news Image
2013.08.14
15:21
| A A A
Simfonik orkestrımız alman tamaşaçılarını heyran edib

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin artistləri Almaniyadan avqustun 7-dən 12-nə kimi davam edən qastrol səfərlərindən qayıdıblar. Onlar burada Avropada ən mötəbər musiqi festivallarından olan Bavariya opera sənəti festivalında iştirak ediblər. Bu il həmin festivalda dünyanın 36 ölkəsindən - Avropa və Asiyanın müxtəlif ölkələrindən dirijor, rejissor və vokal sənəti ulduzları iştirak ediblər. Festival çərçivəsində bütün konsert və tamaşalar anşlaqla keçib, Almaniya və Avropanın digər ölkələrində KİV və televiziya kompaniyaları vasitəsilə geniş işıqlandırılıb. Bu il Almaniyanın 30 ən iri bank və şirkətləri festivalın sponsorları sırasında idilər. Bu sırada "Sparkasse-Bad Aibling", "Haro", "Profol gruppe", "Oberfeld", "Weko", "BR klassik", "Medical park" və s. adlarını çəkmək olar. Festivalın baş sponsoru isə dünya şöhrətli "Volkswagen" avtomobil şirkəti olub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestri avqustun 11-də festivalın Qrand-Final konsetində iştirak etmək şərəfinə layiq görülüb. Konsertdə dünya şöhrətli məşhur vokalçılar – Sonia Ciani (Böyük Britaniya), Fulvio Oberto (İtaliya), Anna Brul (İspaniya), Sieglinde Zehetbauer (Avstriya), Duccio Dal Monte (Almaniya), Julia Stein (Finlyandiya), Florin Marele (İtalia), Sarah Zhai (Çin), Max An (Cənubi Koreya), Adrian Marcan (Rumıniya) və b. çıxış ediblər. Konsertin proqramına isə Qərbi Avropanın məşhur bəstəkarları C.Verdi, C.Puççini, C.Rossini, P.Çaykovski, Ş.Quno, J.Bize, A.Boyto, F.Çilea, J.Offenbax, R.Leonkovallo, G.Donisetti, V.Motsart, J.Massne və b. populyar əsərləri daxil edilib. Qala-konserti Bavariya opera sənəti festivalının baş dirijoru və bədii rəhbəri Korneliya fon Kerssenbrofk idarə edib. Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovun dirijorluğu ilə ifa edilən nömrələr arasında isə Azərbaycan bəstəkarları Q.Qarayev, F.Əmirov və M.Musayevin musiqisi də ifa olunub.

Qala-konsert günü iki min beş yüz nəfərlik tamaşaçı zalı ağzına kimi dolu idi. Tamaşaçılar vokalçıların və simfonik orkestrin çıxışlarını böyük coşqunluqla qarşılayır və sürəkli alqışlarla müşayiət edirdilər. Konsertin sonunda simfonik orkestr Q.Qarayevin "Yeddi gözəl" baletindən vals ifa edərkən zaldakı bütün tamaşaçılar ayağa qalxaraq musiqiçilərimizi alqışladılar. Zaldan "bravo orkestr", "bravo Azərbaycan" sədaları eşidilirdi.

Qala-konsertdə iştirak edən "Volkswagen" şirkətinin prezidenti Riçard Meysinqer həyat yoldaşı ilə birlikdə Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru A.Məlikova yaxınlaşaraq orkestri fantastik çıxışına görə təbrik edib və deyib:  "Biz bügünkü konsertdən böyük zövq aldıq. Orkestr bu gün yüksəkprofessional səviyyədə çıxış etdi. Dünyanın ən məşhur bəstəkarlarının mürəkkəb əsərləri orkestrin ifasında böyük ustalıqla ifa olundu. Bu çıxış göstərdi ki, Azərbaycan təkcə öz təbii sərvətləri ilə deyil, həm də yüksək akademik sənəti və professionallardan ibarət simfonik orkestri ilə fəxr edə bilər. Bugünkü musiqi bayramını mən və həyat yoldaşım hər zaman xatırlayacağıq".

Konsertdən sonra tamaşaçılar iki cərgəyə düzülərək avtobuslara minməyə yollanan orkestrimizin artistlərini yenidən alqışlamağa başladılar. Avtobus yola düşəndən sonra da "bravo, orkestr", "orkestr fantastik idi" və "bravo, Azərbaycan!" sədaları eşidilirdi.

Festivalın gedişini işıqlandıran qəzetlərdən bir çoxu: "Münxener Merkur", "Oberbayerişes Folksblat", "Züddoyçe Gaytunq" öz materiallarında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin ifaçılıq səviyyəsi haqqında yüksək fikirlər söylədilər.

Qala-konsertdən sonra Bavariya opera festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk demişdir: "Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin professional səviyyəsinə bələd olduğumuzdan artıq altıncı ildir ki, onu festivala dəvət edirik. Azərbaycanlı musiqiçilərin istedadı, onların fədakarlığı və ilhamla çıxış etmələri məni heyran edir. Orkestrdə hökm sürən nizam-intizam və yüksək təşkilatçılığı xüsusilə qeyd etmək istəyirəm. Simfonik orkestrin qala-konsertdəki çıxışı fantastik oldu. Mən və festivalın direktoru Lüdviq Bauman dəfələrlə Azərbaycanda olmuşuq. Bu ölkəni, onun qonaqpərvər və istiqanlı xalqını çox sevirik. Fəxr edirik ki, Azərbaycanla dostluq edirik. Nə qədər ki biz varıq hər il Azərbaycan Opera və Balet Teatrının möhtəşəm simfonik orkestrini bu festivala dəvət etməkdən böyük şərəf duyacağıq. Bizim böyük dostumuz, Azərbaycan Opera və Balet Teatrının direktoru Akif Məlikova xüsusi təşəkkürlərimi yetirmək istərdim, çünki məhz onun vasitəsilə biz sizin gözəl ölkəniz və möhtəşəm musiqi sənətinizlə tanış olmuşuq.

Biz həmçinin Azərbaycanın Mədəniyyət və Turizm naziri, hörmətli Əbülfəs Qarayevə bizim layihəyə dəstək verdiyinə və Azərbaycan mədəniyyətinin xaricdə təbliğinə böyük diqqətinə görə çox minnətdarıq.

Biz bilirik ki, Azərbaycanın Prezidenti İlham Əliyev cənabları və onun xanımı Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı və təbliğinə böyük əhəmiyyət verir. Bu diqqətin nəticəsini bu gün bir daha gördük. Opera teatrının simfonik orkestri ən qabaqcıl Avropa ölkələrinin istehsalı olan musiqi alətləri ilə mürəkkəb simfonik əsərləri yüksək peşəkarlıqla ifa etdilər.

Əminəm ki, bizim əlaqələrimiz bundan sonra da inkişaf edəcək və ölkələrimiz və xalqlarımızın daha da yaxınlaşmasına yardımçı olacaqdır".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs