Əlaqə Arxiv
news Image
2013.09.06
18:53
| A A A
Komik filmlərimizin böhran dövrü
Nahidə Orucova: «Hal-hazırda seriallar çəkilir deyə, komediya filmlərinin çəkilişində bir qədər durğunluq hiss olunur»

Əjdər Dadaşov : "İstedadlı komediya aktyoru, aktrisalarımız kənarda qalır, rejissorlar isə dram aktyorunu komedik filimə çəkirlər"


Son illərdə ölkədə çəkilən komediya filmlərinin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Rejissorlar teleseriallardan fərqli olaraq bu janrda çəkilən filmlərə sovetlər dönəmindən fərqli olaraq daha az müraciət edirlər. Halbuki, dünya kino sənayesində komik janrda çəkilən filmlərlə bağlı tamam əks proses müşahidə olunur.


Mövqe.az-a açıqlamasında buna münasibət bildirən əməkdar artist, tanınmış aktrisa Nahidə Orucova qeyd edir: "Azərbaycan kino məkanında sevilən komediya filmləri çoxdur. Hal-hazırda seriallar çəkilir deyə, komediya filmlərinin çəkilişində bir qədər durğunluq hiss olunur. Hələlik ki, üstünlük, bütün diqqət serial çəkiminəyönəldilib. Kinostudiya təmir olunandan sonra yavaş-yavaş bu sahəyədə diqqət, qayğı ayrılacağına əminəm. İstərdim ki, həm komediya, həm tragikomediya, həm drama, həm də ki, melodrama - bir sözlə hər janrda filmlər çəkilsin. Sadəcə, indi rejissor problemi var. Əvvəlki rejissorlarımız qalmayıb. Ümidimiz, pənahımız istedadlı cavanlaradır".


Aktrisa kadr azlığından şikayətlənən rejissorların da cavabını verdi: "Xeyr, istər komediya sahəsində, istərsə də başqa janrlarda çəkilən kinolarda istedadlı, peşəkar kadrlar kifayət qədərdir. Əsas sütunlar getsə də, biz qalmışıq, gənc nəsil də var. Həmçinin o sütunların tələbələri qalıb. Belə demək olmaz ki, kadr yoxdur. Biz o cür dahi aktyorlarımızla eyni səhnəni paylaşmışıq, onlardan öyrənmişik. İndi də biz öyrəndiklərimizi, gördüklərimizi gənc nəsilə ötürməliyik. Nəsildən-nəsilə bu təcrübə ötürülməlidir. Rejissorlar tamaşalara gəlmirlər. Aktyor-aktrisaları seçib, baxmırlar. Demək olar ki, bir filmə baxan rejissor ordan ancaq seçim edir. Moskvadan rejissor gəlib bizi izləyir, seçim edir, amma öz rejissorlarımız burdan-bura tamaşalara gəlmir. Sonra da deyirlər ki, kadr çatışmamazlığı var. Hər planda, obrazda, tipajda Azərbaycanda aktyor var. Sadəcə müşahidə düzgün aparılmalıdır və uğurlu aktyor aktrisalar seçilməlidir".


Teatrşünas Əjdər Dadaşov isə bildirir: "Televiziya tamaşaları dünənin muzeyləşmiş arxividir ki, hamı sadəcə olaraq bunu xatırlayır. Bu xatirələrdə Azərbaycan aktyor məktəbinin sevimli simaları, aktyor oyunları, müxtəlif rejissorların estetikaları, bu tamaşalardan qalan unudulmaz replikalar sanki heç bir zaman unudulmayacaq. O ki, qaldı komediya filimlərinə, bu gün o cür filmlər çəkilməsə də, o tip seriallar çəkilir. Məsələn "Bacanaqlar" serialı yayımlanır. Bir-iki aktyor, aktrisa istisna olmaqla o seriala baxmağa dəyməz. Elməddin Cəfərov serialın rəhbəri kimi heç mədəniyyət və İncəsənət Univrsitetindən dəvət olunan tələbələri çəkib, pulunu da vermədi. Dövlət tərəfindən ayrılan maddi vəsait ünvanına düzgün çatdırılmır. Bunda da günah rejissorlarındır. Komediya filmlərə və ya digər ampulada olan filmlərə o sahəyə tamamilə yad olan şəxslər çəkildiyi üçün tamaşaçıya maraqlı gəlmir. Xarici filmlər bizim teleməkandan yığışdırılandan sonra öz filmlərimizin yayımı başladı. Ancaq çox adam öz filmlərimizi izləmir, çünki onlara maraqlı deyil. Rejissorlar kadr çatışmazlığından gileylənirlər. Amma bu doğru deyil. İstedadlı komediya aktyoru, aktrisalarımız kənarda qalır. Rejissorlar isə dram aktyorunu komedik filimə çəkirlər. Bu, böyük br dəhşətdir və ona görə də bu sektor lazımınca inkişaf edə, biznesə çevrilə bilmir. İndi tamaşaçını da səviyyəli, kinayəli gülüşlə güldürmək lazımdır. Ancaq zövqlər korlanıb. Bizim insanlar kişinin qadın paltarı geyməsinə gülür, ancaq mətnaltı, səviyyəli hadisələrə kinayəli yanaşma onları güldürmür".



Sizin Reklam Yeriniz