news Image
2012.06.04
10:54
| A A A
Amasyada beynəlxalq simpozium keçirilib - FOTOLENT

Movqe.Az xəbər verir ki, 31 may - 1 iyun 2012 tarixlərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Amasiya Valiliyi, Amasiya Bələdiyyəsi, Amasiya Universiteti, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə Türkiyənin Amasya Universitetində "Qarabağdan Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu" keçirilib.

Mayın 31-də simpoziumun açılış mərasimində Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin sədri Mütallip Ulutanrıverdi, həmin dərnəyin fəxri üzvü Orhan Kayıhan, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli, Amasiya Universitetinin rektoru, professor Metin Orbay, Giresun Universitetinin rektoru, professor Aygün Attar çıxış ediblər. Həmzə Nigarinin ömür yolu və yaradıcılıq fəaliyyəti haqqında mülahizələrini paylaşan natiqlər Qarabağ mövzusunu xüsusi olaraq dilə gətiriblər və belə bir simpoziumun Qarabağda keçirilməsini arzu ediblər. Onların sözlərinə görə Qarabağ ədəbi irsinin Amasiyada Həmzə Nigari ilə davam etməsi türk dünyası tarixində böyük hadisədir, araşdırılmağa hər zaman ehtiyac duyulur.

Simpoziumda çıxış edən Azərbaycan Respublikasının millət vəkili Qənirə Paşayeva, Amasiya XIX əsrdə Azərbaycanın müxtəlif bölgələrindən köç edən insanlara qucaq açdığını deyib: "Amasiya bizim üçün qürur və fəxr bölgəsidir." O öz nitqində bu gün Həmzə Nigarini təkcə anmaq yox, gənclərə lazımi şəkildə anlatmaq, onun zəngin elmi-nəzəri irsinə sahiblənmə duyğularının aşılanmasının vacibliyinndən danışıb, Nigarinin qazi kimi qazi, elm adamı kimi elm adamı, könül adamı kimi könül adamı olduğunu xüsusi vurğulayıb. 

MİRASın mətbuat xidmətinin rəhbəri Toğrul Muxtarovun sözlərinə görə, simpoziumun açılış mərasimində İstanbul Universitetinin professoru, tanınmış təbib İbrahim Yıldırım və Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutunun direktoru Mehmet Rıhtım Həmzə Nigarinin ömür yolu və ədəbi yaradıcılığı ilə bağlı tədqiqatlardan və bu sahədə qarşıda duran vəzifələrə aid geniş məruzələri dinlənilib. Onlar Həmzə Nigari irsinin qorunması və təbliği məqsədilə həm Amasiyada, həm də Azərbaycanda muzey və mərkəzlər yaradılması zamanının yetişdiyini dilə gətiriblər. 

İyunun 1-də simpozium iki bölmədə öz işini davam etdirib. Bölmə iclaslarında Azərbaycan və Türkiyədən olan 50-dən çox ədəbiyyatşünas, dilçi, mənbəşünas, tarixçi, folklorşünas, memar, filosof alimlərin və digər elm adamlarının Şərq fəlsəfəsi, Həmzə Nigarinin dövrü, həyatı, poetikası, müəllimləri, ədəbi irsində Qarabağ ruhu, divan ədəbiyyatı, siyasi və mədəni həyatın səhifələri, dil və ədəbi özəlliklər, dil və üslub xususiyyətləri, XIX əsr İslam bölgəsinə təsir, şeiriyyətin seyri və mənəvi-mədəni tarixin təsviri mövzuları ətrafında məruzələri dinlənilmişdir. Simpozium zamanı Həmzə Nigarinin divanından səsləndirilən parçalar dinləyicilərin ruhunu oxşamış, onlara Qarabağ acısını canlı şəkildə bir daha yaşadıb.

MİRAS İctimai Birliyi adından tədbirin fəxri qonaqlarına xüsusi hədiyyələr təqdim olunub. 

Azərbaycanın xalq musiqiçiləri və rəqqasları simpozium iştirakçıları qarşısında və Amasiya şəhərinin Şahzadələr meydanında maraqlı proqramla çıxış ediblər. 

Simpozium iştirakçıları Amasiya şəhərinin tarixi və görməli yerləri ilə, o cümlədən Həmzə Nigari və İsmayıl Şirvaninin türbələrini ziyarət ediblər.

Amasiya valisi Abdil Celil Öz və Amasiya Universitetinin rektoru Metin Orbay Azərbaycan nümayəndə heyətini qəbul edib.

Simpozium çərçivəsində keçirilən tədbirlər Türkiyə mediasında geniş işıqlandırılmış, açılış mərasimi isə TRT AVAZ kanalı ilə canlı yayımlanıb

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs