Əlaqə Arxiv
news Image
2020.06.05
09:00
| A A A
Prezident tariximizə yüksək münasibətin möhtəşəm nümunəsini yaradır
Zaman-zaman Azərbaycanda gözü olan qüvvələr öz əməlləri ilə tariximizi unutdurmağa çalışsalar da buna qarşı etibarlı müdafiə yaradılır

 

Biz bu gün ən gur səslə bəyan etsək ki, Azərbaycan tarixi-mədəni intibah dövrünə qədəm qoyub, səhv etmərik. Elə bir regionumuz yoxdur ki, orada tariximizin ayrı-ayrı səhifələrini yaşadan yazılı ədəbiyyarda, maddi-mədəni sərvətimizi əks etdirən eksponatlarda əks olunmuş taleyimiz yaşadılmasın. Bölgələrdəki şəhərlərimizdə yaradılmış tarix-diyarşünaslıq muzeyləri böyük mədəniyyət və elm ocaqlarıdır. Dövlət başçısı İlham Əliyev şəhər və kəndlərimizə səfərlərində mütləq bu mədəniyyət ocaqlarına gedir, toplanmış nümunələrlə tanış olur və.., ekspromt təkliflərlə müzeylərimizin elmi sanbalını artıran tövsiyələr verir. Bu çox maraqlı faktdır.

Birincisi, ona görə ki, müzeylər tariximizin yaddaşlarda saxlanması, zamandan zaman köçürülməsi üçün daşıyıcı funksiyanı yerinə yetirir. Bu onun başlılca məziyyətidir. Ona görə ki, tariximizi məhv etməyə, onu oğurlayan, mənimsəyib öz adına çıxmaq istəyənlərə qarşı təkzibolunmaz sübutlarla zəngin mübarizə çeşməsidir.

İkincisi, iqtisadi investisiyalarla bağlıdır. Belə ki, dövlət əzab-əziyyətlə qazandığı milyonların bir hissəsini ölkəmizin müzey fondunun genişlənməsinə, müasirləşməsinə və zənginləşməsinə sərf edir. Çünki, bu,  həm elmimizin inkişafına böyük töhfədir, həm də turizm sənayesinin inkişafında əvəzedilməz mənbədir.

Demək, çoxprofilli əhəmiyyətinə görə müzeylərin yaradılması sürətli inkişafımızın ayrılmaz tərkib hissəsidir. Buna görə də onların yaradılmasına ciddi elmi nəzarət və diqqət vacibdir. Bu, hər bir vətəndaşın, demək olar ki, vətən qarşısında vəzifəsidir. Bu mənada Prezident İlham Əliyevin muzeylərin işi ilə maraqlanıb eksponatları bir-bir öyrənib rəyini bildirməsi onun böyük vətəndaşlıq vəzifəsinə nə qədər ciddi məsuliyyətlə yanaşmasının göstəricisidir.

Bu günlərdə Tərtərdə yeni Dövlət Rəmzləri muzeyinin açılış mərasiminə qatılan dövlət başçısı ənənəsinə sadiq qalaraq muzeydə toplanmış nümunələri diqqətlə nəzərdən keçirib və tarixilik baxımından əhəmiyyətli bir iradını bildirib. Həmin fraqmenti olduğu kimi diqqətinizə çatdırırıq.

“Prezident İlham Əliyev: Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.

Müstəqim Məmmədov: Baş üstə.

Prezident İlham Əliyev: İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər”.

Yerində deyilmiş iraddır. Çünki ermənilərin bu torpaqlara gəlmə olduqları elmə də, alimlərə də, hətta siyasətçilərə və ictimaiyyətə də gün kimi aydındır. O ki qaldı, “Qarakilsə” adındakı kilsə sözünə, bu, bilməyənləri çaşdırmamalıdır. Tarixdən məlumdur ki, İslamdan əvvəl bu torpaqda yaşayan albanlar xristianlığa sitayiş ediblər və “Qarakilsə”, “Ağkilsə” kimi yaşayış məskənlərinin adları o dövrün yadigarıdır. Həqiqətən, biz tarixdən danışırıqsa, nə üçün hər çeyi obyektiv və dəqiq nümayiş etdirməyək?

İki ay əvvəl Tovuzda açılışı baş tutan yeni muzeydə də buna oxşar situasiya yaşanıb. Orada nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını bildirən Prezident İlham Əliyev deyib: “Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz? Mədəniyyət Nazirliyindən? Qədim adlar, məsələn, Sisian yazılıbdır. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir”.

Yox, bu, təkcə töhmət yaxud tənqid deyil, həm də tariximizə və mədəniyyətimizə qayğının ifadəsidir. Vətəndaş məsuliyyəti, vətənpərvərlik təəssübkeşliyi, elin-obanın qədrini bilməkdir. Bugünkü kadr siyasəti milli heysiyyətli insanların yetişdirilməsini ehtiva edir və görülən işlərə bu cür milli mövqedən yanaşma xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında muzeylərin rolunun artırılmasını təşviq edir.  Mədəni dəyərləri və milli rəmzləri əks etdirən dövlət atributlarının bir arada ictimaiyyətə təqdim olunması ideyası Prezident İlham Əliyevə məxsusdur. Çünki dövlətimizin başçısı bu ideyanı reallaşdırmaqla eksponatlarda əks olunan Azərbaycanın dövlətçilik tarixini daha da zənginləşdirir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz