Əlaqə Arxiv
news Image
2014.06.05
12:30
| A A A
Novruz Xoşbəxt şerlərində yaşayır, xatırlanır...

Novruz Xoşbəxt (Abdullayev Novruz Məmmədəli oğlu) 1932 ildə Masallı rayonunun Musaküçə kəndində anadan olub. 

1961-ci ildə BDU-nun filologiya fakültəsini bitirdikdən sonra uzun müddət Masallının Sərçuvar və doğma kəndi Musaküçədə, orta məktəblərdə dil-ədəbiyyat müəllimi işləyib.

Bu sətirlərin müəllifi onu uşaqlıqdan tanıyırdı.Ədəbi yaradıcılığa gənc yaşlarından başladığından ilk "Çayçı qızlar" adlı şeiri 1957 -ci ildə "ÇAĞIRIŞ" Masallı rayon qəzetində çap olunub. Qeyd etmək yerinə düşərdi ki, 

"Azərbaycan xalq mahnıları və oyun havaları" kitabında 

onun şifahi xalq ədəbiyyatımızdan topladığı bəzi nümunələri verilmişdir.



"Arumun çiçəkləri" adlı şerlər toplusu kitab halında çap olunmaq üçün müəllif tərəfindən 1980-cı ildə Bakının "Yazıçı" nəşriyyatına təqdim edilsə də, 1986-cı ildə vaxtsız gələn ölüm buna imkan vermədi. Hamının tanıdığı Novruz Xoşbəxt bu vəfasız həyata əbədilik göz yumdu.Amma, idi o, şeirlərində yaşayır, xatırlanır...

Kitabda oxucular həmyerlimiz, mərhum şair Novruz Xoşbəxtin yeni şeir və poemaları ilə tanış olacaqlar. Bu şeir və poemalarda sirli-sehirli duyğular, doğma Azərbaycanımızın bəxtiyarlığı yüksək sənətkarlıqla dilə gətirilmişdir...

QƏLB YADİGARI "Arzumun çiçəkləri"ndə şairin oğlu İLHAM ABDULLAYEVİN "Qəlb yadigari" (səh. 6) verilmişdir.

- Bir oğul kimi atamın 70 illiyi ilə əlaqədar onun nakam arzusunu yerinə yetirdiyim üçün özümü xoşbəxt sayıram. Ən böyük arzularımdan biri də onun növbəti qəlb yadigarını - ikinci kitabını nəşr etdirməkdir. kitabın mündaricatı XVİ fəsildən ibarətdir –

İlham belə deyir...

  Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV yazır ki,  ƏLİSƏMİD KÜR və MÜBARİZ MƏSİMOĞLU HƏMYERLİMİZ ŞAİRİN ŞEİRLƏRİNƏ "ŞEİRLƏRİ ÜRƏYİNDƏN SU İÇƏN ŞAİR" ADI VERMİŞLƏR. Onlar qeyd edirlər ki, "Arzumun çiçəkləri" kitabının əlyazmasını oxuduq və bir də onda ayıldıq ki, kitabın içindəki yazılar əməlli-başlı başımızı qatıb, vaxtın necə keçməsindən xəbərimiz olmayıb. Kitabın müəllifi şair taleyi yaşayan namuslu bir kənd müəllimidir. Çox təəssüflər olsun ki, o müəllimin - Novruz Xoşbəxtin imzası geniş ədəbi ictimaiyyətə hələ də bəlli deyil. Şair bu fani dünyada çox az yaşayıb, cəmisi 52 il. O, 28 il bundan əvvəl 1986-cı ildə dünyasını dəyişib.

Bu kitab şairin oğlu İlham Abdullayevin sayəsində həyata vəsiqə alır...

Novruz Xoşbəxt kimdir sualına öz şeirlərinin birində belə cavab verir:

Dərin-dərin dəryaların

Sinsəsində uzanan

mərd körpüsüyəm,

qeyrət körpüsüyəm.

Tufanlar qopsa da,

dağılmaram mən.

Qorxma, heç məndən,

yıxılmaram mən.

Qayalardan sızan,

sərin bulağam.

Nəğməsi, çeşməsi,

dərin bulağam.

Dirilik suyuyam,

Şirin bulağam.

Yorulmaq bilmədən

çağlayaram mən,

Qorxma, iç məndən,

Səni vətənə

bağlayaram mən.


Bizə də elə gəlir ki, bundan sonra heç kim şair Novruz Xoşbəxti belə şairanə tərzdə təqdim edə bilməyəcək.

Çünki o, 20 sətirlik bir şeirdə özünün kimliyi barədə çox dolğun məlumat verib. Novruz Xoşbəxt dərin müşahidə qabiliyyətinə malik olub. 

Az sözlə çox mətləbləri ifadə etməyi, sətirləri bir-birinə bağlamağı və vaxtında nöqtə qoymağı bacarıb. özünün yaxından tanıdığı adi insanların portretini, təbiətin peysajını təsvir etməkdə mahir olub.

Əsərlərindən görünür ki, doğulduğu doğma kəndin yaxşı və yaman vaxtları fikir və xəyalından heç vaxt silinməmiş, ürəyinin dərinliyində əzablı duyğular oyatmışdır. "Anasının öpüşündən tutmuş. kiçik Xanbabaya qədər" hər şeyi yadında saxlamışdır:

O qədər öpərdi, anamız hər gün,

Öpüşdən üzümüz kökə olardı.

Vurğunu olmuşduq yer ilə göyün,

Kəpənək tutmaqdan ləzzət alardıq.

Qaçardıq baharda göy çəmənlərdə,

Lalə tək alışıb çöldə yanardıq.

Bir ətir duyardıq yasəmənlərdə,

Biz üfüqlər kimi alovlanardıq.

Şeirlərindən hiss olunur ki, Novruz Xoşbəxt hisslərlə, şeirlərlə yaşayan bir adam olub. Daxilən zəngin, bütöv adam olan Novruz Xoşbəxt adi bir laqeydlikdən həyacanlanır:

Tutursan tut, mərd əlindən,

Dar günündə kara gəlsin.

Günəş olsan yenə heçsən,

Namərdlərin arasında.

Sevinəndə isə sevinci yerə-göyə sığmır:

Buludun camalı,

İnsanın kamalı, 

Mərdin namərdi,

Əzməyi gözəldir.

Novruz Xoşbəxtin şeirlərində sönməz bir alov. işıq var - xalq ruhu. şairin torpağa, vətənə bağlılığından yaranıb bu ruh. O, dünyasını 1986-cı ildə dəyişsə də Azərbaycanın müstəqil olacağına inanırmış:

Odlar yurdu Azərbaycan,

Sən parladın hünər ilə,

Səadətdən, cəsarətdən,

Qüdrət alan səhər ilə.

Novruz Xoşbəxtin şeirlərində yurdumuzun gözəl, incə, real lövhələrini görəndə hiss edirsən ki, əgər o bir şair kimi hələ uşaqlıqdan bu mənzərələri iti hafizəsilə zehninə həkk etməsəydi, bu qədər rəngarəng təbiət təsvirlərini, kənd həyatının gözəlliklərini tərənnüm edə bilməzdi:

Bülbül nəğməsindən məst olur bağlar,

Qızılgül başına qızıl tac qoyur.

Söhbət elədikcə yaşıl yarpaqlar,

Ürəyim ən ülvi bir şer duyur.

Yaşadığı 52 il müddətində 40 il yaradıcılıq təcrübəsinə malik olan Novruz Xoşbəxt elə bir bədii xəzinə yaratmışdır ki, onun incilərini sayıb-sadalasaq uzun bir siyahı alınar.

Novruz Xoşbəxt hər şeydən əvvəl, narahat şairdir. Və bu narahatlıq onun şeirlərində çox tez hiss olunur:

Meşədə tüfəng atma,

Turac səksənə bilər,

Kəklik perikə bilər,

Ağac diksinə bilər.

İndi Azərbaycanda şairlər çoxalıb. Qəzet və jurnalları, kitabları vərəqləyib şeirlərini oxuduqca hiss edirsən ki, yaxşı şair çox azdır. həyatda olmasa da şeirləri yaşamaq eşqinə qol-qanad verən Novruz Xoşbəxt isə həqiqətən yaxşı şairdir. Özü də heç vaxt mübarizə əzmi qırılmayan, ümidini itirməyən şair:

Şəfəqdən yanardı,

Zülmətdən doğulmadı

ümidim.

atdılar dənizlərə,

Boğulsun, boğulmadı

ümidim.

Novruz Xoşbəxtin yaxşı cəhətlərindən biri də tarixi müasirlik qədər oxucuya çatdıra bilməsidir. Keçmişə görə əzab çəkmək, ona bu günün gözüylə baxmaq şairin mövzu dairəsinin genişliyindən və zənginliyindən xəbər verir:

850 il! sənətə bir bax,

Böyük bir ürəyin səsi duyulur.

Neçə müstəbidi udubdur torpaq,

Əcəmi bu gün də ucada durur.

Neçə sarayları dağıdıb zaman,

Neçə qayaları tufanlar yıxıb.

Ancaq şimşəklərdən, fırtınalardan,

Əcəmi sənəti müzəffər çıxıb.

Böyük ürək. qəlb sahibi olmuş Novruz Xoşbəxt 52 il həqiqətən özünəməxsus gözəl şeirlər yaratmışdır. Bu onun yana-yana, böyük məhəbbətlə yaratdığı şeirləri və poemalarıdır ki, indi birinci kitabına çevrilir.

Novruz Xoşbəxt şeirlərində vətənpərvərdir. Sözün yaxşı mənasında aqil sənətkardır:

Yanır vətənimin sönməz şöləsi,

Babək qalasının divarlarında.

Harda səslənirsə vətən nəğməsi,

Qanım tüğyan edir damarlarında.

Maraqlıdır ki, Novruz Xoşbəxt şeirləri ilə gələcəyə uçmaq üçün əvvəlcə keçmişə boylanır, öz bədii obrazını keçmişdə axtarır və buna nail ola bilir:

Çəkib qılıncını qəzəbləndi xan,

Qırz gözəl ceyran tək kəməndə düşdü.

Zülmündən diksindi birdən Ərkivan

Xeyirli torpqağı şərlə görüşdü.

Novruz Xoşbəxt satiraya bir sənət kimi yanşır və onun köməyi ilə tənqid obyektini ifşa etmək istəyir. Hiss olunur ki, o satirik şeirlərində də zəif şair olmamışdır:

Tülküdür, çox cibləri,

Öz cibinə ələyir.

Hər kəs ilə görüşsə,

Elə xəstəyəm deyir.

Bir papiros tüstüsü,

Əgər ötsə yanından.

Deyər- uzaq dayanın,

Axı xəstəyəm, aman!

Novruz Xoşbəxt həqiqətən şair təbiətli insan olub. Şeirləri də onun yüksək insani xüsusiyyətlərinin acılı-şirinli əks-sədalarıdır:

Sevincdən yaranır,

Kədərdən yaranır,

Gecədən yaranır,

Səhərdən yaranır

şeirlərim.

"Müctəba müəllimin nağılı" şeirində şairin təsvirinə diqqət yetirək:

. . .41 dən 45-ə qədər cəbhələrdən,

aralanmadım.

Ancaq itirmədim heç vaxt

Vətən adlı

ümidimi,

pənahımı,

dayağımı.

Bir ayaqlı qayıtdım kəndə,

Dedilər, bəs bir ayağın hanı?

Dedim bir ayağım Baloton gülündə

döndü qızıl balığa,

Tapşırdım onu mavi sulara

qərib torpağa.

Müctəba müəllimin nağılı burada bitir. Ancaq, görün, şair həmin nağılı necə davam etdirir, necə şirinləşdirir.

Bir ayağı ilə çiyinlərində,

Səmanı qaldırırdı

Müctəba müəllim.

Şagirdlərin qəlbinə

günəşi doldurardı

Müctəba müəllim.

İki ayaqlı doğulmuşdu,

bir ayaqlı köçdü bu dünyadan.

Ancaq o, ölmədi,

ölərmi dünyada

cəsarətdən, hünərdən yaranmış

qəhrəman bir insan?!

ƏLİSƏMİD KÜR və MÜBARİZ MƏSİMOĞLU yazırlar:

"Novruz Xoşbəxt mövzunun nəbzinə uyğun ritmi tutmağı, ölçünü seçməyi bacaran şair olub. "Baba dağ" şeirində olduğu kimi:

Sinəsində çağlayan şəfəq selinə bax bir,

Muğayat ol, aşarsan dibsiz dərələrə sən.

Dəli küləklər olar sərt qayalardan əsir,

Geyinər paltarını əlvan qövsi-quzeydən.

Torpağın qucağında o qədər ucalıb ki,

Dibindən boylananda görünməyit zirvəsi.

Başının üzərini elə səma alıb ki,

Gizlidir Baba dağın qoynunda xəzinəsi.

Yazda coşan çayları qayaları çeynəyər,

İldırımlar qopanda, yaraları göynəyər.

O, heca vəzninin bütün ölçülərində, sərbəst şeirdə, əruzda qələmini sınaqdan keçirib.

Ancaq heca vəznində, sərbəst şeirdə daha çox uğur qazanıb. Daha doğrusu, bu formalarda daha çox təzə söz deyib fərdliyini qoruyub saxlayıb:

. . . Aslanı meşədə, mərdi meydanda,

Qaya dözmünü dəli tufanda.

Ceyran sürüsünü Mildə, Muğanda,

Şeiri qara xallı yanaqda axtar.

Əsən küləklərin dili var imiş,

Kirkrəyən çayların seli var imiş,

Hər işdə zamanın əli var imiş,

Payızı saralan yarpaqda axtar.

. . . Qürbətdə qalsan da füzuli kimi,

Vətənlə səslənsin qəlbinin simi.

Gəzib dolansan da əgər aləmi,

Özünü bu doğma oylaqda axtar.

Novruz Xoşbəxt şeirləri ürəyindən su içib. Bu hər şairə qismət olur.

...Hər şerim yazılanda,

Başıma qar qağıbdır.

Ruhumda, varlığımda,

İldırımlar çıxıbdır.

Yuxusuz gözlərimlə

Çox açmışam səhəri.

Çılpaq çiyinlərimlə,

Qaldırmışam göyləri

Şeirlərim su içib

Ürəyimin qanından.

Onları vicdan əhli

Tapdalamaz heç zaman.

Novruz Xoşbəxt şeirlər nəfəs alıb, ürəyi sözlə dolu olub. Bu dünyaya bir kitablıq samballı söz deyib. bu söz elə-belə söz deyil. Və bu söz adamı yormur, əksinə yorğun adamın ruhunu oxşayır. Bu, sözün öz ətri, öz rəngi, öz dadı var. Biz bu kitabı oxuyanda ətrini ciyərlərimizə çəkdik. O rəngi sevdik, o dadın dadı damağımızda qaldı. O ətir o rəng o dad haqqında qəsdən çox danışmadıq, bilə-bilə çox yazmadıq! Çünki qənaətimiz budur ki, o ətirə, o dada, bələdçi lazım deyil. O ətir, o rəng, o dad özünə lazım olan ünvanı axtarıb tapmağa qadir ətirdir, rəngdir, daddır.

Ruhu şad olsun!"

Bakının "Adiloğlu" nəşriyyatşnda çapdan çıxmış "Arzumun çiçəkləri" adlı kitabın redaktoru Mikayıl Yaqubzadədir.

Aşağıda məşhur həmyerlimizin bir neçə şeirini dəyərli oxucularımıza təqdim etməyi özümə mənəvi borc bildim:

AZƏRBAYCAN (Fevral, 1980)

Salam olsun səhərinə,

Salam olsun gündüzünə!

Salam olsun kəhkəşandan,

Nurlar alan gül üzünə!

Odlar yurdu Azərbaycan,

Sən parladın hünər ilə!

Səadətdən, cəsarətdən,

Qüdrət alan səhər ilə.

Salam olsun çöllərinə,

Salam olsun ellərinə.

Salam olsun ömrümüzün,

Saralmayan tellərinə.

Salam sənə, mən sinəndə

Bu dünyanı dərk edirəm.

Vuruşlarda, döyüşlərdə,

Ürəyimi bərkidirəm.

Salam olsun, Azərbaycan,

Sənin ulu şöhrətinə.

Namusuna, ismətinə,

Sarılmayan millətinə.

Salam olsun, Azərbaycan,

Vurğununa, Rüstəminə.

Salam olsun şeir dolu,

Nəğmə dolu aləminə.

DOĞMA KƏNDİM

Qoynun işıqlıdır kəhkəşan kimi,

Səndə cəlalım var, şeiriyyətim var.

Üfiqlər günəşə boyanan kimi,

Camalın lalə tək alışıb-yanar.

Baharda güllərin yanaqlarında,

Parlayan şeh deyil, sanki gülabdır.

Can dərmanı bitir torpaqlarında,

Müdrik qocaların canlı kitabdır.

Adın Musaküçı, amalın uca,

Kitaba sığmayan şöhrətin vardır.

Zaman sovuşduqca, dünya durduqca,

Bitib-tükənməyən sərvətin vardır.

Səndə körpəliyim qanad açıbdır,

Ömrümün solmayan ilk baharısan.

Çörəyin ruhuma işıq saçıbdır,

Şeirimsən, nəğməmsən, laləzərımsan.

BALIQÇI İŞLƏRDİM (1974)

Balıqçı işlərdim bir vaxt Xəzərdə

Nəğməm göy sularla qucaqlaşardı.

Sevincim qarışıb ağ ləpələrə,

Qumlu sahillərdə aşıb-daşardı.

Qəlbimdə cəsarət, alnımda vüqar,

Mənim dalğalardan qorxum yox idi.

Sanki Xəzərdəki bütün balıqlar,

Mənim hünərimə əhsən deyirdi.

Balıqçı dostlarım özbək, belarus...

Bir dostluq mehrindən yarndı onlar.

Xoşbəxtdir Xəzərin göy sularında,

Məğrur qartal kimi qanadlanalar.

Dolanda torumuz balıqlar ilə,

Uçmaq istəyərdik qağayılar tək.

Elə bil alovlu arzularımız,

Suların qoynunda açardı çiçək.

Dostlar arasında mənim də yerim.

Mənim də arzular dənizim vardı.

Dənizdə fırtına haray salanda,

Qəlbimdə bir qızın eşqi yanardı.

SƏNSİZ

Bakı gecələri, tənha bir otaq,

Qərib bir xəyala dalmışam sənsiz.

Ulduzlar gözümdən düşübdür uzaq,

Elə bil zülmətdə qalmışam sənsiz.

Gah yanan, gah sönən vulkan kimiyəm,

Varlığım titrəyir həsrətin ilə.

Sinələr dağlayan hicran kimiyəm,

Səbr edə bilmirəm möhnətim ilə.

Əgər qanad açıb sənə qovuşsam,

Sanki qovuşaram mən günəş ilə.

Qəlbim uşaq kimi olmayır aram,

Odlanır ürəyim min atəş ilə.

Dağlar ağırlığın salıb çiynimə,

Buludlar üstümə leysan yağdırır.

Sənsiz bir saatım dönübdür ilə,

Qəlbim alovlanıb səni çağırır.



Sizin Reklam Yeriniz