev adına Sarayda baş tutacaq. 1-ci yerin qalibinə "Univision" layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim ediləcək. Bundan əlavə, qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Müsabiqədə qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq deviz "Birinci ol" adlandırılıb.

Hal-hazırda "Univision" mahnı müsabiqəsinin iştirakçıları Əməkdar artist Tünzalə Ağayevanın studiyasında müğənninin rəhbərliyi altında məşqlər keçirlər. Bununla yanaşı, layihəyə tanınmış stilist və imicmeykerlər də cəlb olunub.

Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bununla yanaşı, Avropa universitetlərinin də "Univision" tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır.

"Univision" mahnı yarışması Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə həyata keçirilir. "Univision" tələbə mahnı yarışmasına Azərbaycanın 24 universitetindən tələbələr qatılacaq. İki mərhələdə keçiriləcək yarışmanın finalına 10 universitet vəsiqə qazanacaq. Müsabiqənin münsiflər heyəti gizli tərkibdən təşkil olunacaq ki, burada təmsil ediləcək şəxslərin kimliyi açıqlanmayacaq. Səsvermə gizli tələbə şuraları tərəfindən gerçəkləşəcək. Müsabiqə canlı olaraq "Muz TV" vasitəsi ilə yayımlanacaq. Müsabiqənin təşkilatçılarından biri "Qızıl Qala production"dur.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz