news Image
2012.06.25
12:25
| A A A
Mədəni İrsin Konservasiyasında Gənclər – YOCOCU konfransı 2014-cü ildə Bakıda keçirilə bilər - FOTOLENT

Movqe.Az xəbər verir ki, 18-20 iyun tarixlərində Belçikanın Antverpen şəhərində İtaliya Konservasiya Alimləri Assosiyasiyası, Antverpen Universiteti, Roma La Sapienza Universiteti, ICCROM, İtaliya Milli Araşdırma Şurası, SMATCH, İtaliya Ali Bərpa və Konservasiya İnstitutu, CNR-ITABC və digər qurumların təşkilatçılığı ilə Mədəni İrsin Konservasiyasında Gənclər - YOCOCU 2012 konfransı keçirildi.

Məlumat üçün bildirək ki, YOCOCU mədəni irsin müxtəlif sahələrində çalışan gənc peşəkarlar və tədqiqatçıların şəbəkəsini yaratmaq məqsədi ilə yaradılıb.  Ümumi məqsədə xidmət edən gənc tələbələr, tədqiqatçılar və peşəkarlarların toplaşdığı konfransda mədəni irsin müxtəlif sahələri - fizika, biologiya, konservasiya, bərpa, arxeologiya, memarlıq və s. üzrə təcrübə və bilik mübadiləsi aparılır. Konfransın məruzələri beynəlxalq səviyyədə tanınan və etibar olunan YOCOCU jurnalında nəşr edir.

Konfrans iyunun 18-də Antverpen Universitetində öz işinə başladı. Konfransı Universitetin İdarə Heyətinin sədri Prof. Ronni Blust açdı.

Qeyd edək ki, Konfransda İtaliya, Belçika, Azərbaycan, İspaniya, Portuqaliya, Rumıniya, Yunanıstan, Almaniya, Avstriya, Sloveniya, ABŞ, Türkiyə, Hindistan, Argentina, Meksika və digər ölkələrdən olan gənclər müvafiq bölmələrdə - daş, piqmentlər, mədəni irs təcrübələri, saxsı məmulatı, metal, şüşə, divar bəzəkləri, heykəltəraşlıq  və s. üzrə məruzə ilə çıxış etmişlər. Məruzələrdən sonra müzakirələr aparılmış, konservasiya, bərpa işlərində yol verilən qüsurlar, kimyəvi proseslərin təsiri, müxtəlif ölkələrdə aparılan arxeoloji qazıntılar və memari strukturunda tətbiq olunan beynəlxalq təcrübələr əhatə olunmuşdur. Tədbirdə Kataniya, Roma, Antverpen, Bolonya Universitetlərinin professorları, İCCROM-un nümayəndəsi gənclərə öz təcrübə və tədqiqatları ilə bağlı mülahizələrini anlatmışlar.

Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Radiasiya Problemləri İnstitutunun əməkdaşları ilə yanaşı, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin arxeoloq və bərpaçıları da konfransa qatılmışdır. MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli, Şölə Bayramova və Emil Səfərov "MİRAS İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyasının Azərbaycanda mədəni irs fəaliyyətləri" mövzusunda məruzə ilə çıxış etmişlər. Poster sessiyası ilə davam edən konfransda MİRAS-dan bərpaçı-rəssam Cahangir Əhmədov "Fayans və farfor məmulatının bərpa təcrübəsi (Orta əsr Ağsu şəhəri materialları əsasında)", metal üzrə bərpaçı Vüqar Quliyevin "Orta əsr metal məmulatının bərpa və konservasiyası" mövzulu posterləri sərgilənmişdir.

MİRAS İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli xüsusi bölmə olan beynəlxalq dəyirmi masada çıxış edərək YOCOCU-nun fəaliyyətini yüksək qiymətləndirmişdir. O, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Emil Səfərovun burada olduğunu və nazirliyin növbəti YOCOCU tədbirinin Azərbaycanda, Bakı şəhərində keçirilməsi təşəbbüsünü konfrans iştirakçılarına elan etmişdir.

Konfransın son günü YOCOCU Təşkilat Komitəsinin sədri Andrea Macchia və YOCOCU 2012-nin təşkilatçısı Simone Cagno Bakı şəhərinin 2014-cü il YOCOCU konfransının keçirilməsi üçün namizədliyinin qəbul olunduğunu elan etdilər. Azərbaycan nümayəndə heyətinin üzvü Şölə Bayramova Bakı şəhəri haqqında konfrans iştirakçılarına geniş məlumat verdi.

Konfrans çərçivəsində iştirakçılar Antverpen Universitetinin İncəsənət Əsərlərinin Konservasiyası mərkəzində oldular. Onlara metal, şüşə, foto, kağız, rəsm, ağac və parça materillarının diaqnostikası, monitorinqi və konservasiyası, yeni texnologiyalar haqqında əyani şəkildə geniş məlumat verildi.

Konfransın ən yaxşı poster və ən yaxşı məruzələri müəyyən edildi və mükafatlar təqdim olundu.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs