news Image
2013.08.05
16:49
| A A A
“İlin gənc kinematoqrafı” Milli Mükafatı təqdim olundu

Mövqe.az-ın məlumatına görə, avqust ayının 3-də "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi,  Bakı Film İnstitutu,  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə  "İlin gənc kinematoqrafı"  Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. 


Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin kino sahəsində gördüyü işləri yüksək qiymətlədirib, digərləri kimi "İlin gənc kinematoqrafı"  Milli Mükafatının da uğurlu və davamlı olmasını arzulayıb.


"Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri Fehruz Şamıyev sözügedən mükafatın təsis olunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə məqsəd peşəkar və həvəskar gənc rejissorların filmlərini üzə çıxarmaq, gənc rejissorların peşəkar kino xadimləri ilə ünsiyyətinə nail olmaq, eləcə də ən yaxşılarını müəyyənləşdirməklə gənclərdə özünəinam, güvən hissini artırıb, gələcək işlərə həvəsləndirməkdir. 

O qeyd edib ki, Milli Mükafatın qalibləri 2012-2013-cü illərdə istehsal olunmuş qısametrajlı bədii, sənədli və animasiya filmlərinin müsabiqəsinin nəticəsinə əsasən müəyyən olunub: "Birinci il olduğuna görə "İlin gənc kinematoqrafı" Milli Mükafatı hələlik 9 nominasiyanı ("Ən yaxşı bədii film", "Ən yaxşı sənədli film", "Ən yaxşı animasiya filmi", "Ən yaxşı gənc rejissor", "Ən yaxşı gənc prodüser", "Ən yaxşı gənc ssenarist", "Ən yaxşı gənc operator", "Ən yaxşı gənc səs rejissoru", "Ən yaxşı film musiqi müəllifi") özündə birləşdirir. Gələcəkdə nominasiyaların sayı çoxala bilər".

Müsabiqəyə gənclər tərəfindən 26 bədii, 10 sənədli, 4 animasiya filmi göndərilib. Seçim komitəsi peşəkar kino xadimlərdən təşkil olunan müsabiqənin münsiflər heyətinin diqqətinə 15 film təqdim edib. Kinorejissor Elxan Cəfərov, yazıçı Şərif Ağayar, kinoşünas Aygün Aslanlıdan ibarət olan münsiflər heyəti qalibləri məhz 15 filmin arasından seçib. Beləliklə, "Ən yaxşı gənc rejissor"- Emin Əfəndiyev ("Yuva" filmi), "Ən yaxşı gənc ssenarist" – Möhsün Quliyev ("Piyada" filmi), "Ən yaxşı gənc operator" - Rauf Qurbanəliyev ("Paradoks" filmi), "Ən yaxşı gənc prodüser" - Elnur Əliyev ("Alınmaz qalanın qəhrəmanları"), "Ən yaxşı film musiqi müəllifi"- Firudin Allahverdiyev ("Yuva" filmi), "Ən yaxşı animasiya filmi"- "13" (rejissor İlkin Yusif), "Ən yaxşı sənədli film"- "Neft adamı" (rejissor Seyran Mahmudoğlu), "Ən yaxşı bədii film"- "Mayak" (rejissor Fariz Əhmədov) seçilib. Amma ilin "Ən yaxşı gənc səs rejissoru" adı heç kimə qismət olmayıb. 

Qeyd edək ki, "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin "Xüsusi mükafatı" "Səssiz opera" filminə görə Rza Əsgərova təqdim edilib. 


Mərasimdə həmçinin Bakı Film İnstitutunun məzunlarına diplomlar təqdim edilib, onlara yaradıcılıq uğurları arzulanıb. 

"Çanta Trio"  və "İnci" qızlar ansambllarının maraqlı əyləncə və musiqi nömrələri isə tədbiri daha da  rəngarəng edib.   


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs