Əlaqə Arxiv
news Image
2020.06.26
08:45
| A A A
Dilmizin saflığı uğrunda daha bir mühüm addım atıldı
Təəssüf ki, dilimizin zənginliyini heç də hamımız anlaya bilmirik

 

Azərbaycan dilinin qədimliyinə şübhə yoxdur. Bu haqda kifayət qədər elmi əsaslar mövcuddur. Əlavə olaraq, indiyədək Azərbaycan dilində yazılan bədii-publisistik, elmi əsərlər, poeziya nümunələri bunu təsdiqləyən ən ciddi faktlardır. Bunlar çox gözəldir. Xüsusilə, müstəqillik illərində dilimizin inkişafına münbit şərait yaranıb və bu istiqamətdə olduqca gərgin iş aparılıb. Çoxlu faydalı qanunlar qəbul edilib. Lakin qanunların icrası rəsmi idarələrdə məqbul səviyyədə yerinə yetirilsə də, dəyişən zamanla yaranmış özəl müəssisələrdə bu aspekt uzun müddət gözlənilməyib. Ona görə ki, ölkədaxili problemlərin çoxluğu ilə yanaşı müstəqilliyimizi qəbul etməyi bacarmayan xarici qüvvələr də dilimizə basqılarını artırıb. Təbii ki, heç kim açıq şəkildə deməyib ki, Azərbaycan dilini işlətmə və yaxud bu dil pisdir, zəifdir, ifadə imkanları aşağıdır və sairə. Yox! Sadəcə, hərəkət azadlığı təmin olunduğundan, azad sahibkarlıq inkişaf etdiyindən vətəndaşlarımız sərbəst şəkildə digər ölkələrdə iş birliyinə başlayıb, müqavilələr bağlayıb, xarici ölkələrə gediş-gəliş artıb. Bəs, bu prosesdə idarəetmə hansı dilin “kurasiyasında” olub? Əsasən ingilis və rus dilinin. Daim gəlir dalınca qaçan işbazlara isə dilin inkişafı yox, yaxşı gəlir götürmək lazımdır.

Müasir iqtisadi inkişafda reklam amili olmadan keçinmək mümkün deyil. Lakin eyni zamanda reklamlar dönüb olub dilimizin başına bəla. Çünki, reklamı hazırlayanlar, mətnini yazanlar əsasən xürici dillərdə təhsil alan, geniş dünyagörüşə malik olan şəxslərdir. Və bu sahə də pul gətirən sahə hesab olunur. Yəni, reklam şirkəti sahibkarlıq subyektidir. Nəzarətdəm kənar qaldıqca, dilə münasibəti də zəifləyir. Üstəlik, özəl şirkətlərin adlarının xarici mənbələrdən götürülməsi də bu qəbildəndir. Nəinki dünyaca məşhur şirkətlərin, müştəriləri cəlb etmək, başqa sözlə, aldatmaq üçün hətta yerli bazarda intişar tapan şirkətlərə də xarici adlar qoyulması çoxdandır ki, dəbdədir. Gəlin, etiraf edək ki, ticarətlə məşğul olan şəxslərin zehnində dili qorumaq haqda heç bir düşüncə olmur. Düzdür, pul qazanmaq, varlanmaq pis şey deyil. Ancaq, bunun xatirinə milli identifikasiyanı güdaza vermək, olduqca təhlükəli prosesdir. Çünki dil dövlətçiliyin atributudur və milli təhlükəsizlik sferasına daxildir. Onu qorumaq təkcə fərdin şəxsi keyfiyyətləri kateqoriyasına daxil deyil, həm də vətəndaşlıq borcudur.

Azadlıq nə qədər şirin olsa da, azad düşüncəyə nail olmaq bir o qədər çətin və əziyyətlidir. Azadlıq bizə sosial şəbəkələr bəxş edib, insanlar arasında ünsiyyəti gücləndirib, ictimai rəyin ixtiyarına külli ixtiyar verib. Müasir texnologiyalar fonunda indi xəbərlər ildırım sürətilə yayılır və hər yerindən duran jurnalistikaya sarılıb. Bəli, indilərdə xəbər yaymaq, fikir bildirmək kütləvi xarakter alıb və bu səbəbdən vətəndaşlar ucdantutma yazı-pozu ilə məşğuldur. Bu proses mütəhərrikliyi artırır, dilin elmi-ədəbi inkişafını isə ləngidir. Çünki sosial şəbəkələrin istifadəçiləri heç də eyni səviyyədə savadlı və düşüncəli deyillər. Üstəlik, bu texnologiyadan cinayətkarlar, fırıldaqçılar, xarici kəşfiyyat də gen-bol istifadə edir. Açıq desək, sosial şəbəkələr ünsiyyətlə bərabər siyasi və mənəvi mübarizə meydanıdır. Mübarizənin əsas silahı isə dilin kökünü təşkil edən sözdür. Sözlərdən ibarət olan cümlələrin yazılış tərzi, üslubu, qrammatik qaydalara cavabdehliyi, lüğət tərkibinin hansı istiqamətdə formalaşması bu mübarəzinin məqsədidir. Çünki dilin bərbad hala salınaraq öldürülməsi elə dövlətin sıradan çıxarılması deməkdir. Bu səbəbdən dilimizin saflığının qorunması son dərəcə aktual məsələdir.

Saydığımız bütün bu məsələlərdə mətbuatın rolu əvəzedilməzdir. Nə qədər tənqid etsək də sovet dövründə bu məsələ daha böyük aktuallıq kəsb edirdi. Jurnalistlərin adi bir səhvi cəmiyyətdə böyük rezonans doğururdu. Bir jurnalist olaraq dəqiq xatırlayıram ki, hər hansı qəzetin səhifəsində getmiş bir hərf səhvinə görə oxucu redaksiyaya məktub yazıb əməkdaşları  savadsızlıqda günahlandırır və “dişinin dibindən çıxanı” deyirdi. Bəs, indi necə, bu cür diqqət varmı? Yoxdur. Məsələ burasındadır ki, informasiya axınının sürəti, kütləvilik insanların diqqətini köklü məsələlərdən yayındırır və proses hissolunmadan cəmiyyətin özünə qarşı çevrilir. Digər tərəfdən, redaksiya kollektivlərində ixtisaslı kadrlar, yəni jurnalistikaya ürəkdən bağlanan, bu işi sevən, dilə, millətə canı yanan mütəxəssis kadrlar azlıq təşkil edir. Daha çox cəmiyyətdə ixtisası üzrə iş tapmayanlar, jurnalistikanı alver predmeti kimi görənlər, pul qazanmağın nəbzini KİV vasitəsilə tutmaq istəyənlər qəzet-jurnalların, saytların kollektivlərində möhkəm yer salıblar. Nəticədə bir çox meyarlarla yanaşı yazıların dil-üslub xüsusiyyətlərinə, dilin daxili inkişafına diqqət olduqca zəifləyib. Hardasa, 5-10 il əvvələr qədər bu halı zamanın gərdişinə görə təbii prosesin tərkib hissəsi saymaq olardı. Ancaq indi yenə də zamanın gərdişi ilə artıq Azərbaycan öz sözü, yeri və nüfuzu oloan, üstəlik, dövlətin atributlarını yüksək səviyyədə qoruyub inkişaf etdirən ölkəyə çevrilib. Bu səbəbdən dilə diqqət getdikcə artır. Bu fonda kütləvi informasiya vasitələrinin məsuliyyəti də yüksəlir və baş vermiş naqisliklərdən qurtulmağın vaxtı çatıb. Mətbuatda Azərbaycan dilinin ədəbi normalarının qorunması ən sərt şəkildə tələb olunmalıdır. Buna görə də MTRŞ və Mətbuat Şurasına bu işi ciddi nəzarətə götürərək buraxılmış nöqsanlara görə cərimə cəzasının tətbiq etmək səlahiyyətinin verilməsi, hesab edirik ki, vaxtı çatmış məsələdir. Ümid etmək istərdik ki, bu səlahiyyət konyukturadan uzaq şəkildə yerinə yetiriləcək, yalnız fikir bildirməklə bitməyib ölkədə gedən ciddi islahatlara uyğun şəkildə prinsipiallıqla həyata keçiriləcəkdir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz