news Image
2012.06.04
16:14
| A A A
10-cu Beynəlxalq Türk Dili Olimpiadasında dövlətimiz layiqincə təmsil olunur

May ayının 30-dan etibarən İstanbuldabaşlayan və iyunun 14-dək müxtəlif şəhərlərdə davam edəcək Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan uğurla təmsil olunur.Nəzərinizə çatdıraq ki, bu sayca 10-cu olimpiadadır.
Əvvəlcədən də söylənildiyi kimi bu dəfəki tədbirə dünyanın 135 ölkəsindən 1500 məktəbli qatılıb. Tədbirdə əsas məqsəd türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanış olmaq, onları bir araya gətirməkdir. Bu yarışmada şagirdlər inşa, qrammatika, nitq, xalq rəqsləri, şeir, rəsm, tamaşa, musiqi, dünyagörüşü daxil olmaqla 14 kateqoriyada çıxış ediblər. Azərbaycanı bu olimpiadada təmsil edən 65 məktəbli də xüsusi fəallığı ilə seçilir.
Olimpiada çərçivəsində İstanbul Sərgi Mərkəzində (İSM) iştirakçı ölkələrin mədəniyyətlərini, tarixi abidələrini, turizm obyektlərini, milli mətbəxini əks etdirən eksponatlar nümayiş olunmuşdur.
İSM-də Türkiyədən sonra ən böyük pavilyonla Azərbaycan təmsil olunur. Eksponatlarının zənginliyi ilə fərqlənən Azərbaycan pavilyonunda nümayiş olunan ölkəmizin tarixi abidələri olan Qız qalasının, Mömünə Xatun türbəsinin, Nizaminin məqbərəsinin, Şirvanşahlar sarayının, İçərişəhərin, Şəki Xan Sarayının maketləri, eləcə də xalqımızın mədəniyyətini, adət-ənənələrini əks etdirən müxtəlif məişət əşyaları, musiqi alətləri, milli geyim nümunələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bundan əlavə Azərbaycan pavilyonu ilə tanış olanlara milli şirniyyatımız, üçrəngli bayrağımız, ölkəmiz haqqında məlumatları əks etdirən bukletlər və disklər paylanmışdır.
Ölkəmizdən bu müsabiqədə iştirak edən məktəblilərin seçimi Təhsil Nazirliyinin dəstəyi ilə "Çağ" Öyrətim İşlətmələri Şirkəti tərəfindən aparılmışdır.

Yüzlərlə tamaşaçının qatıldığı tədbirdə məktəblilərimizin ifa etdiyi Azərbaycan və Türkiyə milli folkloruna aid xalq mahnıları, rəqslər, şeirlər tamaşaçıların böyük marağına səbəb olmuşdur.
"Çağ" Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən 10-cu Beynəlxalq Türk Dili Olimpiadasının keçirilməsinin təkcə türk dilinin təbliğinə deyil, eyni zamanda, bütün insanlar arasında sevginin, dostluğun artırılmasına, xalqların bir-birini daha yaxından tanımasına xidmət etdiyini vurğuladı.
Olimpiadanı izləmək üçün ölkəmizdən Milli Məclisin deputatları, iş adamları, tanınmış incəsənət xadimləri, eləcə də "Mövqe", "Palitra" "Azərbaycan" və.s qəzetlərin və informasiya portallarının nümayəndələri və "Çağ" Öyrətim İşlətmələri Şirkəti və Qafqaz Universiteti tərəfindən dəvət olunmuş çoxlu sayda mətbuat nümayəndələri iştirak edib.
Olimpiada çərçivəsində müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqələrin qalibləri iyunun 9-da mükafatlandırılacaqlar.
İyunun 14-də isə rəsmi bağlanış mərasimi ilə 10-cu Beynəlxalq Türk Dili Olimpiadası başa çatacaqdır.

S.S.V

Movqe.Az




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs