Novruz Novruzovun "Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" kitabı Vətən haqqında duyğulardan, mübariz, qəhrəman həmyerlilərimiz haqqindadır. Bu, Novruz müəllimin sağlığında şəhidlərə həsr etdiyi ikinci kitabıdır
Bu kitab Bakının "Əbilov və Zeynalov" nəşriyyatında çap edilmişdir.
Lap bəri başdan söyləyim ki, tanınmış Masallılı ziyalı Novruz Novruzovu amansız ölüm vaxtsız apardı. Boradigahda müəllim işləsə də o, əsl ictimai xadim idi.Məqalələr çap etdirirdi, kitablar yazırdı. "Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" həmin kitablardan biridir.Yazar dostumun ömür gündəliyinə, yaradıcılığına bir daha nəzər salanda həmin kitabı Sizlərə də təqdim etmək ürəyimdən keçdi. Kitabı vərəqlərkən Azərbaycan Respubilkası Prezdentinin fərmanı ilə təltif olunmuş Masallı qəhrəmanlarının siyahısını gördüm:
1. Səfəralı Qurban oğlu Məmmədov
2. Elşad Eynulla oğlu Hüseynov
3. Elşad Saday oğlu Əhədov
4. Elşad Aşur oğlu Ağayev
5. Maqsud Həsən oğlu Əhədov
6. Ədalət Hidayət oğlu Vəliyev
7. Simran Siyab oğlu Rzayev
8. Fuad Sərhət oğlu Həsənov
Əlbəttə, Novruz Novruzov "Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" kitabında təkcə adını sadaladığı bu qəhrəmanlarla kifayətlənməyib – Azərbaycanın Qarabağ torpaqlarında şəhid olmuş hər bir masallılı haqqında ayrıca söhbət açmış, oxucuya çatdırmışdır.
Novruz Novruzovun "Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" kitabının ön səhifələrində oxuyuruq:
"Nakam qardaşım Firdovsinin və 19 yaşı tamam olmamış dünyasını dəyişən bacım Reyhanənin
əziz xatirəsinə ithaf edirəm."
"MÜƏLLİFDƏN" qeydlərində oxuyuruq ki, respubilkamızın cənubunda yerləşən Masallı rayonu Azərbaycanın ən səfalı və füsunkar guşəsidir. Planetimizdə olan on bir iqlim qurşağının 9-na Masallı torpağı bürünmüşdür. sahəsi əsasən ovalıq, qismən dağlıqdır. Gündoğanda onun ətəklərini Xəzərin mavi suları yuyur. Günbatanda rayon öz kürəklərini Talış sıra dağlarına söykəyir. Qalası, Yanardağı, İstisuyu, nadir ağaclarla zəngin meşələri, mineral bulaqları var Masallının.
Masallı torpağı çox qədim tarixə malikdir. Aparılan arxeoloji tədqiqatlar və yazılı mənbələr göstərir ki, Masallının ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışdır. Bu diyar antik dövrdə Manna, Atropaten dövlətlərinə, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinə daxil olmuşdur. XVI-XVIII əsrin ortalarına qədər Masallının indiki ərazisi Səfəvilər dövlətinin tərkibində olmuşdur. XVIII əsrin ortalarında yaranan Talış xanlığı bu ərazini də əhatə etmişdir.
XIX əsrin ortalarında Astara, Lənkəran, Lerik, Masallı, yardımlı və Cəlilabad rayonlarının ərazisi Lənkəran qəzası adlanırdı. 1930-cu il sentyabrın 8-də Masallı inzibati rayonu yaradılmışdır. Ərazisi 792 kvadrat kilometrdir. Hazırda rayonun əhatə etdiyi 110 kənd, bir qəsəbə və şəhərdə 180 min nəfərə yaxın əhali yaşayır. Rayonda hər kvadrat kilometrə 200-225 nəfər əhali düşür ki, bu da dünya əhalisinin sıxlığından 7 dəfə, respubilkadakından 3 dəfə çoxdur. Masallı rayonu əhalinin hər kvadrat kilometrə düşən sıxlığına görə az qala Çin Xalq Respubilkasına çatmışdır.
Viləşçay subtropik zonanın yeganə iri dağ çayıdır. Tarixi mənbələrdə Viləşçayın adı eramızdan əvvəlki minilliklərdə çəkilir. Eramızın 90-168-ci illərində yaşamış yunan coğrafiyaşünası Ptolomey Xəzər dənizinin xəritəsini çəkərkən Viləşçayının Qızılağac körfəzinə töküldüyü göstərmişdir. Mənbəyini Yardımlı və Lerik rayonlarının ərazisindən, Talış silsilə yamaclarından götürür. Uzunluğu 115 km, hövzəsinin sahəsi 935 kv.km-dir. 1979-cu ildə su ilə Masallıda Viləşçay su dəryasının bünövrəsi qoyulmuşdur.
Masallı yeraltı və yerüstü sərvətlərlə də zəngindir. Onun İstisuyu əsrarəngiz gözəllik guşəsidir. Ana təbiətin memar əli ilə yaradılmış İstisu möcüzəsi ulu keçmişimizin bizə yadigar qoyduğu ən qiymətli sərvətlərindən biridir. İstisu rayon mərkəzindən 10 kilometr aralı, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşən təbii şəfa ocağıdır. Masallı İstisuyu yel, oynaq, əzələ, əsəb sistemi, bir çox dəri, habelə mədə-bağırsaq və qadın xəstəliklərinin əvəzsiz loğmanıdır.
Yeri gəlmişkən: "İldırım" firması Masallı İstisuyunu sponsorluğa götürmüşdür.
Masallı meşələrinin ümumi sahəsi 16, 4 min hektardır. Dağlıq və dağətəyi hissə enliyarğaqlı palıd, fıstıq, nil, vələs, Hirkan meşələri dəmirağacı, şabalıdyarpaq palıdla örtülüdrü.
Masallının təsərrüfat həyatı çoxsahəli və rəngarəngdir. Əsas təsərrüfat sahələri tərəvəzçilik, çayçılıq, üzümçülük, heyvandarlıqdır. Masallı taxılçılıq rayonu olmasa da son illərdə taxıl istehsalı və dövlətə satışında respubilkada öncül rayonlardan sayılır. Bu gün Masallıda ciddi, demokratik islahatlar gedir. Torpaqlar payı bəlli formada kəndliyə verilir. Rayonda 7200-dən artıq kəndli (fermer) təsərrüfatı yaradılmışdır ki, burada 130 mindən çox adam işləyir. Bu yolla rayonda işsizlik aradan götürülür.
Mal-qaranın orta bazar qiymətinə vətəndaşlara satılması sahəsində təsərrüfatlar daha çox gəlir götürüb. Əldə olunan vəsaitin 70 faizi ilə ssuda və dövlət borclarının, 30 faizi ilə əmək haqqı borclarının ödənilməsi iqtisadi, sosial gərginliyi ardan qaldırıb.
Azərbaycan respubilkasının prezidenti Heydər Əliyev aqrar islahatlara həsr olunmuş müşavirlərdə çox yüksək qiymət vermişdir. Bu qiymət rayon əhalisinin daha da ruhlandırmış, onların işgüzarlığını qat-qat artırmışdır.
1941-1945-ci illər arasında Vətənin göylərini qara buludlar alanda Masallıdan da müqəddəs savaşa gedənlər çox olub. Yüzlərlə Masallı vətənpərvəri Böyük Vətən Müharibəsində misilsiz şücaət və igidlik göstərib, orden və medallarla təltif olunub. Cəbhəyə getmiş 10914 nəfərdən 4248 nəfəri qayıdıb. 1573 nəfəri itgin düşmüşdür. Cəsur igidlərimiz Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmiş.
Müharibədən zəfərlə qayıdanların çoxu artıq öz dünyasını dəyişib.
44 il sonra isə...
Novruz Novruzov "Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" kitabının "MÜƏLLİFDƏN" bölümünün axırını belə bitirmişdir:
"Masallı oğulları Vətən müharibəsinin ilk günündən silaha sarılaraq erməni işğalçılarına qarşı müqəddəs vuruşa qalxmışlar. Döyüş bölgələrində 5 minə yaxın həmyerlimiz vuruşub. Onların igidliyi, cəsurluğu həmişə bu torpağa başucalığı gətirib. 146 nəfər həmyerlimiz torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, 30 nəfərə yaxın itgin düşüb, 500 nəfərdən çoxu yaralanıb. Onların xatirəsi həmişə əziz tutulur. 3 nəfərə Azərbycanın Milli qəhrəmanı adı verilmiş, 3 nəfər "Azərbaycan bayrağı" ordeninə layiq görülmüş, 60-dan artıq şəhidin adı təhsil aldıqları məktəbə, 20-dən çoxunun adı isə küçə, soxvoz, çay fabrikinə verilmişdir. Masallıda şəhidlər muzeyi və güşələri yaradılmışdır. Hər üç Milli Qəhrəmanın büstü doğulduğu kəndin görkəmli yerində qoyulmuşdur.
Birinci kitabımda 90 nəfər şəhid haqqında bioqrafiq məlumatlarla yanaşı onların döyüş şücaətlərindən də söhbət açmışam. Əlbəttə kitabın həcmi şəhidlər barədə geniş danışığa imkan vermir. Səfəralı, Elşad, Siyavuş, Bəyalı, Bəxtiyar, Firudin kimi oğulllarımızın hər birinin qəhrəmanlığı ayrıca bir kitabın mövzusudur. Onların xatirəsinin əbədləşdirmək. hələ neçə-neçə kitablar yazılacaqdır...
Masallı şəhidlərinin əziz xatirəsinə ithaf etdiyim ikinci kitabda daha 46 eloğlumuzun igidliyindən bəhs olunur. Onların keçdiyi döyüş və həyat yolu haqqında məlumat və oçerkləri sizin ixtiyarınız verirəm, əziz oxucular!"
Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,
region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV yazır ki, Novruz Novruzovun "Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" kitabının "ÖN SÖZ" bölümündə Azərbaycan Respublikasının Prezidenti ya nında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kaferasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, həmyerlimiz
Musa Nizam oğlu Quluzadənin qeydləri verilmişdir.
Hörmətli Musa Quluzadə yazır ki, arif ata-babalarımızdan biri belə deyib: "Yolunda ölən varsa, ora vətəndir".
Tarixə nəzər salsaq görərik ki, tarixin hər bir səhifəsində Azərbaycan adlanan bu dilbər guşəyə, bu əsrarəngiz diyara uzaq və yaxınlar həmişə qısqanc bir acgözlüklə, kinli həsədlə baxıblar. İmkan düşən kimi də yurdumuza yürüş ediblər. Ancaq həmişə də burunları ovularaq geri qayıdıblar. Bu torpağa daim göz tikən, həsəd gözündə qovrulub yananlardan biri, bəlkə də, birincisi heç bir yerdə bənd tuta bilməyən, harda yaşayırsa oranı vətən sayan haramzada, zatıqırıq ermənilərdir. Ermənilər tarix boyu böyük dövlətlərin, imperiyaların əlində maşa olubdur. Bu maşa da onlar həmişə öz mənafeələri üçün istifadə ediblər...
1988-ci ildə belə oldu. Dünya erməni lobbisinə və əli nahaq qana batmış havadarlarının gücünə arxalanan erməni daşnakları Dağlıq Qarabağımızı Azərbaycandan ayırmaq fikrinə düşdülər. Azərbaycanın hər guşəsindən oğul və qızlarımız vətəni müdafiyəyə qalxdılar. Vətənin müdafiəsinə ilk qalxanlar sırasında masallılarda vardı. Axı Vətən torpağının harda olmasından asılı olmayar onun hər qarışı hamınındır.
Masallıdan olan döyüşçülər ilk gündən cəbhələrdə igidliklə vuruşublar. Onlardan xeyli şəhid olanlar, itgin düşənlər, yaralanlar oldu. Əlbəttə, şəhidlik zirvəsinə yüksələnlər təkcə bir ailənin, bir ocağın yox, bütöv bir elin dərdi, kədəridir. Ovundurucu odur ki, şəhidlərimiz unudulmur, onların xatirəsinə abidələr ucaldılır, kitablar yazılır. Bu mənada masallılar həmyerliləri Novruz müəllimə minnətdar olmalıdırlar. Bu ışıqlı ziyalı, istedadlı tarixci öz rayonu, onun adamları üçün daim qurub yaratmaq arzusu ilə yaşayır. Bir neçə il bundan öncə, Novruz müəllimin yazdığı "Masallı" adlı kitabına ön söz yazmışdım.
Bu, Novruz müəllimin şəhidlərə həsr etdiyi ikinci kitabıdır. O bu kitabı yazmaqla vətəndaşlıq borcunu layiqincə yerinə yetirmişdir. Mənə elə gəlir ki, müəllifin bu kitabı öz tutumuna, yazı manerasına görə çox samballıdır. kitabı oxuyanda hiss edirsən ki, müəllif hər bir şəhid haqqında danışanda sanki öz doğma kədərini yaşayır.
Bu kitab dünyada çox az yaşamış. öz canlarını fəda etmiş, ölümləri ilə ölümsüzlük, əbədilik qazanmış cəsur oğullar haqqında əbədiyyat simfoniyasıdır. Kərbəlayi Novruz Novruzovun tədqiqatcı zəhməti, yazıçı duyumu və vətəndaşlıq məsuliyyəti ilə ilə qələmə aldığı bu kitab Vətən qarşısında müqəddəs borcunu mərdliklə, öz həyatı bahsına yerinə yetirən şəhid oğullarımızın əziz xatirəsinə layiqli əbədi abidədir. Şəhidlər haqqında yazılan hər bir kitab bizim üçün "Quran kimi əzizdir, müqəddəsdir, unudulmazdır." Müəllif olduqca lakonik bir dillə gözü yolda, qulağı səsdə olan ata-anaların, bacı-qardaşların, gəlinlərin ürək ağrılarını öz qəlbindən, varlığından keçirərək hər bir şəhid haqqında real faktlardan söhbət açır.
Bu kitab təkcə masallılar üçün yox, bütün Azərbaycan oxucusu üçündür. Novruz müəllimin bu kitabı illər keçsə də mənəvi uzunömürlük gətirəcəkdir. Mən əminəm ki, Novruz Novruzovun faktik materiallar əsasında yazdığı bu kitab gələcəkdə yaranacaq daha böyük əsərlərin ən etibarları ilk qaynağı olacaqdır.
"Vətəni qoruyan oğullar (Masallı şəhidləri)" kitabı geniş oxucu auditoriyası üçündür.
MƏRHUM ÜƏLƏM DOSTUMUZ NOVRUZ NOVRUZOV MASALLI ŞƏHİDLƏRİ HAQQINDA TARİXİ KİTAB YAZMAQLA ÖZÜ DƏ ƏBƏDİYYƏTƏ QOVUŞMUŞDUR, ƏBƏDİ ABİDƏ YARATMIŞDIR.BU KİTABIN QƏHRƏMANLARI KİMİ O DA XATIRLANIR HƏMİŞƏ...