news Image
2012.06.03
10:16
| A A A
Tiflisdə “Mədəniyyətlərin dialoqu” adlı musiqi festival keçirilib

Gürcüstan paytaxtındakı dövlət dəftərxanasının akt zalında reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin təşkilatçılığı ilə ölkədə yaşayan milli azlıqların nümayəndələrinin qatıldığı "Mədəniyyətlərin dialoqu" adlı musiqi festivalı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, festivalda gənclərdən ibarət yerli musiqiçilər və folklor rəqs kollektivləri, bəstəkarlar, dövlət və hökumət nümayəndələri iştirak edib. Tədbirdə bəstəkar Manana Alpaidze aparıcılıq edib. Sonra Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət naziri Eka Tkeşelaşvili, Milli Təhlükəsizlik Katibinin müavini Tamar Kindsuraşvili, Mədəniyyət Nazirinin müavini Marina Cuğuşvili çıxış edərək musiqinin mənəvi gücündən, ölkədə yaşayan uşaqların istedadından, folklor ansamblların uğurlarından söhbət açıblar.

Tədbirdə Gürcüstanda yaşayan gürcü, Azərbaycan, çeçen, erməni, kist, osetin, aysor, yunan, yəhudi və digər dini azlıqların musiqiçilərinin nümayiş etdirdiyi 22 musiqi nömrəsi səsləndirilib. Festivalda folklor rəqs ansamblları da çıxış edib. Tədbirdə azərbaycanlıları Marneulidəki Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sarvan" folklor rəqs ansamblı təmsil edib. Gənc azərbaycanlı rəqqasların uğurlu çıxışları sonda hədiyyələrə layiq görülüb. Gənc pianoçulardan Marneuli musiqi məktəbinin şagirdi Aidə Heydərova, Rustavidəki 3 saylı musiqi məktəbinin şagirdi Aida Musayevanın ifaları və Rustavidən festivala qatılan "Cücələrim" rəqs qrupunun nümayiş etdirdiyi rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Festivalda Marneulidə fəaliyyət göstərən "Union" qeyri-hökumət təşkilatının nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin rəsmləri və əl işlərindən ibarət maraqlı sərgi də təşkil olunub. Tədbirin sonunda Tiflis, Rustavi, Marneuli, Qardabani, Ninosminda, Axaltsixe və digər şəhər və rayonlardan gələn gənc musiqiçilərə və musiqi məktəblərinin müəllimlərinə hədiyyələr və diplomlar təqdim olunub. 

Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Eka Tkeşelaşvili APA-ya açıqlamasında festivalın böyük əhəmiyyət daşıdığını bildirib: "Bu festival bizim üçün çox vacibdir. Bu tədbirdə bizim gözəl və yaraşıqlı, istedadlı uşaqlarımız musiqi qabiliyyətlərini nümayiş etdirirlər. Mən bir ana kimi tədbirin belə möhtəşəm və maraqlı keçməsinə sevinirəm. Biz hər il ənənəvi şəkildə ölkəmizin vətəndaşları olan dini azlıq nümayəndələrinin iştirak etdiyi musiqi festivalı keçiririk. Bu bizim dövlətimizin qüruru və gücüdür. Uşaqların musiqi sahəsində olan istedadını görmək bizim üçün çox maraqlı və xoşdur. Bu tədbirdə iştirak etmək üçün ölkənin hər yerindən gələn musiqi kollektivləri ciddi hazırlaşıblar. Sonda biz onlara uğurlu çıxışlarını nəzərə alaraq müxtəlif təltiflər və hədiyyələr təqdim etdik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs