news Image
2014.03.06
11:30
| A A A
Elmira Axundova "Sabahımızı düşünərək"..

Elmira Axundova 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub.  Bakı Xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnib. Sonra ADU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İlk bədii tərcüməsini - Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirib.  

Əmək fəaliyyətinə stenoqrafçı kimi başlayıb (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977-1980) olub. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləyib (1980-1988). Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olub (1988-1991).  

"Literaturnaya qazeta"nın (1990-1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb. 

Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilib (1991).  

2005 və 2010-cu illərdə 71 saylı Masallı kənd seçki dairəsindən Milli Məclisdə deputat seçilib. 

Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.  

Azərbaycanın tanınmış yazıçı-publisisti, Milli Məclisin deputatı Elmira Axundovanın yeni - "Sabahımızı düşünərək"  (Эльмира Ахундова. " С мыслью о завтрашнем дне ") adlı kitabı çap edilmişdir.Bu kitaba müəllifin müxtəllif illərdə yazılmış məqalə və analitik materialları toplanmışdır. Bütün bunlar akademik, Azərbaycanın siyasi xadimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (1995-ci ildən), Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, AMEA-nın həqiqi üzvü; Azərbaycan Respublikasının Həqiqi Dövlət müşavir Ramiz Mehdiyevin öz yazılarında qaldırdığı fundamental problemlərə laqeyd qalmayan oxucunun öz-özlüyündə fəal, isti münasibətdir.  


Elmira Axundovanın "Sabahımızı düşünərək"  (Эльмира Ахундова."С мыслью о завтрашнем дне") adlı kitabinda həmçinin Ramiz Mehdiyevin ümummilli lider Heydər Əliyevlə işlədiyi illərdəki xatirələri dərc edilmişdir.

Kitab Azərbaycanın müasir inkişaf problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü  ƏLİHÜSEYN ŞÜKÜROV yazır ki, Elmira Axundovanın "Sabahımızı düşünərək"  (Эльмира Ахундова."С мыслью о завтрашнем дне") kitabındaki  mündəricatda "Böyük insan - böyük alim" ( səhifə 165) , "Demokratiya haqqında düşünərkən: quruculuq nəzəriyyəsindən praktikaya" (səhifə 169), "Gələcəyin strategiyasını müəyyənləşdirərkən" (səhifə 179)

"Bütün bunlar onun barəsindədir" (səhifə 191), "Səhra komandirinin təhlükəli etirafları" (səhifə 206) , "Sabahımızı düşünərək" (səhifə 218) , "Bizim bütün qələbələr ağıllı, düşünülmüş siyasətin nəticəsidir" (səhifə 230), "9 oktyabr 2013-cü il seçkilərinin əsas nəticələri barədə" (səhifə 241) , "10 əlamətdar il" (səhifə 251) və "Heydər Əliyev Azərbaycanın maraqları ilə yaşayırdı" (səhifə 260) adlı publisistik yazılar yer almışdir.

 

 

Müəllifin "Bizim bütün qələbələr ağıllı, düşünülmüş siyasətin nəticəsidir" (səhifə 230) məqaləsində son onillikdə Azərbaycanın siyasi elitası üçün ideoloji strategiya və humanitar-ictimai oriyentirlər xeyli dərəcədə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kitablarının, məqalə, çıxış və müsahibələrinin təsiri altında formalaşır.


Elmira Axundova qeyd edir:


Akademik R.Mehdiyev əsl nəzəriyyəçi alim və eyni zamanda, müstəqil respublikanın dövlət quruculuğu prosesində bilavasitə iştirak edən bir insan kimi zəmanəmizin çoxsaylı çağırış və tələblərinə çox həssas şəkildə münasibət bildirir, cəmiyyətin qarşısında duran əsas məqsəd və vəzifələri dürüst ifadə edir və ən vacibi, həmin məsələlərin həlli və çağırışların aradan qaldırılması yollarını göstərir. Bu baxımdan onun demokratiya və tranzitar cəmiyyətlər haqqında fundamental əsərlərini, humanitar və ictimai elmlər, elektron KİV-lər, televiziya sahəsində yığılıb qalmış problemlər və nöqsanlar haqqında məqalələrini, Azərbaycan milli ideyasının mahiyyəti və XXI yüzillikdə onun məzmununun dəyişməsi haqqında dərin analitik məqaləsini, bir sıra başqa əsərlərini xatırlamaq kifayətdir. Bu əsərlərdə ölkənin və bütün cəmiyyətin keçdiyi yol təhlil edilir – bizim hərəkət istiqamətimizin düzgün olub-olmaması, qloballaşma, vesternləşmə və başqa amillərin təsiri nəticəsində sabitliyi pozan "çala-çuxurlara" düşməmək üçün məhz nəyi təshih etmək lazım olması göstərilir.


Hörmətli akademikin hər bir çıxışı təkcə elmi və ya politoloji dairələrdə deyil, həm də ictimaiyyət arasında geniş əks-səda doğurmuşdur və doğurmaqdadır. Onun əsərlərini öyrənirlər, onların barəsində diskussiyalar aparılır, "dəyirmi masa"lar keçirilir, onun söylədiyi ideyalar yaradıcı şəkildə inkişaf etdirilir və dərinləşdirilir.


Ramiz Mehdiyevin bir sıra əsərləri bu və ya digər humanitar-ictimai sahədə fəaliyyətin tənqidi baxımdan yenidən dərk edilməsi proseslərinə təkan vermiş, istər akademik institutlarda, istərsə də milli televiziya kanallarında müsbət dəyişikliklərə və yeniləşməyə şərait yaratmışdır.


Keçən ilin dekabr ayında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin bir neçə kütləvi çıxışı mənim diqqətimi cəlb etdi. Bu çıxışlar arasında ilk növbədə akademik R.Mehdiyevin "Bakinski raboçi" qəzetinə verdiyi "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" sərlövhəli məxsusi müsahibəni qeyd etməliyəm.

Əlbəttə, həmişə olduğu kimi, bu müsahibə də sərlövhədə göstərilən mövzudan daha geniş əhatəlidir, çünki Ramiz Mehdiyev həmin müsahibədə Ermənistan-Azərbaycan münaqişəsi məsələlərinə, müasir dövrün aktual problemlərinə, ölkəmizin indiki liderinin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin inkişaf perspektivlərinə də toxunur.


Bu müsahibə daxili "istehlak"dan daha çox, xarici aləm üçün nəzərdə tutulduğuna görə, informasiya, tarixi xatırlatmalar, paralellər ilə zəngindir. Təsadüfi deyildir ki, postsovet məkanının ən iri informasiya agentlikləri bu müsahibəni öz saytlarında yerləşdirmişdir.


Ramiz Mehdiyev öz tədqiqatları üçün həmişə ən aktual, mübaliğəsiz deyə bilərəm ki, düşünən insanları narahat edən mövzular seçir: qloballaşma çağırışları, tarixi irs və müstəqillik fəlsəfəsi, dövlət və vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın inkişafının müasir mərhələsinin xüsusiyyətləri, modernləşmə və s. Dünya politologiya və ictimaiyyətşünaslığında sanballı söz sahibi olan müəllif bu dəfə Azərbaycan dövlətinin və millətinin mövcudluğunun mahiyyətini təşkil edən bir mövzuya - Azərbaycan xalqının milli ideyası mövzusuna müraciət etmişdir. Akademik R.Mehdiyev bundan bir qədər əvvəl özünün "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" adlı konseptual məqaləsini oxucu auditoriyasına təqdim etməklə bu mövzuya müraciət etmişdir. Onun interpretasiyasında milli ideya və Azərbaycan millətinin taleyində bu ideyanın əksi bizim fəlsəfə və politologiya elmində bəlkə də ilk dəfə praktiki dövlət xadiminin şəxsi təcrübəsinin məhsulu olan inandırıcı faktlarla təsdiqlənən dolğun nəzəriyyə kimi təqdim edilmişdir. Bizim təhlil etdiyimiz müsahibədə bu mövzu çoxplanlı, çox rəngarəng auditoriya tərəfindən anlaşıla bilməsi üçün daha sadə və populyar şəkildə təqdim edilmişdir. Müəllif milli ideyanın hər bir dövrünün təşəkkül və təkamül yolları barədə söhbət açır, öz fəaliyyəti ilə milli mənlik şüurunun oyanmasına, nəticə etibarilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmış milli hərəkatın təşəkkülünə şərait yaratmış Azərbaycan ziyalılarının onlarca görkəmli nümayəndələrinin adlarını çəkir.


Müsahibə müəllifinin fikrincə, kommunist ideologiyasının şəriksiz hökm sürdüyü sovet dövründə milli ideyaya yer yox idi. Buna baxmayaraq, Heydər Əliyevin respublikaya bacarıqla rəhbərlik etməsi sayəsində Azərbaycan elitasının mənlik şüurunda "milli maraqlar" anlayışı dərindən kök saldı. Müəllifin bir fikri maraq doğurur ki, məhz "ittifaq dövləti çərçivəsində milli maraqların real siyasətdə ardıcıl gerçəkləşməsi keçən əsrin 80-ci illərinin sonunda ölkədə milli hərəkatın genişlənməsi üçün zəmin hazırlamış, 1991-ci ildə dövlət müstəqilliyinin qazanılması üçün baza yaratmışdır".


Müəllif ikinci müstəqil respublikanın ilk illərini (1991-1993) təhlil edərkən haqlı olaraq vurğulayır ki, həmin dövrdə milli ideyanın yeganə forması kimi "bazis türk komponenti" təklif edilmiş, bu isə cəmiyyəti parçalanmaya, millətçi və separatçı meyillərin güclənməsinə gətirib çıxarmışdır: "Respublikada yaşayan millətlərin heç də hamısı türk etnikliyinin daşıyıcıları deyildi və buna görə də identifikasiyanın belə formasının qəti seçimi cəmiyyətin bütövlüyünə mənfi təsir göstərirdi. Azərbaycanlıların etnik və dil identifikasiyası mövzusunda debatlarda türkçülüyə üstünlük verilməsi cəmiyyətin sabitliyini laxladır, onu etnik əlamət üzrə parçalanmaya sövq edirdi".


Elmira Axundova "Sabahımızı düşünərək"  (Эльмира Ахундова."С мыслью о завтрашнем дне") kitabında daha sonra qeyd edir ki,  


1993-cü ilin yayından etibarən milli ideyanın formalaşması tarixinin yeddinci dövrü başlanır. Bu dövr 2003-cü ildə həmin ideyanın təcəssümü ilə başa çatır. Heydər Əliyevin təsəvvüründə milli ideya Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyası kimi çıxış etmişdir. Beləliklə, müəllif yazır ki, bu dövrdən etibarən milli identifikasiyanın yeni forması daha geniş və yenilənmiş formatda "azərbaycançılıq" ideologiyası ilə eyniləşdirilir.


Akademik R.Mehdiyevin bir fikri çox qiymətli və aktualdır: "Azərbaycan millətinin tərkibinə daxil olan bütün etnosların vahid, dolğun sosial-siyasi orqanizm kimi formalaşması təcrübəsinin öyrənilməsi bizim humanitar elmin qarşısında duran ən mühüm vəzifədir". Vaxtilə sovet alimləri, o cümlədən Azərbaycan alimləri yeni tarixi birlik – sovet adamı fenomeninin tədqiqinə xeyli vaxt sərf etmişlər. Sonradan məlum oldu ki, bu anlayış, kommunist ideologiyasındakı çox şeylər kimi, sxolastik və reallıqdan uzaq imiş. Bu gün keçmiş postulat və stereotiplərin əksəriyyətini yenidən dərk etmək vaxtı çatmışdır. Sevindirici haldır ki, bu prosesin önündə məhz tutduğu mövqeyə görə Azərbaycanın siyasi və intellektual elitasının düşüncə və baxışlarına ciddi təsir göstərə bilən yüksək ranqlı dövlət xadimi dayanır, beləliklə, ikinci müstəqil respublikanın prinsipcə yeni ideoloji məkanını formalaşdırır.


Akademik R.Mehdiyev məxsusi müsahibəsində azərbaycanlıların etnogenezi məsələsinə toxunaraq qeyd edir ki, Azərbaycan milləti Azərbaycan ərazisində yaşayan bütün etnosların tarixi yolunun vəhdətini əks etdirən qaynar qazan kimi formalaşmışdır. Müəllif qeyd edir ki, burada güclü türk təməli ilə yanaşı, İran, ərəb başlanğıcları, alban layı, digər qədim etnoslar mövcud olmuş, onlar hamısı əsrlər boyu təbii şəkildə vahid xalq kimi assimilyasiya olmuş, azərbaycanlıların milli identikliyinə xas cizgilər, komponentlər qazanmışlar.


Etnik müxtəlifliyin xalqın çox böyük sərvəti, müasir Azərbaycan vətəndaşlarının minilliklər boyu bu ərazidə məskunlaşmış bütün dövlətlərin və xalqların varisi olması barədə müəllifin fikirləri son dərəcə müsbət və konsolidəedici fikirlərdir.


Etnik müxtəliflik, multikulturalizm, etnik tolerantlıq və qarşılıqlı zənginləşmə fəlsəfəsi yaxın qonşularımız olan ermənilərin etnik-fəlsəfi baxışları ilə kəskin təzad təşkil edir. Məlum olduğu kimi, bu araşdırmaların təməl daşı erməni etnosunun mənşəyinin çox qədim olması, guya bu etnosun indiyə qədər öz saflığını qoruyub saxlaya bilməsi haqqında iddialardır. Yeri gəlmişkən, Ramiz Mehdiyevin müsahibəsinin xeyli hissəsi bu mövzuya həsr edilmişdir.


Müəllif ilk mənbələrə əsaslanmaqla inandırıcı faktlar gətirərək sübut edir ki, bu xalqın tarixində heç bir unikallıq yoxdur və ermənilərin etnogenezi ümumi qanunauyğunluqlara tabedir.


Akademik R.Mehdiyev yazır: "O başqa məsələdir ki, uzun əsrlər boyu erməni-qriqorian kilsəsi tərəfindən ermənilərin tarixinə o qədər süni, uydurma, əfsanəvi, qondarma məqamlar gətirilib ki, hətta mütəxəssislər də nəyin həqiqət, nəyin yalan olmasını çox zaman dəqiq seçə bilmirlər".


Ramiz Mehdiyevin gələcək kitabı pisi yaxşıdan ayırmağa, məsələnin mahiyyətindən baş çıxarmağa kömək edəcəkdir. Bu kitabda ermənilərin etnogenezi məsələlərinə xüsusi yer ayrılacaqdır. Hiddətlənmiş opponentlərimizin necə şivən qaldıracaqlarını qabaqcadan hiss edirəm. Keçmiş səhra komandiri, hazırda isə Ermənistanın prezidenti olan Serj Sarkisyanın təhlükəli sayıqlamalarını ifşa edən Ramiz Mehdiyevin "Gorus – 2010: absurd teatrı mövsümü" adlı məqaləsi Azərbaycan saytlarında yerləşdiriləndə İnternetdə necə hay-küy qaldırılması da yadımızdadır. Erməni silahlılarının keçmiş rəhbəri Gorusda erməni diasporunun jurnalistləri qarşısında çıxış edərkən tarix elmində "yeni kəşfləri" ilə dünya ictimaiyyətini çaşdırmış və ənənəvi erməni təbliğatı üslubunda bir sıra "sensasiyalı" bəyanatlar vermişdi. Ona görə də akademik Ramiz Mehdiyevin istehzalı publisistika ruhunda yazılmış bu məqaləsi lap yerinə düşmüş, ictimai müzakirələr, "dəyirmi masalar", mətbuatda rəylər silsiləsinə təkan vermiş, nəticədə həm respublikada, həm də onun hüdudlarından kənarda ictimaiyyətin diqqəti yenidən millətçi sosializm davamçılarının zərərli, iki xalqın daha da yadlaşmasına, onların arasında etimadsızlıq və nifrət uçurumunun dərinləşməsinə yönəlmiş ideologiyasına cəlb edilmişdir.


Əminəm ki, akademik R.Mehdiyevin yeni kitabı, etnik-dini ideologiyanın və monoetnikliyin - müəllifin haqlı olaraq qeyd etdiyi kimi, erməni xalqına onun sivil ictimaiyyət tərəfindən təcrid olunmasından başqa heç nə gətirməyəcək ideologiyanın puç edilməsi yolunda daha bir sanballı arqument olacaqdır.


Müəllif XXI əsrdə milli ideyanın inkişafı transformasiyası perspektivləri barədə mülahizələrində bir–biri ilə sıx vəhdət təşkil edən milli ideya – cəmiyyətin demokratikləşməsi - modernləşmə formulunu təklif edir. Prezident İlham Əliyev məhz bu siyasəti uğurla həyata keçirir. Onun nəzərində milli ideya həm siyasi məkanın demokratikləşməsini, fasiləsiz və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhun və bənzərsizliyin qorunub saxlanmasını özündə birləşdirir.


Məhz bu şübhəsiz və mübahisəsiz uğurlar Prezidentin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında" Sərəncam imzalamaqla yeni bir ambisiyalı addım atmasına imkan vermişdir.


Bununla əlaqədar, dekabrın 29-da Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin sədrliyi ilə keçirilən "dəyirmi masa"da akademik Ramiz Mehdiyev geniş konseptual nitqlə çıxış etmiş, konsepsiyanın işlənib hazırlanmasının əsas istiqamətini şərh etmiş və tezislər şəklində göstərmişdir. Mənim fikrimcə, akademik R.Mehdiyevin konsepsiyanın hazırlanması zamanı qabaqcıl dünya təcrübəsini tədqiq etməyin, habelə dövlət və ictimai təşkilatlarla geniş müzakirələr keçirməyin zəruri olması barədə təklifi prinsipial əhəmiyyət kəsb edir. Prezident Administrasiyasının rəhbərinin fikrincə, bu konsepsiya qəbul ediləndən və əhalinin bütün təbəqələri tərəfindən dəstəklənəndən sonra zəmanəmizin ən yeni çağırışları qarşısında Azərbaycan cəmiyyətinin daha sıx birləşməsi üçün zəmin və təməl olmalıdır.


"Dəyirmi masa"dan bir neçə gün əvvəl, daha dəqiq desək dekabrın 23-də akademik R.Mehdiyev "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevə həsr edilmiş kitabın təqdimatı mərasimində çıxış etmişdir. Onun bu çıxışı son 20 ildə, xüsusən İlham Əliyevin prezidentliyi dövründə respublikamızın keçdiyi yolun hərtərəfli nəzəri-praktiki təhlili kimi qiymətləndirilməlidir. Bu, özlüyündə parlaq bir nitqdir. Lakin bu çıxışın xüsusi dəyəri onda idi ki, onun müəllifi dövlət başçısının sanballı aksiya və təşəbbüslərinin təkcə şahidi deyil, çox cəhətdən onların bilavasitə icraçısı, onları həyata keçirən şəxs idi. Bu çıxış Azərbaycan xalqının gördüyü işlərin, qazandığı zəfərlərin mötəbər salnaməsinin yaradılmasına daha bir sanballı töhfə oldu. Ölkədə və dünyada baş verənlərin obyektiv tarixi mənzərəsinin dərk edilməsi son dərəcə vacibdir, çünki bu, dövlət quruculuğu kimi mürəkkəb prosesdə çox səhvlərdən yaxa qurtarmağa, eləcə də müstəqilliyimizin düşmənləri tərəfində qısqanclıq və paxıllıq nəticəsində uydurulan çoxsaylı mifləri təkzib etməyə imkan verir.


Buna görə də hesab edirəm ki, nəhəng dövlət xadimi, indiki siyasi-iqtisadi fəaliyyət xəttinin təşkilatçılarından və onu reallaşdıranların əsaslarından biri, görkəmli alim və ideoloq, akademik Ramiz Mehdiyevin əsərləri və tədqiqatları ictimai-humanitar profilli ali məktəblərdə və fakültələrdə tədris proqramının tərkib hissəsi, bizim gözəl vətənimizin bu günü və gələcəyi qayğısına qalan hər kəs üçün masaüstü kitab olmalıdır.


Şübhə etmirəm ki, müvafiq Komissiya lap tezliklə Azərbaycanın yaxın 10 il üçün inkişafının layiqli Konsepsiyasını işləyib hazırlayacaqdır. Çünki akademik R.Mehdiyevin səyləri və çalışmaları sayəsində həm Prezident Administrasiyasında, həm Milli Məclisdə, həm də akademik institutlarda intellektual baxımdan kifayət qədər güclü, ən cəsarətli və ən ambisiyalı, yeni təfəkkür və ölkənin inkişafının qabaqlayıcı modelinin yaradılması ilə əlaqədar məsələləri həll etməyə qabil olan "zəka elitası" yaranmışdır.


Yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" adlı məqaləsi barədə düşüncələrini qələmə almış, respublika mətbuatında çap olunmuş və müəllif həmin yazını kitaba da daxil etmişdir.

Elmira xanım yazir ki, Akademik Ramiz Mehdiyevi bu məqaləni yazmağa sövq edən Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda, erməni diasporunu təmsil edən jurnalistləri qarşısında çıxışı olmuşdur. Keçmiş səhra komandiri tarix elmində "yeni kəşflər"i ilə dünya ictimaiyyətini çaşdırmış və ənənəvi erməni təbliğatı ruhunda bir sıra "sensasiyalı" bəyanatlar vermişdir.  

Ramiz Mehdiyev bu başabəla "alim"ə cavab vermək üçün mənim fikrimcə çox uğurlu bir üsul - istehzalı polemika üsulu seçmişdir. Akademik Mehdiyevin yumorlu, bəzən hətta sarkazm ruhlu publisistik məqaləsi iki xalqı bir-birindən daha da uzaqlaşdırmağa, onların arasında inamsızlıq və nifrət uçurumunu dərinləşdirməyə yönəlmiş millətçi sosializmin davamçılarının zərərli ideologiyasını alt-üst edir.  

Təsadüfi deyildir ki, R.Mehdiyev erməni separatçılarının erməni millətinin qədimliyi və müstəsnalığı barədə sərsəm ideyalarını nasistlərin ideologiya və əməlləri ilə müqayisə edir:  

"Yetmiş il bundan əvvəl alman alimləri və üçüncü Reyxin liderləri ari irqin müstəsnalığı barədə buna oxşar "qiymətli direktivlər" vermişdilər. Bir millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar".

Görkəmli filosof alim bu məqalədə özünün adi akademik yazı üslubundan, elmi qərəzsizlik mövqeyindən kənara çıxır. "...Absurd teatrı mövsümü" məqaləsi xalis polemik və publisistik üslubu ilə seçilir. Burada hər şey öz adı ilə adlandırılmış, təcavüzkar erməni separatizmi, "arsaxçılıq" ideoloqları və onların xaricdəki ilhamçıları barədə bütün həqiqət diplomatik incəliklərsiz və birbaşa açıqlanmışdır. Çox vacib məqam budur ki, bu sözləri sıravi politoloq deyil, dövlətin siyasətini çox cəhətdən müəyyənləşdirən şəxs deyir.  

R.Mehdiyevin məqaləsindən gətirilmiş aşağıdakı sitat xüsusi məmnuniyyət hissi doğurur:  

"... Ermənistan prezidenti Serj Sarkisyan ... 1992-ci ilin fevralında Xocalı soyqırımının, Dağlıq Qarabağın və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından biri olmuşdur".

Bu barədə ilk dəfədir ki, bu cür yüksək səviyyədə - Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri səviyyəsində deyilir. Mənə belə gəlir ki, bu cəsarətli mesaj istər Azərbaycan ictimaiyyəti, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən eşidilmiş və layiqincə qiymətləndirilmişdir.  

Ramiz Mehdiyevin yeni məqaləsi də həmişəki kimi, yüksək intellektual səviyyəsi və elmi dərinliyi ilə seçilir, proqram xarakteri daşıyır. Bununla bərabər məqalə sadə, anlaşıqlı dildə yazılmışdır və müəllif hətta tarixin dolanbaclarına nəzər saldıqda belə unutmur ki, o, materialı kütləvi auditoriya üçün şərh edir. Buna görə də Dağlıq Qarabağda və Ermənistanın özündə ermənilərin gəlmə olmaları barədə R.Mehdiyevin gətirdiyi çoxsaylı faktlar və dəlillər istehzalı tərzdə təqdim edilmişdir, məsələn, ermənilərin uydurduğu "Vararakn" toponimi ilə bağlı epizodda olduğu kimi:  

"Əvvəllər Azərbaycana (məhz Azərbaycana!) məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilərək onlara erməni adları qoyulmuşdur. Bizim dildə mənası olan bu toponimlərin erməni dilində heç bir mənası yoxdur. Bu toponimlər haraya yox olmuşdur? Şübhə yoxdur ki, elə həmin tarixi saxtalaşdırmaq laboratoriyaları bu suala cavab axtararkən ... yüzlərlə başqa keçmiş Azərbaycan toponimləri üçün yüzlərlə yeni "vararakn"lar icad edəcəklər. Az qala Nuh əyyamından qalmış yeni "qədim erməni" adlarının guya qeydə alındığı saxta "salnamələr" üzə çıxacaqdır. Elə həmin laboratoriyalar işğal edilmiş şəhərlər və kəndlər üçün yeni adlar fikirləşib tapmış və bir müddətdən sonra Ermənistan rəhbərləri yüksək tribunalardan çıxış edərək yeni "vararakn"lar barədə dünyaya car çəkəcəklər. Ermənilər artıq Ukraynanın Lvov şəhərinin də adını dəyişdirərək onu Aryuts adlandırmaq istəyirlər!".

Bu cür istehzalı passaj çoxcildlik tarixi tədqiqatlarla müqayisədə hədəfi daha dəqiq və daha düzgün nişan alır, çünki gülməli olan hər şey artıq qorxulu olmur.  

Müəllif Ermənistan prezidentinin tarixi passajlarındakı bütün uyğunsuzluqları və məntiqsizlikləri diqqətə çatdırır. Məsələn, S.Sarkisyan israr edir ki, "bu yerin erməni adı - Arsax miladdan əvvəl VIII əsrdə təsdiqlənmişdir və bunu Yerevanın təməlini qoymuş I Arqiştinin oğlu II Sarduri təsdiq etmişdir". R.Mehdiyev bununla əlaqədar, istehza ilə yazır: "... bu ad nə münasibətlə birdən-birə erməni adı oldu? Urartu çarı yalnız Arsax adını təsdiqləmiş, lakin onun "erməni" toponimi olmasını təsdiqləməmişdir! O yalnız qeyd etmişdir ki, belə bir vilayət var, vəssalam. Belə çıxır ki, əgər Qafqazda Arsax adlı bir vilayət olması barədə Misir fironları və ya Çin imperatorları məlumat vermiş olsaydı, onda bu toponim həmin an Misir və ya Çin toponimi olacaqdı? Axı Arsax toponimi təkcə Bizans mənbələrində onun adının çəkilməsinə görə antik toponim olmamışdır!".

Yaxud, qədim Albaniyanın erməniləşdirilməsi barədə erməni tarixçilərindən çoxsaylı sitatlar gətirən, Gəncəsar monastırını tikdirmiş knyaz Həsən Cəlal tərəfindən həmin tikilinin üstündə yazdırılmış sözləri ("mənim alban xalqım" üçün ucaldılmış "Albaniya paytaxt məbədi" sözlərini) xatırladan müəllif sarkazmla deyir: "Məgər kimsə onları buna vadar edirdi, bəlkə onlar "Azərbaycan kəşfiyyatı"na xidmət edirdilər?".  

Yeri gəlmişkən, müəllifin istehzalı yazı üslubu təkcə tarixi həqiqətlərin daha asan qavranılmasına xidmət etmir. Bu üslub başabəla erməni tarixçilərinin saxtakarlıqlarının nə dərəcədə cəfəng və absurd olmasını əyri güzgüdə olduğu kimi əks etdirir. Müəllifin yazdığı kimi, "elmi miflərə və xarici siyasət məqsədlərinə tabe etmək məsələsində erməni tarix elmi bəzən absurd səviyyəyə çatır".  

R.Mehdiyev qonşularımızın mədəni terroru və vandalizmi barədə, erkən və sonrakı dövrdə islam mədəniyyəti abidələrinin məhv edilməsi, albanların müqəddəs xristian ziyarətgahlarının erməniləşdirilməsi, Qarabağ alban memarlığının səciyyəvi cəhətlərinin saxtalaşdırılması və məhv edilməsi barədə fikirlərini ürək ağrısı və yanğı hissi ilə ifadə edir. Məqalənin oxucularında ermənilərin Cənubi Qafqaz və ümumiyyətlə, Kiçik Asiya ərazisində gəlmə olmasına zərrə qədər də şübhə qalmaması üçün müəllif erməni alimlərinin özlərindən - M.Q.Nersisyan, A.Pastrmaçyan, məşhur rus alimi İ.M.Dyakonov və başqalarından sitatlar gətirir. Nə yaxşı ki, əlyazmalar yanmır və bu əlyazmalar Ermənistan prezidentinin Qarabağ əhalisinin minilliklər boyu guya "yalnız ermənilərdən" ibarət olması, "türk-müsəlman" köçəri tayfaların yalnız XVIII əsrin ikinci yarısında buraya köçməyə başlaması..." barədə bəyanatlarının elmə zidd və absurd olmasına təkzibedilməz şəkildə dəlalət edir.  

R.Mehdiyev bu məqalədə bütün bu cür tezis və iddiaları inandırıcı şəkildə, həm də erməni alimlərinin özlərinin tədqiqatlarına istinadlarla təkzib edir. Məsələn, o, Corc Burnutyandan sitat gətirir. Onun statistik məlumatlarına görə 1826-cı ildən 1832-ci ilə qədər İrəvan və Naxçıvan xanlıqlarında müsəlmanların sayının təqribən üçdəbiri azalmış, ermənilərin sayı isə buraya köçürülənlərin hesabına 3,5 dəfə artmışdır. C.Burnutyan yazır: "Statistikadan görünür ki, Rusiya istilasınadək ermənilər Şərqi Ermənistan əhalisinin təxminən 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdilər. Rusiya ilhaqından sonra İrandan və Osmanlı imperiyasından bura 57 min erməni immiqrant gəlmiş, 35 min müsəlman Şərqi Ermənistanı tərk etmişdi".

Akademik R.Mehdiyevin bu geniş məqaləsinin dördüncü hissəsində ermənilərin İrandan və Osmanlı imperiyasının şərq vilayətlərindən İrəvana, Naxçıvana və Qarabağa köçürülməsinin qısa tarixi təsvir edilir. Bu halda akademik R.Mehdiyev rus yazıçı və alimlərindən A.Qriboyedov, S.Qlinka və N.Şavrovun əsərlərinə istinad edir. Bu müəlliflərin düzgünlüyü və vicdanlı olmaları sayəsində ermənilərin Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi faktı onların əsərlərində öz tarixi təsdiqini tapmışdır və dünya tarixşünaslığı buna etiraz edə bilməz.  

"Statistik məlumatlar və həmin hadisələrin şahidi olmuş müəlliflərin (onların "Azərbaycan təşviqatı"na xidmət etməsindən çətin ki, şübhələnmək olar) təsvirləri Türkmənçay müqaviləsinə qədər türk əhalisinin sayının erməni əhalisinin sayından qat-qat çox olmasına və erməni əhalisinin sayının Qarabağ və bugünkü Ermənistanın (İrəvan xanlığı) Rusiyaya birləşdirilməsindən sonra onların bu torpaqlara köçürülməsi nəticəsində kəskin surətdə artmasına dəlalət edir. Erməni tarixçilərinin özləri də bunu təsdiq edirlər. Onlardan heç biri "türk köçəriləri"nin "qədim erməni" torpaqlarına köçürülməsi və bu vilayətlərin "yekcins erməni" əhalisi barədə yazmır. Onlar müfəssəl və dəqiq surətdə əks hadisələri qeyd edirlər".

Akademik R.Mehdiyevin məqaləsində erməni laboratoriyalarında tarixin saxtalaşdırılması ilə əlaqədar mif və rəvayətlər addım-addım puç edilir, yalana və faktların təhrif edilməsinə əsaslanan üzdəniraq erməni təbliğatının daşı daş üstündə qalmır.  

Məsələn, müəllif Qarabağ ermənilərinin Rusiyanın tərkibinə "könüllü şəkildə daxil olması" barədə mifi təkzib edərkən məkrli erməni saxtakarlığına nümunə kimi akademik S.P.Ağayanın əsərinin adını çəkir. Ağayan XVIII əsrdə Şimali Azərbaycan xanlıqlarının xəritəsini dərc edərkən İrəvan xanlığını həmin xəritəyə daxil etməmişdi. Ağayan bu xəritəyə dair qeydlərində göstərmişdi ki, o, həmin xəritəni P.İ.Kovalevskinin "Qafqazın Rusiya tərəfindən fəth edilməsi" kitabından olduğu kimi götürmüşdür. R.Mehdiyev yazır: "Ağayan yalan deyir, çünki Kovalevskinin əsərində dərc olunmuş xəritədə bütün xanlıqların, o cümlədən İrəvan xanlığının ərazisi göstərilmişdir". Son illərdə Ermənistanda dünya ictimaiyyətini yalan məlumatlar verməklə çaşdırmaq, onu erməni ideoloqlarının yalançı uydurmalarına inandırmağa məcbur etmək ümidi ilə buna oxşar nə qədər saxta xəritələr çap olunduğunu yada salaq. Xoşbəxtlikdən, Azərbaycan diplomatlarının, politoloqların, jurnalistlərinin birgə səyləri sayəsində bütün bu cür cəhdlərin qarşısı vaxtında alınır.  

...Məqalənin sonuncu, beşinci hissəsində Dağlıq Qarabağ vilayətinin yaranması tarixi, vaxtilə Azərbaycan SSR-in tərkibinə daxil olmuş geniş torpaq sahələrinin, Azərbaycanın Ordubad qəzasının ərazisinin Ermənistana verilməsi nəticəsində Naxçıvanın Azərbaycanın böyük hissəsindən ayrılmasının başa çatdırılması və "türk dünyası daxilində süni coğrafi zolaq" yaradılması barədə geniş ictimaiyyətə az məlum olan maraqlı faktlar gətirilir. Bütün bunlar sənədli mənbələrlə təsdiqlənmiş təkzibedilməz faktlardır, bu gün heç kəs bu faktlardan yaxa qurtara bilməz.  

Akademik R.Mehdiyevin çıxardığı əsas müsbət nəticə tarixin irəliyə doğru hərəkət etməsi barədə tezisdir. Bu və ya digər ərazidə min il bundan əvvəl məhz kimin yaşaması və orada mövcud memarlıq abidələrinin kimə məxsus olması bu gün artıq o qədər də əhəmiyyətli deyildir.  

"Müasir dünyada dövlət sərhədlərinin mif və antik salnamələr əsasında müəyyən olunmadığını, hər hansı ərazidə monastırın mövcudluğu və ya milli azlıqların yaşaması ilə dəyişdirilmədiyini bilməyin vaxtı çoxdan çatmışdır. Əks halda, dünyanın siyasi xəritəsi bu gün başqa cür görünərdi... Ermənistan rəhbərləri artıq başa düşməlidirlər ki, müasir dünyada ərazi məsələləri "kim əzəldən harada yaşamışdır və kim haraya köçmüşdür" prinsipi üzrə tarixi kontekstdə deyil, beynəlxalq hüquq əsasında həll olunur".

Yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" adlı məqaləsi barədə düşüncələrini  belə yekunlaçdırır: 

 

"Bəs bu üzücü "Qarabağ marafonu" məsələsini uyduranlar nə istəyirdilər və nəyə nail oldular? - deyə soruşan akademik R.Mehdiyev Ermənistan üçün təsəlliverici olmayan nəticələr çıxarır. Təcavüzkar separatizm ideoloqları DQMV probleminin "ədalətli həll"ini, yəni onun Ermənistana birləşdirilməsini və sərhədlərin dəyişdirilməsini tələb edirdilər. Lakin bu "ədalətli həll" regionda yaşayan başqa millətlərin və xalqların fikrini və mənafelərini nəzərə almadan yalnız Qarabağın erməni icmasının maraqlarını nəzərdə tuturdu. Öz problemlərini dərhal və nəyin bahasına olursa-olsun həll etməyə yönəlmiş bu eqosentrik arzu erməni xalqının özü üçün məhvedici nəticələrə gətirib çıxarmışdır.  

"İşğal olunmuş ərazidə yaradılmış oyuncaq, yalançı respublika heç kim tərəfindən tanınmayıbdır. Bəzən Ermənistan rəhbərlərinin hədələdiyi kimi onların bu ölkə tərəfindən tanınması bu qanunsuz qurumu legitimləşdirməyəcək və Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaqdır. Reallığı dərk etmək əvəzinə Serj Sarkisyan Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salmış və qonaqlara yanlış məsləhətlər vermişdir. Başa düşmək çətin deyil ki, Ermənistanın gələcək nəsilləri bu səhvlərin ağır nəticələrini öz üzərlərində hiss edəcəklər".

Bununla əlaqədar, bir epizod yada düşür. 1996-cı ildə Tbilisidə Azərbaycan neftinin Gürcüstan ərazisi ilə Qara dənizin Supsa limanına nəql edilməsi barədə Azərbaycan və Gürcüstan prezidentləri arasında sazişlər paketi imzalanmışdı. Səfərin sonunda Azərbaycan Prezidenti xarici dövlətlərin Gürcüstanda akkreditə edilmiş səfirləri ilə görüşdü. Onların arasında Ermənistan səfiri də vardı. Azərbaycan televiziyasının müxbiri səfirdən soruşmuşdu: "Neft kəməri ərazisindən keçdiyi ölkə üçün böyük səmərə deməkdir. Xəzər boru kəməri Ermənistan ərazisindən keçə bilərdi. Ermənistanın indiki siyasətçilərinin bu şansı əldən vermələrini gələcək nəsillər onlara bağışlayacaqlarmı?". Səfir bu suala belə cavab vermişdi: "Bəlkə də bağışlamayacaqlar".

O vaxtdan təqribən 15 il keçir. Mənim fikrimcə, Ermənistan səfirinin proqnozu özünü tamamilə doğrultmuşdur. Ermənistan əslində hər şeydən məhrum olmuş bir ölkəyə çevrilmişdir. R.Mehdiyevin çox sərrast qeyd etdiyi kimi, "o, bu qədər fürsəti əldən verməklə sülhü uduzmuşdur".  

* * *

Ermənistan dövlətinin başçısı S.Sarkisyan Gorusdakı görüşdə jurnalistləri "Arsax haqqında düzgün və obyektiv informasiya"nı dünya birliyinə çatdırmağa, "gerçəkliyə bəzək-düzək vurmadan həqiqəti fəal təqdim etməyə" çağırmışdır. Biz hamımız - siyasətçilər, politoloqlar, beynəlxalq jurnalistlər bu çağırışa əməl etməliyik. Bu gün Dağlıq Qarabağda baş verənlər haqqında həqiqəti dünya birliyinə çatdırmaq, təcavüzkar erməni separatizminin ideoloqlarının həqiqi məqsəd və metodlarının ifşa edilməsi bizim ictimaiyyətin başlıca vəzifəsi olaraq qalır. Bu halda qonşularımız kimi özünü çətinə salmağa, elmi saxtalaşdırmalara və məkrli yalana əl atmağa ehtiyac yoxdur. R.Mehdiyevin haqlı olaraq qeyd etdiyi kimi, "artıq dünya bir neçə əsr bundan əvvəlki dünya deyildir", o, doğrunu yalandan, təcavüzkarı təcavüzün qurbanından fərqləndirməyi bacarır. Lakin bu təbliğat informasiya inqilabının reallıqlarına, qloballaşma dövrünün təhdid və çağırışlarına uyğun olmalıdır. O, əyalətçilik səviyyəsindən yüksəyə qalxmalı, ağıllı, inandırıcı olmalı və hədəfi sərrast nişan almalıdır. Akademik R.Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" sərlövhəli aktual məqaləsində olduğu kimi".

 Elmira Axundovanın "Sabahımızı düşünərək"  (Эльмира Ахундова. " С мыслью о завтрашнем дне ") adlı yeni kitabının redaktoru, Respubilkanın Əməkdar mədəniyyət işçisi , Azərbaycan Dövlət Teleqraf Agentliyi   - AzərTAc – ın Baş Direktoru hörmətlı dostumuz Aslan Aslanovdur.


Kitabın tərcüməçiləri isə Azərbaycan Dövlət Teleqraf Agentliyi   - AzərTAc – ın əməkdaşları hörmətli Yaşar Quluzadə və Oktaedr Məmmədovdur.


ƏLİHÜSEYN ŞÜKÜROV.

Masallı - Murmansk