Əlaqə Arxiv
news Image
2014.02.17
16:26
| A A A
Yoxa çıxmaqda olan sənət növləri
Musa Quliyev: «Bütün dünyada artıq bu sahədə hazırlanan məhsullara tələbat azaldığı üçün onunla məşğul olan sənətkarlara da ehtiyac azalır» Zöhrə Əliyeva: «Bizim cəhdlərimizdən əlavə, insanların özlərinin də bu işə marağı olmalıdır»

Vaxtilə Azərbaycanda bir sıra qədim sənət sahələri və bununla sevərək məşğul olan, minlərlə gözəl nümunələr yaradıb ərsəyə gətirən sənətkarlar olub. Dəmirçilər, qalayçılar, dulusçular, misgərlər, daşyonanlar, xalçaçılar kimi. Lakin bu sənətlərlə məşğul olanların sayı sürətlə azalır və onlardan bəziləri  demək olar ki, artıq unudulmaqdadır. Ayrı-ayrı muzeylərdə qədim nümunələr saxlanılsa da, hansısa kəndlərdə bu ənənələr az da olsa qorunsa da, ümumilikdə artıq bu sahələr çox arxa plana keçməkdədir. 

Dövlət tərəfindən qədim Azərbaycan sənət növlərinin qorunması üçün daim işlər görüldüyünü deyən millət vəkili Musa Quliyev buna baxmayaraq, artıq bütün dünyada bu sahəyə tələbat azaldığından, Azərbaycanda da bu prosesin getməsinin normal olduğunu düşünür: "İstər Mədəniyyət və Turizm Nazirliyi, istər Heydər Əliyev Fondu, istərsə də qeyri-hökümət təşkilatları, yerli bələdiyyə və icra orqanları çərçivəsində bu işlər kifayət qədər diqqət mərkəzindədir və həyata keçirilir. Bu gün regionlarda yaradılan Heydər Əliyev Mərkəzlərində incəsət nümunələrimiz, mədəni irsimiz nümayiş olunur. Uşaqların, gənclərin bu sənət növlərini öyrənməsinə xüsusi diqqət yetirilir. Dulusçuluq, misgərlik, xalçaçılıq, taxta üzərində oyma və s. sahələrdə inkişaf gedir. Amma buna baxmayaraq, bütün dünyada artıq bu sahədə hazırlanan məhsullara tələbat azaldığı üçün onunla məşğul olan sənətkarlara da ehtiyac azalır. Ona görə bu prosesdən qorxmağa ehtiyac yoxdur və gənclərin də bu sahəyə marağının az olmasını anlamaq olar. Amma dövlət tərəfindən, qeyri-hökümət təşkilatları tərəfindən, Heydər Əliyev Fondunun proqramları çərçivəsində də bu sahəyə kifayət qədər diqqət ayrılır".

 Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva da saytına verdiyi açıqlamada nazirlik tərəfindən bu qədim sənət növlərinin qorunması üçün bir sıra tədbirlər görüldüyünü dedi: "Düşünürəm ki, ölkəmizdə müxtəlif incəsənət sahələrinin inkişafına diqqət yetirilir. Xüsusən xalçaçılıq yüksək səviyyədə inkişaf etdirilir. Bu gün regionlarda iri xalçaçılıq muzeyləri açılır və bir-birindən gözəl əl işləri nümayiş olunur. Elə "Azərxalça" elmi yaradıcı istehsalat birliyinin fəaliyyəti də bu sahəyə diqqətin göstəricisidir. Regionlarda da müxtəlif xalça sexləri var ki, orda bu qədim sənət sahəsi inkişaf etdirilir. Digər sahələrdə bir qədər durğunluq yaşansa da, yenə də işlər görülür. Sənətkarlığın müxtəlif sahələrinin inkişafına görə, nazirlik tərəfindən müxtəlif yerlər hansısa sahə üzrə paytaxt elan olunur. Məsələn, 2010-cu ildə Şəki "Azərbaycanın sənətkarlıq paytaxtı" seçildi. Bunlar ondan ötrü edilir ki, müxtəlif sənət sahələri inkişaf etsin, irəli getsin. Bizim məqsədimiz də budur ki, gənclər də qədim sənət sahələrini öyrənsinlər və davam etdirsinlər. Əlbəttə, biz də istərdik ki, bu sahələr daha çox inkişaf etsin, ənənələr, sənətkarlıq vərdişləri yaşasın. Yerlərdə turizm şöbələri, xalq yaradıcılığı ilə bağlı və ya bu cür qədim sənət sahələri ilə bağlı klublar açılsın. Bizim bütün cəhdlərimiz buna istiqamətlənib. Amma bizim cəhdlərimizdən əlavə, insanların özlərinin də bu işə marağı olmalıdır. Biz daim bölgələrə gedib orda mədəni inkişafla bağlı məlumatları qiymətləndiririk. Məsələn, nazirlik tərəfindən xüsusən də bayram ərəfələrində regionlarda müxtəlif sərgilər təşkil edilir ki, orada insanlar öz əl işlərini nümayiş etdirirlər. Yəni, Mədəniyyət və Turizm Nazirliyinin qədim sənət növlərinin qorunub inkişaf etdirilməsinə xüsusi qayğısı var və davam edəcək".


Sizin Reklam Yeriniz