news Image
2014.09.15
16:15
| A A A
Bakıda Türkiyə Caz Festivalı keçiriləcək

Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Bakıda Türkiyə Caz Festivalı keçiriləcək.

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycanda fəaliyyət göstərən türkiyəli sənətçi Oya Ergünün koordinatorluğu ilə baş tutacaq festival oktyabrın 10-dan 17-dək davam edəcək.

Fərqli məkanlarda keçiriləcək tədbirdə dünyanın bir neçə festivallarında iştirak etmiş altı tanınmış türk qrupu Azərbaycanda konsert verəcək. Festivalda həmçinin "Türkiyədə Caz" adlı film təqdim ediləcək.

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun bildirib ki, Türkiyə Azərbaycanla tarixi qardaşlıq əlaqələrində sənət və mədəniyyət münasibətlərinə böyük önəm verir: "İncəsənət sahəsində, xüsusən caz daxil olmaqla musiqisi dünyada hörmətlə tanınan Azərbaycanda bu fəaliyyəti təşkil etmək bizim üçün böyük qürurdur. Ümid edirik ki, festival azərbaycanlı qardaşlarımızın xoşuna gələcək".

Festival çərçivəsində bütün konsertlərə giriş pulsuz olacaq.