Əlaqə Arxiv
news Image
2013.08.12
17:49
| A A A
Azərbaycanlı uşaqlar 17-ci Beynəlxalq Avropa düşərgəsində fəal iştirak ediblər

Cari ilin 28 iyul - 7 avqust tarixlərində Almaniyanın Saksen-Anhalt əyalətinin Güntersberq Harz şəhərində "Bütün Dünyanın uşaqları ilə Avropa macərası" adlı 17-ci Beynəlxalq Avropa düşərgəsi (Europacamp) təşkil edilib. Düşərgədə 15 müxtəlif ölkədən 280 nümayəndə olmaqla Almaniyada yaşayan azərbaycanlı uşaqlar da iştirak ediblər. Layihə Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin təşəbbüsü və dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin, eləcə də Bilefeld şəhərində fəaliyyət göstərən "Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti"nin təşkilatçılığı ilə həyata keçirilmişdir. Cəmiyyət 8 azərbaycanlı uşaqdan ibarət qrupla 17-ci Avropa düşərgəsində müvəffəqiyyətlə çıxış edib və Azərbaycanı layiqincə təmsil edib.


Beynəlxalq əhəmiyyətli tədbirdə Azərbaycanı təmsil edən qrup ölkəmiz haqqında, onun tarixi, mədəniyyəti, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlər, Xocalı Soyqırımı, erməni işğalı nəticəsində azərbaycanlı ailələrin və uşaqların qaçqın düşməsi haqqında geniş məlumat verib. Eyni zamanda nümayəndə heyəti Azərbaycanın musiqi mədəniyyətini nümayiş etdirərək milli geyimlərdə Azərbaycan xalq rəqslərini ifa edib və Azərbaycan mətbəxindən nümunələr təqdim ediblər.


Azərbaycanlı təmsilçilər Almaniyanın bir sıra dövlət və hökumət nümayəndələri və siyasətçiləri ilə görüşüblər. Siyasətçilərə sual vermək üçün seçilmiş Azərbaycanlı uşaqlar tərəfindən "Nə üçün Xocalı faciəsi Soyqırım kimi qəbul edilmir?", "Nə üçün ABŞ və Avropa Birliyi Dağlıq Qarabağ haqsızlıqlarına və Xocalı faciəsinə göz yumur?", "Qarabağlı 9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsinə niyə siyasi qiymət verilmir?"  sualları səslənib. Sualları cavablandıran siyasətçilər bu sualları Almaniya Parlamentinin üzvlərinə və digər siyasətçilərə çatdıracaqlarını vəd etmiş və onlarla bilavasitə əlaqə yaratmaq üçün elektron poçt ünvanlarını uşaqlara veriblər.


Azərbaycanlı uşaqlar həmçinin Almaniyanın təhsil sistemi ilə də yaxından maraqlanıblar. Sonda Azərbaycan və Almaniya arasında məktəbli uşaqların, eləcə də işgüzar qadınların qarşılıqlı əlaqə mübadiləsinə dair plan tərtib olunub.

Sizin Reklam Yeriniz